Muəllif:

Türk rəssam Əkrəm Kahraman: «Bizim sənətimiz anti-imperialistdir»

Türk rəssam Əkrəm  Kahraman özü barədə deyir ki, «bizim sənətimizdə kökdən gələn ənənələrə bağlılıq var, bizim sənətimiz anti-imperialistdir”. İstanbulda jurnalist Mayis Əlizadə ilə müsahibəsində bu tanınmış rəssam, sənətin fəlsəfəsinə dair kitabların müəllifi, köşə yazarı sənətə, fəlsəfəyə, siyasətə qeyri-standart baxışlarını sərgiləyir…

— Keçən ilin aprelində mənim üçün əhəmiyyətli olan “Açıq ünvan” adlı sərgim keçirildi. 2001-ci ildən bəri mən ölkəm üçün önəmli olan “axtarış kodları” üzərindən hərəkət edirəm, çünki “dünya hara gedir?” — məsələsi yaradıcılığa başlayandan bəri məni dərindən düşündürən problemdir. Ölkəmin və Orta Şərq bölgəsinin son 15 ildə getdiyi istiqamətlə bağlı həm tablolar yaradır, həm də kitab və məqalələr yazıram. Bu çərçivədə 2009-cu ildə “Bulunduğumuz yer” adlı sərgi açmışdım.

— 2001-ci ildə İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində “Ölkəmin siyasətçilərinə məktublar” adlı rəsm sərginizin geniş maraq və müzakirələrə səbəb olduğunu yaxşı xatırlayıram..

— O vaxt  eyni  məzmunlu sərgini Ankarada da açmışdım. Sənət barədə yazan bir jurnalist məndən soruşmuşdu ki, rəsm sənətinin siyasətlə nə əlaqəsi var? Mən də demişdim ki, siyasət təkcə Türkiyə Böyük Millət Məclisinin işi deyil, əslində siyasətin daimi məsələsi insan və ölkənin taleyi olmalıdır. Əgər Türkiyədə siyasətçilər hər gün bizim ruhumuzda, küçədə, dükan-bazarda, ictimai nəqliyyatda, iş yerlərimizdə yaşadığımız  sarsıntıları təmir etməyə çalışmazsa, bu ölkəni heç bir qüvvə ayağa qaldıra bilməyəcək. Hal-hazırda bəşəriyyətin ciddi bir laxlama içərisində olduğunu düşünürəm. XİX-XX əsrlərdə yaradılan humanist dəyərlərin yerlərindən oynadıldığı, keçmişdəki mənalarıyla tərs düşən və ya içinin boşaldıldığı bir durum dünyanı silkələyir. Ona görə də yeni bir axtarışdan söhbət getməyə bilməz. Bəşəriyyətin bir qismi “nə olacaq?” — sualına cavab axtardığına görə, mən də bir rəssam, yazar, aydın kimi onlara “Açıq ünvan”ımı göstərmişəm, onlara müraciət edən bir mövqedəyəm. Məncə, özünə “aydın” deyən hər kəs bu şəkildə “Açıq ünvan”ını verməlidir, yoxsa yaşadığmız Orta Şərq bölgəsində siyasətçilər din, millət, inanışlar üzərindən özlərinə bazar yaradırlar. Bu durumda bizim toplumlara “Ağlınızı başnıza yığın” — şəklində xəbərdarlıqlar etməyimiz üstümüzə düşən ən önəmli vəzifə olmalıdır. Hal-hazırda baş nazir Ərdoğan ölkədə “paralel dövlət” olduğuna dair iddianı gündəmə gətirib, polisdə, prokurorluq və məhkəmələrdə ölkədəki dini icma tərəfdarlarının yerləşdiyini və onu devirmək istədiklərini hər yerdə deyir. Elə isə mən bu tərəfdən CHP-yə baxıb onların da icma ilə gizli sazişlər bağlayaraq gələcəyə dair xəyallar qurduğunu görürəm. Bu da məni  sanki ölkəm bir bataqlığın içində çırpınırmış kimi düşüncəyə qapılmağa sövq edir. İndi Türkiyədə siyasət özü olub, öz kimliyi üzərindən özünə gələcək qurmaq yerinə, həmişə kürəyini Qərbə dayayıb var olmağa çalışır. Sənət sahəsində də eyni problem var; daim başqalarının daha əvvəl yapdıqlarına istinad edilərək çağdaş sənət yaradılmasının doğru olduğu düşünüldü. Mənə görə, dünya sənətində var olma istəyinizə bu şəkildə çata bilməzsiniz. Buna görə də mən 2000-ci illərdən bəri tədricən sıradan çıxarılmış, çox bəsit görünsə də, kökləri çox dərində olan dəyərlərimizə dönməyimizin vacibliyini düşünürəm. Bu, bizim özümüzük, arteriyalarımıza qədər işləmiş öz mədəniyyətimiz, bütün sahələrdə öz ənənələrimizdir.

— 90-cı illərdəki sənətə baxışla, 2000-ci illərdə — xüsusilə AKP dönəmində sənətə baxış arasında çox fərq var. Türkiyədə sənətin ciddi siyasi təzyiq altında olduğunu bilməyən yoxdur. Sizcə, bu vəziyyətdən necə çıxılacaq: sənətkar müqaviməti daha da aktivləşə biləcəkmi?

— Avropaya “müasir sənət” məfhumu 1789-cu il Fransa inqilabından sonra hakim olmaya başlayıb. Türkiyədə isə bu proses Mustafa Kamal Atatürkün devrimləri ilə start alıb. Bu gün dünya çox sıxıntılı bir dönəmdən keçir: yırtıcı imperializm normal dinamikasıyla inkişaf etmiş kapitalizmi də məhv edir. Zəmanəmizdə yırtıcı imperializmə qarşı çıxmayan sənəti “çağdaş sənət” adlandırmaq olmaz. Bu, mənim şəxsi ölçümdür. Problem bütün dünyada var. Bir sistemin içində oturan Avropa  quruyub və artıq dinamik yox, statik şəkildə yoluna davam edir. Türkiyədə də vəziyyət eynidir. AKP qlobal imperializmin Türkiyədəki ən qəddar təmsilçisi olmaqla birlikdə, Qərbin bir aləti olaraq Orta Şərqdə “Yeni Osmanlı” xəyalına da düşdü. Bunlar elə bildilər ki, dünyaya hökm edən yeni Osmanlı yaradacaqlar, ancaq xəyaldan o tərəfə gedə bilmədilər. Türkiyədə müasir sənət  beynəlxalq bazara açılarkən o sənətin maddi bazasının transmilli şirkətlərin əlində olduğunu nəzərdən qaçırmamalıyıq. 90-cı illərdə o şirkətlər sənəti və medianı necə yönləndirə biləcəklərinə dair önəmli layihələr hazırlayıb həyata keçirdilər. İndi böyük şirkətlərdəki CEO-nun yerini sənət qalereyalarında “kuratorlar” tutur. Kuratorlar Türkiyədə də sənətkarlara tamamilə “marginal” olmalarına dair təbliğat aparır və “narkotika”, “seks”, “gecə həyatı” kimi məfhumları sənətin təşviqedici ünsürləri halına gətirirlərsə, narkotika və həb görüntülərinin üstünlük təşkil etdiyi rəsmlərdən seks duyğularını oyandıran çılpaq qadın tablolarına qədər hər şey adına “sənət” deyilən bir ortam hakim olacaq. Çağdaş sənətin əsas problemlərindən biri budur. Əgər söyləyəcəyiniz yeni bir şey yoxdursa, çəkə biləcəyiniz yeni bir tablo da ola bilməz. İndi sənət əsərlərindən çox, “kurator”ların bəyəndikləri satışa çıxarılır və onlara pul verilir. Qərb fondları sənətkarların “icmalaşması” üçün onlara dəstək verir ki, yeri gələndə öz məqsədləri üçün onlardan istifadə edə bilsinlər. “Narıncı devrimlər”də bu cür “sənətkarlar”dan istifadə edilməsini bilməyən yoxdur. Qlobal sərmayə və kəşfiyyatlar tərəfindən təşkilatlandırılan sənətin əxlaqla da, sənətlə də, müxalifliklə də  heç bir əlaqəsi olmayıb, bu, birbaşa casusluq fəaliyyətiylə əlaqəlidir. Sovetlərin çökməsindən sonra “mədəniyyət sahəsində soyuq müharibə” başladı ki, bunun da dəstəkçisi müasir imperializim oldu. O vaxta qədər başqa dəyərləri müdafiə edən bir çox Qərb sənətçisi bir anda imperializmin partizanlarına çevrilərək “narıncı inqilab”ları dəstəklədilər. Bu proses indi də davam edir. Amerikalı bir sənətşünas bu vəziyyətə etiraz edərək yazı yazmağı dayandırdı. Ona görə də problem sadəcə bizdə deyil, Qərbdən başlayan bu proses bizdə də daha sərt formalarda təzahür edir. Auksionlarımızda 1 milyon dollara satılan tablolara bu nöqtədən baxılmasının tərəfdarıyam. Türkiyə Şərq-Qərb sintezinin kəsişdiyi yer olduğuna görə, ölkəmiz dünya sənətinin gələcəyində çox önəmli yer oynayacaq, ona görə də biz gələcəyi görən baxış açısıyla hərəkət etməliyik.

— Renessans dövründə İtaliyada Mediçi ailəsi “gözəllik yaratmağa dəstək vermək məqsədiylə” tablolar toplayırdı, bu gün Türkiyədə sənət əsərlərinin əl dəyişdirdiyini görürük,sərmayənin böyük ölçüdə islamçı burjuaziyanın əlinə keçməsindən sonra rəsm bazarında onların “at oynatdığını” görürük. Tablolarda ərəb əlifbasıyla yazılar var deyə, “Ülkər” qrupu Erol Akyavaşın sənət dəyəri yüksək olmayan əsərlərinə milyon dollarlar verir. Sizcə, sənətin və kolleksiyaçılığın gələcəyində  bu konyukturaçılığın nə dərəcədə rolu olacaq?

— Türkiyədə sənətə münasibətin AKP dönəmində tamamilə dəyişdiyini görməmək mümkün deyil, mən bunu içəridən yaşayan bir sənətkaram. Əvvəllər ənənədən söhbət gedəndə mühafizəkar burjuaziya dini dəyərlərlə yanaşı, sənətin dəyərlərinə də hörmətlə yanaşır, sağ dünyagörüşlülər kolleksiyaçılığa peşəkar mənada rəğbət göstərirdilər. Əslində bizim ənənəmizdə “ənənəvi dəyərlər” məfhumu altında həmişə dini dəyərlərin ön plana çıxarılması üstünlük təşkil edib, sənətə dəyər verən əks qrup isə çox şeyə yuxarıdan baxıb. AKP dönəmində bütün parametrlər dini dəyərlərə indeksləndi.

— Sözünüzü kəsdiyimə görə üzr istəyirəm: Erol Akyavaşın əsərlərinin  timsalında yaşanan konyukturaçılğı rəssam Məhmət Güləryüz də sərt şəkildə tənqid etdi…

— Biz aydınlanması olmayan bir ölkənin aydınlarıyıq. Ancaq bizim aydınlanmağımızın Avropadakı devrimlərdən önəmli fərqi ondan ibarətdir ki, bizim sənətimizdə kökdən gələn ənənələrə bağlılıq var, bizim sənətimiz anti-imperialistdir. Mustafa Kamal Atatürk də həyata keçirdiyi islahatlarda bu damarı ustalıqla yaxaladığına  görə, bizim devrimlərimizin baş tutduğunu hamı görür. Beynəlxalq konyukturanın təsirinə qapılaraq imperial maddiyatın ağuşuna atılan bəzi sənətçilərimiz durumu anladılar və peşman olaraq öz məcralarına dönməyə başladılar. Bizim yaratdığımız sənətə, bizim fəlsəfi-estetik düşüncələrimizə İrandan, İraqdan, Suriyadan müsbət reaksiyalar gəlir. İndi Orta Şərq öz ideologiyasını axtarır. Qəti şəkildə deyə bilərəm ki, Türkiyədəki sənətkarların möhkəm  duruşu Orta Şərqdəki ideoloji axtarışların cavabı olacaq. Gəzi dirənişi son 50 ildə dünya səhnəsinin ən güclü və ənənəyə ən çox bağlı bir baş qaldırışı idi. Ölkəmdəki yeni axtarışların hamıya faydası olacaq — din adamından  tutmuş çağdaş sənət yaradanlara da, siyasətçilərə də. Bunun çox uzun vaxt almayacağına da inanıram. 2 il qabaq Azərbaycana getdik, oradakı İncəsənət Universitetində Azərbaycanlı həmkarlarımla gözəl müzakirələrimiz oldu. Dünyadakı mənəvi dəyərlərdən öz məqsədləri üçün istifadə edən qlobal imperializmin böhran keçirdiyi bir vaxtda eyni irqə, dilə, dinə mənsub olan bizlərin bu cür müzakirələrlə dünyanın yenidən aydınlanmasında öncül rol oynayacağımıza inanıram (APA). 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 191