Ukrayna Səfirliyimiz: Azərbaycan BMT-də Ukraynanı dəstəkləyəcək
BMT Baş Assambleyasının martın 27-də Ukraynadakı vəziyyətlə bağlı keçirəcəyi iclasında Azərbaycan Ukraynanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə layihəsinin müzakirəsində Ukraynanın mövqeyini dəstəkləyəcək. Bu barədə Azərbaycanın Ukrayna səfirliyi məlumat yayıb. Səfirliyin rəsmi internet saytında yayılan xəbərdə deyilir ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən mövqeyi dəyişməz olaraq qalır. “Azərbaycan tərəfi ekstremizm, radikalizm və separatizmin istənilən formalarını pisləyir və beynəlxalq sülh və təhlükəsizliyin, o cümlədən BMT-yə üzv dövlətlər arasındakı münasibətlərin özəyini təşkil edən suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə dönməz bağlılığını bir daha təsdiqləyir.
Səfirlik bəyan edib ki, Azərbaycan BMT üzv-dövlətləri arasında mövcud bütün münaqişələrin yuxarıda qeyd olunan prinsiplər əsasında siyasi dialoq vasitəsilə həllinin tərəfdarıdır.
Azərbaycan səfirliyi Ukraynanın “İnter” televiziya kanalında martın 26-da xəbərlər buraxılışında jurnalist Dmitri Yevçinin reportajında qeyd olunan xəbərə münasibət bildirərək bəyan edib ki, 24-25 mart 2014-cü ildə Strasburqda Avropa Şurası yerli və regional hökumətləri konqresinin iclasında Rusiyanın Vladimir vilayətinin qubernatoru, Rusiya heyətinin rəhbəri Svetlana Orlovanın guya Azərbaycanın Krımda 16 mart referendumunu tanıdığını və Rusiyanın Krımı federasiya subyekti kimi qəbul etməsini dəstəklədiyi fikri tamamilə əsassızdır. “Əksinə, iclasda iştirak edən Azərbaycan heyətinin rəhbəri, Naxçıvan Ali Məclisinin deputatı Anar İbrahimov Krımın ilhaq edilməsini pisləyən qətnamənin lehinə səs verib.