Muəllif:

Türkiyə XİN: Bu qərar bölgə və ondan kənarda arzuedilməz nəticələr doğuracaq

Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın tərkib hissəsi olan Krımda referendum qərarı verilməsilə bağlı bəyanat yayıb. Türkiyənin diplomatiya idarəsi açıqlamasında referendum qərarının böhranın həlli səylərinə müsbət təsir göstərməyəcəyini nəzərə çatdırır. Ukraynadakı siyasi böhranın ölkənin siyasi birliyi, ərazi bütövlüyü, demokratik qaydalar əsasında,  beynəlxalq hüquq və sazişlərə uyğun həll olunması vurğulanıb.

Krım tatarlarının da sahibləri olduğu bölgədə hadisələrin xüsusi bir həssaslıq daşıdığı vurğulanaraq Krımda gərginliyin endirilməsi üçün bütün tərəflər təmkinli olmağa və sağlam düşüncəyə ilə yanaşmağa çağırılıb.

Bu baxımdan referendum qərarının ölkədəki böhranın həlli səylərinə müsbət təsir etməyəcəyinə inam ifadə olunur. Bu qərar Krımdakı fərqli qruplar arasında narazılıqlara yol açacaq,  bölgə və ondan kənarda arzuedilməz nəticələr doğura biləcək addım kimi dəyərləndirilir.

Əhməd Davudoğlu Ankarada Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşdən sonra keçirdiyi mətbuat konfransında bir daha qeyd edib ki, Ukraynanın ərazi bütövlüyünü mübahisə mövzusuna çevirmək Qara dənizdə sabitliyin pozulmasına səbəb olacaq.

Davudoğlu bildirib ki, Krım Ukraynanın tərkibində bir muxtariyyət kimi, sülh yarımadası olaraq qalmalıdır. O, Krım parlamentinin yaxın tarixdə “müstəqillik” referendumu keçirilməsi qərarından narahatlıq duyduqlarını açıqlayıb: “Bölgədə yeni gərginlik zonaları yaranmaması üçün fövqəladə cəhdlər göstəririk. Rusiya və Ukrayna bizim iki önəmli strateji ortağımızdır. Gərginliyin azalması üçün Türkiyə əlindən gələni edəcək. Krımdakı tatar soydaşlarımızın gələcəyi bizim üçün ən prioritet məsələdir. Oradakı qardaşlarımızın təhlükəsizliyi və rahatlığı bizim üçün əsasdır. İndiyə qədər qan tökülməməsi sevindiricidir. Bunda Ukraynanın bərabərhüquqlu vətəndaşları olan tatar qardaşlarımızın soyuqqanlı mövqeləri böyük rol oynayıb. Türkiyə bu soydaşlarımızın hüquqlarını qorumaq üçün hər platformada qətiyyətli diplomatiya yeridib, bundan sonra da yeridəcək”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146