Türkiyəli biznesmenin öldürülməsinin məhkəmə təfərrüatları
Türkiyə vətəndaşının öldürməkdə ittiham olunan Rasim Məmmədovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror Rail İsmayılovun elan etdiyi ittiham aktına görə, Rasim Məmmədov ötən il iyunun 5-də, saat 19:00-da paytaxtın Azərbaycan prospektindəki 23 saylı binanın 21-ci mənzilində yerləşən ofisdə “Göyçay Kərpicsan” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Türkiyə vətəndaşı Mehmet Alimi bıçaqlayaraq öldürüb.
Rasim Məmmədov cinayəti törədəndən sonra Mehmet Alimin mobil telefonunu və 3200 manat pulunu götürüb. O, daha sonra cinayətin izini itirmək məqsədilə mətbəxdə qazı açıb ki, ofisdə partlayış törədilsin. Amma hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları vaxtında gəlməsi nəticəsində partlayışın qarşısı alınıb. Rasim Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Daha sonra zərərçəkmiş şəxsin qardaşı Nuru Alim ifadə verib. O, deyib ki, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb. Onun sözlərinə görə, öldürülən iş adamı onun kiçik qardaşıdır: “Hadisə baş verəndən sonra ofisə gəlmişəm. Ora gələndə polis və prokurorluq əməkdaşlarını gördüm. Onlar mənim qardaşımı öldürülməsini dedilər”.
“Vicdanlı olmaq lazımdı”
Nuru Alim qardaşının bir neçə nəfər tərəfindən öldürülməsini deyib: “Qardaşımı Rasim Məmmədov tək öldürə bilməz. Çünki bir nəfərin belə bir qəddar cinayəti tək törətməsi mümkün deyil. Qardaşım güclü olub. Biz ehtimal edirik ki, qardaşımın ölümündə bir neçə nəfər iştirak edib. Burada vicdanlı olmaq lazımdı. Qardaşım ailə başçısı idi, onun azyaşlı uşaqları qalıb”.
Nuru Alimin sözlərinə görə, qardaşının ofisdə pul saxlaması barədə onda dəqiq məlumat yoxdur: “Amma qardaşım ofisində pul saxlaya bilərdi. Onun üstündə daim pulu olub. Mən həmin gün Sumqayıtda olmuşam. Sürücülük vəsiqəm olmadığı üçün yol polisinin əməkdaşları məni saxladı. Bu zaman ofisə zəng etdim ki, mənə kömək etsinlər. Ofisdə zəngimə cavab verən şəxs cinayət hadisəsinin baş verdiyini söylədi”.
“Bu cinayət pulla bağlı olub”
Mərhumun qardaşı deyib ki, Mehmet Alim 1998-ci ildən Bakıda yaşayır. Onun sözlərinə görə, Mehmet Alim Göyçayda yerləşən kərpic zavodunun müdiri olub: “Qardaşımın ailəsi Türkiyədə yaşayırdı. Hadisə baş verməzdən bir gün əvvəl qardaşım Türkiyəyə getmək üçün bilet almışdı. O, iyulun 6-da Türkiyəyə gedəcəkdi. Hadisə baş verən gün qardaşımı görməmişəm. Onu hadisədən üç gün əvvəl Göyçayda görmüşdüm. Hadisədən bir gün əvvəl qardaşım Göyçaydan Bakıya gəlmişdi. Bu cinayət pulla bağlı olub. Həmin gün ofisdə şirkətin küllü miqdarda pulu ola bilərdi. Ofisdə şirkətə məxsus 2-3 günü müştərilərdən yığılan pulu saxlanılırdı. Həmin pulun miqdarı 50-100 min manat olurdu. Biz ofisdən nə qədər pulun oğurlandığını bilmirik. Ofisdə başqa qiymətli əşyalar olmayıb. Yalnız şirkətlə bağlı verilən hədiyyələr olub. Onların da yoxa çıxıb-çıxmaması barədə mənim məlumatım yoxdur”.
“Özü gələcəkdi, ölüm xəbərini aldıq”
Mərhumun həyat yoldaşı Tuba Alimin sözlərinə görə, Mehmetlə ailə qurandan sonra 7 il Azərbaycanda yaşayıb. O, deyib ki, Mehmetlə olan birgə nikahlarından iki övladları var: “Böyük oğlum orta məktəbə getmək yaşı çatdığı üçün uşaqlarla birlikdə Türkiyədə yaşamalı oldum. Ərim işi ilə bağlı bizimlə gedə bilmirdi. Ərim 15 gün Azərbaycanda, 15 gün Türkiyədə qalırdı. Hadisə baş verən ərəfədə uşaqlarla Mehmetin yolunu gözləyirdik. Özü gələcəkdi, ölüm xəbərini aldıq”.
Tuba Alim deyib ki, ərinin Rasim Məmmədovla əlaqəsi olmayıb: “Ərim hər adamla münasibət saxlayan olmayıb. Düşünmürəm ki, ərimin Rasim Məmmədovla biznes əlaqəsi olsun. Bu sözlərimi əminliklə deyirəm. Təqsirləndirilən şəxs istintaq dövründə ifadəsini 50 dəfə dəyişib. O, bu cinayətlə bağlı yalan danışır. Onun ərimin təhdid etdiyini düşünmürəm. Mehmet yolda görüşdüyü hər şəxslə münasibət quran adam deyildi. Düşünmürəm ki, ərim Rasim Məmmədovu ofisə dəvət edib. Təqsirləndirilən şəxsin şərəfi varsa həqiqəti danışsın. Ərim vicdanlı iş adamı olub. Rasim Məmmədov Mehmeti təkbaşına öldürə bilməzdi. Ona köməklik edənlər olub. Çünki ərim çox güclü olub. Həmdə Mehmet tanımadığı adama qapını açmazdı. Aldatma yolu ilə ona qapını açdırıblar və Rasim Məmmədov cinayəti törədib. Hadisədən əvvəl ərim ciddi təhdidlə üzləşməyib. Əgər belə hal olsaydı mənə deyərdi. Bu cinayət pulla bağlı ola bilər. Həmin hissədə dəqiq araşdırma aparılmasını tələb edilərəm. Mehmetin Rasim Məmmədovla heç bir əlaqəsi olmayıb. Ərimin əlindən böyük pullar keçirdi, fabrik sahibi olan bir şəxs idi. Belə bir şəxsin 300-500 manatlıq mübahisə etməsi mümkün deyil”.
Müəmmalı zəng
Şahid qismində ifadə verən Elnur Xəlilov deyib ki, “Göyçay Kərpicsan” MMC-də satış meneceri işləyib. Onun sözlərinə görə, cinayət hadisəsi baş verən gün, axşam saat 20.00-da Azərbaycan prospektində olan ofisə gəlib: “Ofisin qapısı açıq idi. Qapıdan içəri baxanda qan izləri gördüm və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Həmin vaxt zəng xidməti məşğul idi. Nazirlik yaxınlıqda olduğu üçün ora getdim və polislərə hadisə ilə bağlı məlumat verdim. Polislərlə birlikdə ofisə gəldik. Ofisdə içəri girəndə Mehmeti yerdə qan içində gördük. Mətbəx hissədən qaz iyi gəldi. Polislər dərhal bizi ofisdən kənarlaşdırdılar ki, partlayış ola bilər. Mətbəxə keçən polislər qazı kəsdilər. Daha sonra hadisə ilə bağlı araşdırma başladı”.
Şahidin sözlərinə görə, hadisədən bir neçə gün əvvəl Tofiq adlı şəxs Mehmetə zəng edib: “Mehmet Tofiq adlı şəxslə danışandan sonra telefonu kənara ataraq, “bu məndən nə istəyir”, — deyə bildirdi. Tofiq adlı şəxslə mübahisələrinin olub-olmaması barədə məndə heç bir məlumat yoxdur. Çünki Mehmet mənə bu barədə bir söz deməyib”.
“Amansız qatili vəkil müdafiə etməməlidir”
Daha sonra hakimlər ifadə verməsi üçün Rasim Məmmədova söz veriblər. Amma Rasim Məmmədov səhhətində problem yarandığını və ifadə verə bilməyəcəyini deyib. O, ifadə verməsi üçün məhkəmənin təxirə salınmasını xahiş edib. Hakimlər məhkəmənin davamını fevralın 4-nə təyin ediblər. Bu zərərçəkmişlərin etirazına səbəb olub. Onlar Türkiyədə yaşadıqlarını və məhkəmənin yekun qərarına görə, Azərbaycanda olduqlarını deyiblər. Onlar bildiriblər ki, Rasim Məmmədov məhkəmənin uzadılamsı üçün belə edir. Onlar Rasim Məmmədovu qatil olmaqda ittiham ediblər. Deyiblər ki, belə amansız qatili vəkil müdafiə etməməlidir. Hakim xüsusi ilə ağır cinayət törədə şəxsləri də vəkillər təmin olunduğunu deyərək məhkəmənin bağlı elan edib.