Muəllif:

TV-lərin pərişan halı

Televiziyalardan müxtəlif səviyyələrdə şikayətlənənlər həmişə olub. Onların səsi bəzən eşidilib, bəzən də qulaqardına vurulub. Hərdən çarəsiz görünən TV-lərin problemləri isə tükənmir ki, tükənmir. Belə məlum olur ki, TV-lərdən ərz-hal Azərbaycan gündəminin ehtiyat mövzularındandır. Bəzən heç nədən, bəzən gündəmdə boşluq yarananda, bəzən də ciddi mövzulardan yayınmaq lazım gələndə bu mövzu atılır ortalığa. Amma son bir-iki ildə çox sərhədləri keçdiyindən TV-lərin qarasınca deyinənlərin sayı xeyli artıb.
* * *
Tamaşaçı nədən narazıdır? Deyilənlərdən belə anlamaq olur ki, problemlərinin və qayğılarının çoxaldığı bir vaxtda tamaşaçı TV-lərin timsalında özünə «dərd ortağı» axtarır. Gözünün qabağında cərəyan edən ağlı-qaralı hadisələrin ekranda göstərilməsini istəyir. Yəni hər gün seyr etdiyi ekranda yaşadığı həyatın gerçəklərini, həqiqəti görməyi umur. Fəqət bu gözləntinin müqabilində TV dəqiqəbaşı ona yalan satır, hələ üstəlik ucuz şouları ilə də qıcıqlandırır. Belədə tamaşaçı gerçək həyatın qığılcımlarını göstərməyən ekrana adi məişət əşyası və bir də əsəb mənbəyi kimi baxır.
İstənilən cəmiyyətdə TV təkcə mədəniyyətin yox, həm də ictimai düşüncənin, əxlaq və mənəviyyatın göstəricisidir, bir növ barometrdir. Cəmiyyətə təsir etmək, insanları maarifləndirmək, onları daim doğru yola yönəltmək vasitəsidir. Amma yararsız əllərə düşəndə bu vasitə kütləvi qırğın silahı qədər təhlükəli olur. Həmin silahın hədəf götürdüyü ilk nişangah isə xalqın, cəmiyyətin mənəvi dəyərləri olur. Bu gün bizdə, zəif də olsa, çalınan həyəcan təbili məhz TV-lərin yüzillər boyu formalaşmış dəyərlərə hücum çəkməsi ilə bağlıdır. «TV əxlaq və mənəviyyatdan başlayır» ifadəsi elə-belə deyilməyib. Nüvəsində mənəvi ölçülər dayanmayan telekanal heç vaxt səmimi tamaşaçı rəğbəti qazana bilməz.
Mən TV-lərimizin niyə bu günə düşmələrinin səbəbini onların azad olmamaları, davamlı nəzarətə məruz qalmaları, peşəkarlıq baxımdan axsamaları (bizim telekanalların problemi təkcə azadlıq deyil, həm də peşəkarlıqdır) ilə izah edib sizləri yormaq istəmirəm, sadəcə, ekranlarımızın göz qabağındakı bəzi nöqsanlarını sadalamaq istəyirəm. Cəmiyyəti doğru-dürüst əks etdirə bilməmələrinin əsas nöqsan olduğunu dedim.
Başqa bir nöqsan ekranlarda fikir yoxsulluğunun hökm sürməsidir. Plüralizm, yəni fikir müxtəlifliyi deyilən şeyi gərək zərrəbinlə axtarasan. Fərqli düşüncə, tənqidi yanaşma və ağıllı diskussiyalar qeybə çəkiləndə cəmiyyət ortada yalnız bir fikrin, bir yanaşmanın olmasından əzab çəkir. Bizdə telekanallarda təkcə eyni müğənnilər oxumur, həm də, demək olar ki, həmişə eyni adamlar danışır. Nədir bəyəm, ölkədə ağıllı, intellektual adam qıtlığıdır? Təbii ki, elə deyil, səbəb hər TV sədrinin cibində «kimi efirə buraxmaq olar, kimi olmaz» deyə bir siyahının olmasıdır. Bundan başqa, həmin sədrlərə təsir imkanı olanların da əlavə siyahısı var. Niyə bizimkilər müstəqil düşüncəsi olan, xalqını, millətini sevən və həm də bilik və ləyaqət daşıyıcısı olan vicdanlı adamlara qırmızı işıq yandırırlar? Ekranlarımızın getdikcə cılızlaşmasının, bir çox səbəbdən adam içinə çıxarılması ayıb olanların ekranlarda aparıcı simaya çevrilməsinin bir səbəbi də budur.
TV-lərimizin bozlaşması dilimizin də rəngini soldurub, efirdə danışanların səsinə qabalıq çalarları hopdurub. Adamların davranışında, başqaları ilə ünsiyyətində incəlik, zəriflik çatışmır, ladlar çox kobudlaşıb, gərginləşib. Həmin gərginlik dilə, danışığın ahənginə də hoparaq əcaib şəkildə üzə çıxır. Bəzən bu səs, intonasiya, müraciət tərzi adamı diksindirir. Bir anlığa harda olduğunu, nəyə baxdığını belə unudursan.
İndi imkanlı adamlar möhtəşəm villalar tikməklə kifayətlənmir, həm də onun çevrəsinə hündür hasarlar çəkirlər, sirlərini qorumaq üçün. Amma özlərinə nahaq əziyyət verirlər, daha sirlər bağlı qapılar arxasında qalmır, bu gün evlərin bütün sirləri ekranlardadır. Zaman zaman ailələrdə, insan münasibətlərində özünü göstərən bütün naqisliklər, çirkablar ekrana axıdılaraq şıdırğı müzakirə olunur. TV-lər birbaşa ailələrə, mentalitetə, dəyərlərə hücum çəkərək, özləri də bilmədən, milli natamamlıq kompleksi yaradırlar.
* * *
Ötən əsrin 60-cı illərində ABŞ prezidenti C.Kennedi qürurla deyirdi ki, İkinci Dünya müharibəsindən sonra Amerika xalqını televiziyalar formalaşdırıb. İstər-istəməz adamın içindən bir sual keçir: əcəba, bəs bizim televiziyalar bu gedişlə necə bir xalq formalaşdırmaq niyyətindədir?
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 267