Tüfəngləri, qumbaraları və patronları oğurlayan şəxslər tutulub
Lənkəranda şəhər məktəblərinin birindən oğurluq edən 4 nəfərlik dəstə zərərsizləşdirilib. Bir neçə gün öncə şəhər 2 saylı orta məktəbin anbarından təhsil müəssisələri üçün nəzərdə tutulmuş inventarların oğurlanması ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Dərhal əməliyyat qrupu yaradılıb və oğruların axtarışına başlanılıb.
Həyata keçirilən tədbirlər nəticəsində oğurluq hadisəsini törətmiş Lənkəran şəhər sakinləri Məhəmməd Tahir oğlu İbrahimzadə, Niyaz Fəyaz oğlu Əlizadə, Şakir Qulam oğlu Nəsirov, Ramin Rəhman oğlu Qəmbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib, deyə APA xəbər verir.
İlkin dindirmə zamanı saxlanılan şəxslərin şəhərdəki 2 saylı orta məktəbdən bir neçə dəfə oğurluq etdikləri məlum olub. Belə ki, onlar məktəbin anbarından müxtəlif inventarlar, həmçinin arxiv otağın seyf qapısını sındırmaqla oradan təlim məqsədi üçün nəzərdə tutulmuş 4 ədəd tir tüfəngi, 2 ədəd “F-1”, 3 ədəd “RQD-5” qumbarası və patronlar oğurlayıblar.
İstintaq zamanı məktəbdə müxtəlif vaxtlarda törədilən oğurluq hadisəsinə burada gözətçi işləyən Ramin Qəmbərovun bələdçilik və başçılıq etdiyi üzə çıxıb.
Faktla bağlı CM 177-ci maddəsi ilə cinayət işinin açıldığı, dəstənin digər oğurluq işlərində iştirakları və bundan əvvəl məhkumluqlarının olub-olmadıqlarının araşdırıldığı bildirilir.