Ukrayna Qarabağ fitnəsinin anatomiyasını indi anlayıb
Azərbaycanla iqtisadi əməkdaşlığın davamı Ukraynanın möhkəmlənməsi işinə Azərbaycanın töhfəsi olacaq. Krımdakı “referendum”a həsr olunmuş dəyirmi masa zamanı Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib ki, əməkdaşlığın davamı Ukrayna üçün yardım olacaq. Səfir ölkəsinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə danışıqlar apardığını bildirib.
“Ukraynadakı münaqişə ilə bağlı rəsmi Bakının ərazi bütövlüyü prinsipi haqda bəyanatı çox vacibdir. Biz dəstəyə görə Azərbaycana minnətdarıq. Oxşar duruma düşdük”,- deyə o vurğulayıb.
Krımdakı duruma gəldikdə isə diplomat qeyd edib ki, Ukrayna Rusiya ilə dialoqu davam etdirəcək: “Biz məsələni BMT Baş Assambleyasında qaldırmağı düşünürük. Əgər baş verənləri norma kimi qəbul etsək, onda nə baş verəcək? Kimsə xəritəyə baxıb Kalininqrad, Kuril adalarını yada salacaq. Biz 22 il əvvəl Azərbaycanda baş vermiş hadisələrin miqyasını anlamırdıq, indi isə oxşar vəziyyətə düşdük. Belə çıxır ki, dövlətlər insanlar kimi öz səhvlərindən nəticə çıxarır”.
Mişşenko Rusiya mətbuatının yalan məlumatlar yaymasından da danışıb. Ukraynada milli zəmində problemlərin yaşandığı haqda iddiaların əsassız olduğunu deyən səfir ölkəsində azərbaycanlılara qarşı iradların olmadığını vurğulayıb. “Bütün bunlar Rusiya kütləvi informasiya vasitələrinin məqsədyönlü təbliğatının tərkib hissəsidir”, — deyə o qeyd edib.
Səfir onu da bildirib ki, hazırda Ukrayna yüksək döyüş hazırlığı vəziyyətindədir: “Əgər insanların həyatına təhlükə olsa, hərbi cavab veriləcək”.