Ukrayna: prezident səlahiyyətləri Turçinova həvalə edildi
Ukrayna Ali Radası fevralın 23-də ölkə prezidentinin səlahiyyətlərinin spiker Aleksandr Turçinova həvalə edilməsinə qərar verib. Bu qərarın lehinə Ali Radanın iclasında iştirak edən 339 deputatdan 285-i səsə verib. Parlamentin qərarına əsasən, Turçinov mayın 25-də prezident seçkilərində yeni dövlət başçısı məlum olanadək bu vəzifəni icra edəcək. Buna qədər artıq baş nazir postu da Turçinova həvalə olunub. O, yeni hökumət formalaşanadək Nazirlər Kabinetinin işinin koordinasiyasını həyata keçirəcək. Turçinov artıq yeni kabinetin fevralın 25-dən gec olmayaraq formalaşdırılması tələbi ilə çıxış edib.
Həbsdan çıxdıqdan sonra Yuliya Timoşenko prezidentliyə namizəd olacağını istisna etməyib. Yanukoviç isə faktik olaraq qeyri-leqal vəziyyətə keçib.
Ukraynanın “Espreso TV” internet televiziyasına istinadən verdiyi xəbərə görə, ölkədə hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq, insanlar meydanı hələ də tərk etməyiblər.
Bu gün səhərdən isə Ukrayna Ali Radasının iclası başlayıb. İclası Radanın vitse-spikeri Ruslan Koşulinski açıq elan edib. Deputat Nikolay Tomenko deyib ki, baş nazir postuna Yuliya Timoşenko, Aseniy Yatsenyuk və Petr Poroçenkonun namizədliyi nəzərdən keçirilir.
Ukraynanın rəsmi dövlət agentliyi UNİAN-ın məlumatına görə, deputatlar Oleq Lyaşko və Pavel Petrenko hər hansı cinayət törətməkdə şübhəli bilinən dövlət məmurlarının ölkə sərhədlərini tərk etməsini qadağan edən layihəni Ali Radaya təqdim ediblər. Layihəyə görə, bu sanksiyanın Ukrayna mərkəzi icra hakimiyyəti orqanlarında təmsil olunmuş səlahiyyətli şəxslərə tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin layihədə göstərilib ki, Dövlət Sərhəd Xidməti belə bir cəhd aşkarladığı zaman Ukrayna Ali Radası və hüquq-mühafizə orqanlarını məlumatlandırmağa borcludur.
Bu arada Ukraynada baş vermiş hadisələr zamanı ümumilikdə 82 nəfərin öldüyü, 645 nəfərin isə müxtəlif dərəcəli xəsarət aldığı bəlli olub. Ukrayna Səhiyyə Nazirliyinin rəsmi açıqlamasına görə, xəsarət alanlardan 33 nəfərin vəziyyəti xüsusilə ağır olub.
Rəsmi dövlət agentliyi həmçinin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin iqamətgahının boşaldılmasını əks etdirən kadrları da yayıb.