Ukrayna Rusiyanı uluslararası məhkəməyə verəcək və Krımı qaytaracaq…
Ukrayna ulaslararası məhkəmələrdə Rusiyaya qarşı iddia qaldırmağa hazırlaşır. İTAR-TASS bildirir ki, bu barədə ötən gün Ukrayna XİN rəhbərinin vəzifəsini icra edən Andrey Deşitsa Brüsseldə NATO-Ukrayna komissiyasının iclasında deyib.
“Ukrayna Krımı öz hissəsi hesab edir. Biz BMT Beynəlxalq Məhkəməsi də daxil olmaqla, digər beynəlxalq məhkəmələrdə Rusiyaya qarşı iddia qaldıracağıq. Beynəlxalq ictimaiyyətin geniş dəstəyi ilə Krımı qaytarmaq əzmindəyik”, deyə o bildirib. Bununla belə, onun sözlərinə görə, bu heçdə tez baş verməyəcək.
“Bütün lazımi sənədləri toplamaq üçün bizə zaman gərəkdir. Bizim ekspertlər hazırda iddiaların hazırlanması ilə məşğuldur”, deyə o bildirib.
Andrey Deşitsa vurğulayıb ki, Ukrayna ölkənin federallaşması tələbləri ilə razılaşmayacaq, lakin yerli hakimiyyətlərə daha çox səlahiyyət verməyə hazırdır. Ukrayna heç zaman ölkənin federallaşmasına dair Rusiyanın tələblərinə uymayacaq. Biz sadəcə bölgələrə daha çox səlahiyyət verəcəyik.