Muəllif:

Türkiyəni bürümüş duman

Qardaş Türkiyədə siyasi hərarət aşağı düşmür, gündəm dəyişmir, son hadisələrin yaratdığı ajiotaj daha da böyüyür. Siyasi bəyanatların yaratdığı qatı duman keçib getdikcə «korrupsiya və rüşvət» olayının mahiyyəti daha da aydınlaşır. Məlum olur ki, məsələ heç də baş nazir T.Ərdoğanın təqdim etdiyi kimi, iki şəxsin və ya iki qrupun qarşıdurması deyil və belə yanaşma daha çox diqqəti problemin mahiyyətindən və göz qabağında olan gerçək faktlardan yayındırmaqdır. Diqqət çəkən budur ki, korrupsiya faktını deyil, «qarşıdurma» məsələsini önə çəkənlərin hamısı Ərdoğanın çevrəsinə aid olan media qurumlarıdır.
Əslində «Türkiyədə nə baş verir» sualının çox sadə cavabı var: demokratik ölkənin siyasi həyatı üçün xarakterik olan proseslər gedir. Rüşvətxorluq, korrupsiya və oğurluq faktının üstü açılıb. Hökumətdə nazir vəzifəsi tutan şəxslərin övladlarının da şübhəli bilindiyi bu olayla bağlı dövlətin ixtiyarında olan bankda qanunsuz maliyyə əməliyyatları aşkarlanıb, ortada danılmaz faktlar, sübutlar var, buna görə də xeyli adam həbs edilib. Burada gözlənilməz olan hadisənin miqyası, bir də on ildən çoxdur ki, iqtidar sükanı arxasında əyləşmiş və xalqın böyük əksəriyyətinin də etimadını qazanmış bir hakimiyyətin məşhər ayağına çəkilməsidir. Bu məsələdə cəmiyyətin kəskin reaksiyası, müxalifət və medianın bunun üzərinə şiddətlə yeriməsi, görünür, Ərdoğan üçün də elə sarsıdıcı olub ki, baş nazir populist bəyanatlar verməkdən başqa çıxış yolu tapa bilməyib. Prezident A.Gül isə qısa susqunluqdan sonra «korrupsiya faktı varsa, mütləq araşdırılmalıdır» mesajını verib.
İndi Türkiyədə çoxları baş sındırır ki, hadisələrin bu həddə gəlib çıxmasının əsas səbəbi nədir, nədən rüşvət və korrupsiya ilə mübarizə dalğasında hakimiyyətə gəlmiş və xalqın da inandığı bir iqtidar indi birdən-birə korrupsiya ittihamı ilə üzləşib?
Təbii ki, burada müxtəlif səbəblərdən danışmaq olar, amma mən iki səbəb üzərində dayanardım. Birincisi, hökumətin və AKP-nin xalqdan tədricən ayrı düşməsi, ikincisi isə son illərdə Türkiyə siyasi mühitinin yetirdiyi Ərdoğan kimi çox bacarıqlı, parlaq və xarizmatik liderin avtoritarizmə meyillənməsi. Halbuki bu hökumət Ərdoğanın rəhbərliyi altında çox ciddi iqtisadi nailiyyətlər qazanıb, böhranı dayandırıb, ən başlıcası, ölkənin milli gəlirini 3 dəfədən çox artıraraq 230 milyarddan 800 milyard dollara çatdırıb. Lakin demokratiyanı irəlilətmək sahəsində problemlərin bir çoxu həll olunmayıb, xüsusən Ərdoğanın azad medianı susdurmaq və ya ələ almaq, jurnalistləri həbs etmək planı cəmiyyətdə həmişə pis rezonans doğurub. «Gəzi parkı» olayında sərt davranış hökumətin bir çox boşluqlarını üzə çıxartdı, amma Ərdoğan həmin olaylardan nəticə çıxartmadı. Əlbəttə, dediklərimə ölkənin xarici siyasət sahəsindəki uğursuzluqlarını və «kürd açılımı»nın yaratdığı mənfi ovqatı da əlavə etmək olar.
T.Ərdoğanın nikbin bəyanatlarına baxmayaraq, rüşvət olayı onun özünün və rəhbərlik etdiyi AKP-nin nüfuzuna ciddi zərbə vurmaqdadır. Rüşvət olayı, hətta hökumət sudan quru çıxsa belə, onun imicinə mənfi təsir edəcək. Artıq bir neçə nazirin istefa verməsi təkcə kəmiyyət məsələsi deyil, həm də partiyanın həlqə-həlqə zəifləməsidir. Çox güman ki, bu zəiflik yaxınlaşmaqda olan bələdiyyə seçkilərindən sonra daha ciddi şəkildə üzə çıxacaq. Hər halda bələdiyyə seçkiləri Ərdoğan üçün ciddi sınaq olacaq.
Rüşvət olayı ölkədə həm də demokratiyanın gücünün nümayişinə çevrildi. Bir daha bəlli oldu ki, Türkiyə oturuşmuş dövlətdir, demokratik parlamenti, dəqiq hakimiyyət bölgüsü, azad mediası, güclü müxalifəti var. Ən başlıcası, dövlətin dayaqları möhkəmdir. Ona görə də bu ölkədə avtoritarizmin irəliyə yolu bağlıdır, ölkəni bir adam, bir partiya, bir qrup yönəldə bilməz.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 254