Ukrayna XİN Rusiyaya iki nota təqdim edib
Rusiya Federasiyasının Ukraynada müvəqqəti işlər vəkili Andrey Vorobyov bu gün Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və Ukrayna XİN rusiyalı diplomata iki nota təqdim edib.
Birinci notada Ukrayna tərəfi iki ölkə arasında 1997-ci il mayın 31-də imzalanmış Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin 7-ci maddəsinə uyğun olaraq təxirəsalınmaz ikitərəfli məsləhətləşmələr keçirilməsini istəyib. İkinci notada isə Ukrayna ərazisində müvəqqəti yerləşmiş RF Qara dəniz donanmasının hərbi birləşmələrinin öz dislokasiya yerlərindən kənarda hərəkət etməsinə son qoyulması xahiş olunur.
Vorobyovla görüşdə ayrıca qeyd olunub ki, Rusiya Federasiyası 5 dekabr 1994-cü il tarixli Budapeşt Memorandumuna əsasən Ukraynanın müstəqilliyi, suverenliyi və mövcud sərhədlərinə hörmət etmək barədə üzərinə öhdəlik götürüb.