Uçura-uçura gələnlər
Mən qanunsuz tikililərin uçurulmasını demirəm. Buna münasibətimiz, necə deyərlər, birmənalıdır: bu ölkənin vətəndaşıyam, evim, işim olmalıdır deyə haqqı çatmayan yerdə riskə gedərək öz bildiyincə nəsə tikən-yapan da haqlıdır, bir gün gəlib «filan vaxtdan bura mənim özəl əmlakımdır» deyə sənəd göstərərək onu uçuran da. Mən yox, qanunun maddələri onların hər ikisinə haqq qazandırır. Mənim dediyim başqa bir şeydir — kiminsə mədən ərazisində uçurulan evi, ya sanatoriya ərazisində uçurulan kafesi deyil. Bunların altından çıxmaq olur. Mənim qorxduğum başqa şeydir.
Baxın, Aralıq dənizindən Asiya və Afrikanın içərilərinə doğru şəhərlər gözümüzün önündə bir-birinin ardınca — özü də öz xalqlarının övladlarının əlləri və hikkələri, sağlam məntiq dışında qalan amalları, qayələri ilə viran qoyulur, infrastrukturu darmadağın edilir, sonra onların yenidən dirçəldilmə prosesi başlanırsa da, ora güvənli bir yer olmaqdan çıxır. 60-cı illərin sonlarından başlayaq. 67-ci il savaşında Port-Səid, ardınca Beyrut, Dəməşq xaraba qoyuldu. Misir və Suriya arasındakı bütün şəhərlər xaraba halında idi. 2003-dən bəri İraq şəhərləri bir-birinin ardınca viran edildi. Baş verənlərə Corc Buşun o tərəflərə mifik Armageddonu yaşatmaq niyyətinin bir gerçəyə çevrilməsi prizmasından baxılırdı. Sonra — bizim günlərdə Qəddafi olayında Liviyanın iki mühüm şəhəri — Benqazi və Tripoli odlara qalandı. 80-ci ildən bəri Kabul özünə gələ bilmir. Ruslar 90-cı illərdə Qroznını xaraba qoydular. Bizim günlərdə Suriyada türkmən şəhərləri Hələb, Homs xarabalığa çevrildi. İndi İran hədələnir, bu hədələr gerçəyə çevrilərsə, onun nə qədər şəhəri, Tanrı göstərməsin, bu aqibəti yaşayacaq?
Bunlar təsadüfidirmi? Bunu bəlkə Yozef Şumpeterin «yaradıcı dağıdıcılıq», yaxud «dağıdıcılıqda yapıcılıq» nəzəriyyəsinin ayağına yazaq? Bəlkə bu qlobal bir qanunauyğunluqdur? Dağıdılır ki, sonra daha yaxşı, kreativ şəkildə yenidən qurulsun… Bilmirəm. Bildiyim və gördüyüm odur ki, dağıdılan, viran qoyulan şəhərlərin coğrafiyası mənim balaca ölkəmin az qala sərhədlərinə dirənir və bu tərəflərə doğru «sürünməkdədir»…
Bir vaxtlar fateh Çingiz xan doğudan batıya doğru, içi bizim coğrafiya qarışıq onlarla çiçəklənən şəhəri yerlə bir etdi. Əmir Teymur nə qədər şəhəri məhvə, tənəzzülə məhkum etmişdi ki, onun başkəndi Səmərqənd və Buxaranın ulduzu parlasın və bu iki şəhəri şirazlı bir türk gözəlinin qara xalına bağışlamağa hazır olan Hafizi az qalmışdı o dünyalıq etsin. Ötən yüzildə Hitler batıdan doğuya və Almaniyadan batıya doğru saysız şəhərləri dağıtdı və bu tərəflərdə gəlib Qafqaz dağlarına dirəndi və bizim səmtdə viran qoyduğu sonuncu şəhər Mahaçqala oldu. Bakı bu dağıntılardan ötüşdü. İstanbul başda olmaqla Türkiyənin gəlişmiş şəhərləri də bu qlobal fitnələrdən kənarda qaldı, hərçənd Stalinin İstanbula, boğazlara soxulmaq kimi sərsəm bir planı vardı. Amma Stalin batıya doğru irəlilədikcə alman şəhərlərinə Kiyevin, Minskin, Moskvanın, Stalinqradın, Leninqradın taleyini yaşatdı. İngilislər və amerikalılar Londonun bombardman edilməsinin əvəzini Drezdeni yerlə bir etməklə çıxdılar. Sonra amerikalılar Pörl-Harborun hayıfını daha dəhşətli bir şəkildə çıxdılar: Hirosima və Naqasaki atom bombası ilə külə döndərildi.
Bu dəhşətləri yaşayan dünya ağıllanmış kimi görsənirdi, lakin 60-cı illərdən başlayaraq bu günədək Yaxın Şərqdə cərəyan edənlərin fonunda gördüyümüz xaraba şəhərlər silsiləsi yanıldığımızı deyir. İnsan oğlu qırıq da olsun ağıllanmayıb.
Yadımdan çıxıb, deyəsən 70-ci illər idi — Bakıda beynəlxalq poeziya məclisində bir livanlı ərəb şair dedi ki, onun sevimli Beyrutu «şərqin Parisi» idi, Aralıq dənizinin doğu sahillərində ən iri maliyyə və ticarət mərkəzi idi, indi öz xaraba silueti ilə heç nədir və bu funksiyasını uzun bir zaman üçün itirib.
Təbiət də bir yandan. Gücü böyük şəhərlərə çatmasa da, daşqın və zəlzələ kimi silahları ilə dağıdıcı ikiayaqlıların köməyinə gəlir. O da bir yandan uçurur, işığını söndürür. Güney-Doğu Asiyanın öz ehtişamı ilə bir vaxt gəl-gəl deyən, indi isə daşqınlarda üzən iri şəhərləri… Onlar xəritələrdə varsalar da, pulunu yerləşdirməyə məkan arayanların gözündə daha güvənli şəhər sayılmırlar.
Belə bir fikirlə hardasa razılaşmaq lazım gəlir ki, bizə yaxın bölgələrin çiçəklənən iri maliyyə, ticarət, mədəniyyət mərkəzləri məqsədyönlü bir şəkildə uzun bir zaman üçün sıradan çıxarılır ki, onların varı-varidatı Avropa şəhərlərinə köçsün…
İsrailin və bir-biri ilə rəqabət aparan islam təmayüllü qruplaşmaların əli ilə Beyrut dağıdılanda onun banklarında cəmləşmiş çox böyük kapital kütləsinin yerini Avropa banklarına (şəhərlərinə) dəyişməsinin sovet mətbuatında hallandırıldığı yadıma gəlir.
Şəhərlərin rəqabətimi? Kapitalın rəqabətimi? Daha güvənli yer haradır? — o yerdir ki, orada savaş yoxdur. Yəni Avropa və Amerikanın ulduzu parlayan şəhərləri.
İndi dövlətlərin üstünə açıq-açığına gəlməyə lüzum yoxdur. Əl-Qaidələr, Hizbullahlar, vəhhabilik və sair kimi məqsədi anlaşılmayan məchul qurumlar əbəs yerə yaradılmayıb ki… Onlara bir az maliyyə ayırmaq yetər: Asiya, Afrika, lap elə bizim postsovet məkanının şəhər və kəndlərində küçə-bazarda veyillənən, beyinləri ekstremist ədəbiyyatla qarışdırılmış marginallar kütləsi hazır qüvvədir. Bir az pul ver — dədəsini də satar, xəritədə tapa bilmədiyi ölkələrdə gedib vuruşar da, ölər də.
Hər şey alt-üst ediləndən sonra pərdə arxasındakılar öz xortumlarını enerji qaynaqları ilə dolu olan bu torpaqların altına yeritməkdən ötrü gələcəklər. İraqda və Liviyada necə gəldiklərini gördük. Suriyada da görəcəyik.
Baş verənlərin dövlətlərin enerji qaynaqları, valyuta ehtiyatları üzərində nəzarət uğrunda apardıqları örtülü savaşın gizli tərəfləri olduğuna heç kəs şübhə etmir.
Son zamanlar əl-Qaidə, vəhhabilik mövzusu Türkiyə və Azərbaycan kontekstində ciddi şəkildə hallandırılır. Bu iki ölkənin ətrafında bu mövzuda bir canlanma gözdən qaçmır.
Bizdən tələb olunan — ağıllılıq və dörd göz olmaq.
Necə edək bizim şəhərlərə də Yaxın Şərq şəhərlərinin aqibətini yaşatmasınlar? İstərdim bizim hələ də evcik-evcik oynayan siyasətçilərimiz, düşüncə sahiblərimiz dünyanın bu üzünü də unutmasınlar, arabir boylanıb sərhədin o üzünə də baxsınlar. Tanrı bu gün ulduzu parlayan Bakını, İstanbulu, İzmiri və o biri şəhərlərimizi qorusun. Bilirsinizmi indiyədək onların bu günü üçün nə qədər potensial sərf olunub?
[email protected]