Ukrayna təhlükəsizlik orqanlarında və orduda çoxlu Rusiya casusunun yuva qurduğu güman edilir
Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsinin bəzi komandirləri vəzifədən kənarlaşdırılıb və onlar haqqında cinayət işi qaldırılıb. Ukrayna Prezident Administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən Sergey Paşinski deyib ki, Baş Prokurorluq antiterror əməliyyatı zamanı əmrləri yerinə yetirməkdən və atəş açmaqdan imtina edən “Alfa”nın 3 komandirinə qarşı cinayət işi açıb. O, “Alfa”nın bütün rəhbərliyinin işdən uzaqlaşdırıldığını və onlar barəsində xidməti təhqiqat aparıldığını söyləyib.
Paşinski hazırda Daxili İşlər Nazirliyi sistemində rotasiya həyata keçirildiyini qeyd etsə də, təəssüflə vurğulayıb ki, Donetsk və Luqansk vilayətlərində çalışan, əksəriyyəti qeyri-peşəkar olan və korrupsiyaya qurşanmış 4 min milisin tezliklə dəyişdirilməsi mümkün deyil. Bu səbəblə ölkənin bütün vilayətlərində (27) ərazi müdafiə taborları yaradılması qərara alınıb. Hazırda separatçıların ən aktiv olduğu Donetsk və Luqansk vilayətlərində bu taborlar 3 min nəfərdən ibarət olacaq. Taborlar Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərəcək və Baş Qərargaha, eləcə də yerli vilayətlərin rəhbərlərinə tabe olacaq.
Ukrayna təhlükəsizlik orqanlarında və orduda çoxlu sayda Rusiya casusunun fəaliyyət göstərdiyi güman olunur. Ukraynanın baş naziri Arseni Yasenyuk Yanukoviçin hakimiyyəti dövründə Ukraynada təhlükəsizlik sisteminin və Silahlı Qüvvələrin məqsədyönlü şəkildə dağıdıldığını bəyan edib.