Ukrayna: sutka ərzində Leninin daha üç heykəlini aşırıblar
Ukrayna acı keçmişdən yaa qurtarmaq istəyir. Kütləvi aksiyaların iştirakçıları tərəfindən sutka ərzində Vladimir Leninin daha üç heykəlinin uçurulmasına bu kontekstdən baxmaq gərəkdir. Rusiya xəbər qaynaqlarına istinadən, fevralın 22-nə keçən gecə Dnepropetrovskda «dünya proletariatının rəhbərinin» heykəli aşırılıb.
Əvvəl isə etirazçılar tros və kəndirin köməyi ilə Leninin Poltava və Çerniqov şəhərlərindəki heykəllərini dağıtmışdılar. Ukraynalıları anlamaq olar: Lenin bir vaxt onların müstəqillik ideallarının üstündən çalın-çarpaz xətt çəkmişdi. Onun qurduğu bolşevik hökuməti isə ukraynalıların taxılını son dənəsinə qədər müsadirə edərək milyonlarla insanı aclıqdan qırmışdı (qolodomor).
Əgər xatırlayırıqsa, sabiq baş nazir Nikolay Azarovun mətbuat katibi Vitali Lukyanenko Kiyevdə Leninin heykəlinin dağıdılmasını manqurtcasına «vəhşilik» adlandıraraq demişdi: «Abidələri təhqir etmək, dağıtmaq vəhşilikdir. Birinci hadisə Əfqanıstanda taliblərin Buddanın qaya üzərində qazılmış təsvirinə atəş açması ilə baş vermişdi. İkinci hadisə isə Avropanın mərkəzində, Kiyevdə oldu».
Azərbaycanın şəhər və kəndləri bu mənfur tarixi personanın heykəlləri ilə az qala 25 ildir «vidalaşıb». Şükür oxumalıyıq.