Ukrayna SQ Krımı tərk etmir, onlar bu ərazini qoruyacaqlar
Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov qismən səfərbərlik haqqında fərman imzalayıb. Turçinov deyib: “Krımdakı təcavüz və Ukraynaya birbaşa hərbi müdaxilə təhlükəsini nəzərə alaraq tərəfimdən qismən səfərbərlik haqqında fərman imzalanıb. Bu fərman parlamentin təsdiqindən sonra qüvvəyə minəcək”.
Ukrayna hökuməti 2014-cü il büdcəsində silahlı qüvvələrin maliyyələşdirilməsinə ayrılan vəsaiti dəfələrlə artırmaq qərarına gəlib. Baş nazir Arseni Yasenyuk ordu üçün nəzərdə tutulan əlavə fonda 6,8 milyard qrivna köçürüləcəyini söyləyib.
Bəyan edilir ki, hazırda Krımda yerləşən Ukrayna Silahlı Qüvvələri yarımadanı tərk etməyəcək. Belə bir bəyanatla Ukrayna parlamentinin “Azadlıq” fraksiyasının lideri Oleq Tyaqnibok çıxış edib. Jurnalistlərin suallarını cavablandıran Tyaqnibok Krımın Ukrayna ərazisini olduğunu bildirib. “Biz bu ərazini qoruyacağıq. Ukrayna ordusu Krımdan getməyəcək”, — deyə o vurğulayıb.
Tyaqnibok Krımda keçirilən referendumun qanunsuz olduğunu bildirərək, onu yalançı sosioloji sorğu adlandırıb.
Dünənki «referendumdan» sonra Krım Ali Şurası muxtar respublikanın müstəqilliyi haqda qərar qəbul edib. Krım parlamentində müvafiq qərara 85 deputat səs verib. Krım parlamenti eləcə də Krımın Rusiya Federasiyasına qəbulu haqda Moskvaya müraciət qəbul edib, Kiyev isə bu parlamenti buraxıb və onun belə bir qərar çıxarmağa səlahiyyəti yoxdur.