Türkiyə Ermənistanla sərhəd əraziləri minalardan təmizləyir
Türkiyənin şərqində sərhəd ərazilər minalardan təmizlənəcək. Türkiyənin “Akşam” qəzetinin məlumatına görə, xərclərin 75%-ni Avropa İttifaqı öz üzərinə götürüb. Qaynaq bildirib ki, sərhəd ərazilərin minalardan təmizlənməsinə artıq başlanılıb. İşlər Türkiyə Baş Qərargahı və DİN-in birgə səyləri ilə həyata keçirilir. Nəticədə 11 milyon 665 min 641 kv. metr sahə minalardan təmizlənəcək. Bundan sonra burada müasir xəbərdarlıq sistemi tətbiq ediləcək. Sərhəddin qanunsuz keçilməsilə bağlı istənilən halın qarşısı 26 axtarış-müşahidə avtomobilinin vasitəsilə alınacaq.
Layihənin büdcəsi 52 milyon 450 min avro təşkil edir. Məbləğin dörddə üç hissəsi Aİ-nin büdcəsindən daxil olacaq. Bunun ardınca qəzet sual verir: “Minaların təmizlənməsindən sonra Ermənistanla sərhədlərin açılması gözlənilirmi? Çox güman ki, sərhəd Ermənistan işğal etdiyi ərazilərin bəzisini Azərbaycana qaytardıqdan sonra açılacaq. Bundan sonra Türkiyə-Ermənistan arasında dəmiryolu daşımaları da mümkün olacaq”, — mənbə qeyd edir və Ermənistanla sərhəd İqdır əyalətində aparılan tikinti işlərini xatırladır (Turan- Armİnfo).