Muəllif:

Turçinov: Krım hakimiyyəti qeyri-legitimdir və avtomat lüləsi altında qərarlar qəbul edir

Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov Norveç və Finlandiya xarici işlər nazirləri ilə görüşdən sonra  bildirib ki, Sergey Aksyonov adlı şəxs qeyri-qanuni olaraq baş nazir seçilib, çünki Konstitusiyaya əsasən Krım Muxtar Respublikasının baş naziri vəzifəsinə namizədi Ukrayna prezidenti təqdim etməlidir.  Və Ukrayna Konstitusiyasına əsasən Krımın taleyi yalnız ümumukrayna referendumunda müəyyən oluna bilər. Krım hakimiyyəti qeyri-legitimdir və avtomat lüləsi altında qərarlar qəbul edir.

Bəlli olduğu kimi,Rusiyaya birləşmək istəyən Krım separatçıları martın 16-na referendum təyin ediblər. Lakin  Krım parlamenti özlərinin qeyri-qanuni təyin etdikləri «referendumun» nəticələrini belə gözləmədən Rusiyaya birləşmək barədə qərar qəbul edib.   Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Slutski isə bu gün  jurnalistlərə açıqlamasında deyib ki, Rusiyanın Krımla bağlı mövqeyi muxtar respublikada keçiriləcək referendumun nəticələri əsasında müəyyənləşəcək. O deyib:

“Dumanın bütün fraksiyaları Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanılmasına tərəfdardır. Lakin Krım əhalisinin bu cür məsələləri referenduma niyə çıxardığını da başa düşürük. Ona görə də Dövlət Dumasının və Rusiya Federasiyasının mövqeyini 16 mart referendumunun nəticələrinə əsasən müəyyən edəcəyik”, — deyə o vurğulayıb.

Lakin dünya Krım separatçılarının və Rusiyanın davranışını qəbul etmir. Avropa Birliyinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Yan Tombinski deyib ki, hər hansı sərhəd dəyişikliyi və ya hansısa ərazinin Ukraynadan ayrılması ölkə Konstitusiyasının 73-cü maddəsi əsasında tənzimlənir. Həmin maddədə yazılıb ki, bunun yeganə yolu bütün ölkə üzrə keçiriləcək milli referendumdur: “Çox asanlıqla başa düşmək olar ki, Ukraynanın bir hissəsində keçiriləcək referendum bu məsələnin həlli demək deyil”.

“The New York Times”a istinadən yayılan məlumata görə, Obama admnistrasiyası bəyan edib ki, ABŞ Dövlət departamenti Ukraynanın ərazi bütövlüyünə zərbə vurmaq üçün tədbirlər görən məmurlara və digər şəxslərə vizaların verilməsinə yasaq qoyub. Bu yasaq Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaradan və yaxud bununla əlaqəli olan Rusiya və Ukrayna vətəndaşlarına şamil ediləcək. 

 Hazırda Kiyevdə Milli Müdafiə və Təhlükəsizlik Şurasının fövqəladə iclası başlayıb.  

 

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 157