Ukrayna: Qorxaq və satqın hərbçilər mühakimə ediləcək
Kramda qeyri-adekvat davranan Ukrayna hərbçiləri yenə də heyrətləndirməkdə davam edirlər. Bu dəfə Dnepropetrovskda… Aleksandr Turçinov bəyan edib ki, qorxaqlıq nümayiş etdirən 25-ci Dnepropetrovsk hava-desant briqadası ləğv ediləcək, hərbçilər məhkəmə qarşısına çıxarılacaq. Aprelin 16-da Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığında silahlarını separatçılara təhvil verən hərbçilər məhkəmə qarşısına çıxarılacaq.
Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında elan edib:
“Mən sizə məlumat vermək istəyirəm ki, əsgərləri qorxaqlıq nümayiş etdirən və silahlarını təhvil verən 25-ci Dnepropetrovsk əlahiddə hava-desant briqadası ləğv ediləcək. Bu işdə günahı olan hərbçilər isə məhkəmə qarşısında cavab verəcək”. Turçinov artıq Müdafiə Nazirliyinə və Baş Prokurorluğa müvafiq tapşırıqlar verildiyini açıqlayıb.
Turçinov aprelin 17-nə keçən gecə Mariupol şəhərindəki hərbi hissənin silahlı quldurlar tərəfindən hücuma məruz qalması barədə də danışıb: “Avtomat silahlar, qumbaralar və içində yandırıcı maye olan şüşələrdən istifadə edərək üç dəfə hücuma keçən cinayətkarlara qarşı əks-hücum təşkil edilib. Nəticədə 3 cinayətkar ölüb, 13-ü yaralanıb, 63-ü sağ ələ keçirilib. Digərləri qaçıblar və hazırda milis tərəfindən təqib olunurlar”.
Ukraynanın daxili işlər naziri Arsen Avakov öz “Facebook” səhifəsində yazıb ki, hərbi hissəyə hücum zamanı 3 nəfər separatçı öldürülüb, 13 nəfər yaralanıb. Avakovun sözlərinə görə, ölən və yaralananlar arasında ukraynalı əsgərlər yoxdur. Nazir qeyd edib ki, hücum edənlərdən 63 nəfər saxlanılıb.