«Transneft» Bakı-Novorossiysk kəmərini hələ bağlamaq niyyətində deyil
Rusiyanın «Transneft» şirkəti Bakı-Novorossiysk boru kəmərini bağlamayacaq. ARDNŞ kəmər vasitəsilə neftin nəqlinə dair tərəflər arasındakı razılaşmanın müddətinin uzadılması xahişini nəzərə alaraq «Transneft» kəməri işlək vəziyyətdə saxlayacaq.
«APA-Economics»in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini həyata keçirən «Transneft» şirkətinin rəsmi nümayəndəsi İqor Dyomin deyib. O bildirib ki, Rusiya şirkəti artıq kəməri bağlamağa hazırlaşırdı: «Azərbaycan tərəfi ötən həftənin sonunda neftin kəmərlə nəqli ilə bağlı mövcud müqavilənin vaxtının uzadılmasını xahiş edib. Bu müqavilənin müddəti isə bu gün – fevralın 14-də başa çatır. Hazırda biz qüvvədə olan hökumətlərarası razılaşmanın və bu gün müddəti başa çatan müqavilənin əvəzində yeni kommersiya müqaviləsinin əldə olunması istiqamətində danışıqlar aparırıq».
İ.Dyomin əlavə edib ki, tərəflər nəql olunacaq neftin həcmini, tarifləri və kəmərlə nəql olunacaq məhsulun keyfiyyəti ilə bağlı məsələləri müzakirə etməlidir. Bundan başqa, «Transneft» rəsmi qeyd edib ki, yeni müqavilə nəzərdə tutulan həcmin nəql edilməsi üzrə zəmanəti əks etdirməlidir.
Xatırladaq ki, ARDNŞ Rusiyanın «Transneft» şirkəti ilə neftin nəqlinə dair tranzit müqaviləsinin uzadılması barədə yayılan məlumata münasibət bildirib. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev APA-ya açıqlamasında bildirib ki, Bakı-Novorossiysk kəməri ilə neftin qarşılıqlı faydalı şərtlər əsasında nəql edilməsi həm «Transneft» şirkətinin, həm də ARDNŞ-in marağındadır: «Qüvvədə olan müqavilənin vaxtı isə hələ bitməyib və şirkətlər arasında bununla bağlı intensiv danışıqlar gedir. Danışıqlar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək».