Muəllif:

Türk ölkələri arasındakı nəqliyyat keçidləri çoxalacaq

Türk ölkələri arasındakı nəqliyyat keçidlərinin sayı artırılacaq.  Bu niyyət barədə bu gün Bakıda  Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) İqtisadiyyat, ticarət və maliyyə məsələləri Komissiyasının III iclasında TükrPA-nın baş katibi Jandos Asanov bildirib. Onun sözlərinə görə, türkdilli ölkələr arasında iqtisadi, ticarət əlaqələrinin daha da genişləndirilməsi və gücləndirilməsi ən əhəmiyyətli bir məsələdir. O bildirib ki, ölkələr arasında nəqliyyat keçidlərinin artırılması və nəqliyyat infrastrukturunun genişləndirilməsi bütün türkdilli ölkələr arasında əlaqələri yaxınlaşdıracaq.

Qırğızıstanın heyətinin üzvü Adbırahman Mamataliyev «İqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu» mövzusunda məruzəçi kimi çıxış edərək bildirib ki, bu məsələnin müzakirəsi  çox ciddi məsələdir. O qeyd edib ki, Qırğızıstanda sərnişindaşımanın 95%-i avtomobil nəqliyyatının payına düşür və bunun qonşu ölkələrə heç bir maneəsi yoxdur.

TürkPA-nın Qazaxıstan heyətinin üzvü Sarsenbay Yensegenov isə bildirib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin əsas önəm verdiyi məsələ türkdilli ölkələr arasında nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsidir. Onun sözlərinə görə, Qazaxıstan türkdilli ölkələrin Avropaya çıxış imkanlarının genişləndirilməsinə xüsusi önəm verir: «Dəniz yolunun inkişaf etdirilməsi bizim ölkələrimiz üçün çox önəmlidir. Bu, ölkələrimizin ticarət və iqtisadiyyatının Avropaya qədər açılması deməkdir».  Q qeyd edib ki, Qazaxıstan TürkPA-nın bütün layihələrini dəstəkləyəcək.

TürkPA-nın Türkiyədən olan təmsilçisi Mahmud Mücahid Fındıklı deyib ki, bir neçə il öncə TürkPA-nın Türk Şurası yaradıldıqdan sonra bu ölkələr arasında iqtisadi əlaqələr daha da möhkəmlənib. Onun sözlərinə görə, bu müddət ərzində türk iş adamları arasında iş birliyi daha sıx olub: «Nəqliyyat nazirlərinin görüşləri öz töhfəsini verir. Nəqliyyat sektorunu inkişaf etdirmək üçün öz hesabımıza və beynəlxalq qaynaqlardan istifadə etməliyik. Ölkələr arasında nəqliyyat əlaqələrinin inkişafı istiqamətində addımlar atılmalı, investisiyaların həcmi artırılmalıdır. Nəqliyyat problemlərinin həlli ticarət, gömrük, turizm sektorunu da inkişaf etdirəcək. Sərhədlərdə olan ləngimələri və digər sahələrdə olan bürokratik əngəllər də aradan qalxacaq».

O təklif edib ki, TürkPA növbəti iclaslarının birində enerji sahəsi mövzu olaraq müzakirəyə çıxarılmalıdır. Türkiyə nümayəndəsi deyib ki, bu gün ölkələrin enerji sahəsində əməkdaşlığı genişlənib və bunu daha da artırmaq mümkündür.

Qeyd edək ki, Azərbaycan Milli Məclisində Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə komissiyasının 3-cü toplantısı başlayıb. 

APA-nın məlumatına görə, komissiyanın sədr müavini, azərbaycanlı deputat Sevinc Hüseynovanın sədrliyi ilə keçirilən iclasda türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu gündəliyin əsas mövzusudur. Açılışda Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov da iştirak edib.

Toplantıya dörd üzv ölkənin parlamentarlarından ibarət komissiya üzvləri, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və TRASECA hökumətlərarası komissiyasının nümayəndələri qatılıb.  

Bu ilin mayın 20-də Qazaxıstan paytaxtında Astana İqtisadi Forumu keçiriləcək.  Bu iclasda bütün türkdilli ölkələrin nəqliyyat nazirləri və gömrük xidmətlərinin rəhbərləri iştirak edəcəklər. İclaslarda üç əsas məsələ müzakirə olunacaq. Bu, Çin-Qazaxıstan-Azərbaycan, Çin-Qazaxıstan-Orta Asiya və Çin-Qazaxıstan-Avropa nəqliyyat dəhlizlərinin qurulması, inkişaf etdirilməsi ilə bağlı məsələlər olacaq.

Bu arada, TürkPA-nın IV iclasının bu ilin ikinci yarısında Qazaxıstanda keçirilməsi qərara alınıb. Burada alternativ və bərpa olunan enerji sektorunun inkişaf etdirilməsi məsələləri müzakirəyə çıxarılacaq.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 164