Toxum materialları ixracında Fransa liderdir
Toxum materialları sektorunda Fransa böhranın nə olduğunu bilmir. Ölkənin kənd təsərrüfatı və ərzaq sənayesi daima inkişafdadır, bu isə əsas etibarı ilə qarğıdalı, raps, bostan bitkiləri və ya kətan toxumları sayəsində əldə edilmişdir.
Əlverişli iqlim şəraitinin olması, innovasiyalardan geniş istifadə və bitkilərin daha mükəmməl növləri üzrə xarici ölkələrdə qazanılmış etibar sayəsində 2012-2013-cü illərdə Fransa kənd təsərrüfatı 1,42 milyard avro dəyərində səpin və əkin materialları ixrac edib, bu da əvvəlki illə müqayisədə 15 faiz artım deməkdir. Səpin və əkin materialları üzrə Peşələrarası Milli Birliyin (fransızca CNİS) Beynəlxalq Əlaqələr idarəsinin rəisi Fransua Bürqo deyir: “Müqayisə üçün deyim ki, 1,42 milyard avro A320 tipli 20 Aerobus təyyarəsinin satşından əldə edilən məbləğə bərabərdir”. Toxum materiallarının ixracı sahəsində Fransa dünyada birinci yer tutur, sonrakı yerlərdə ABŞ və Niderland gəlir. Ölkəmizin kənd təsərrüfatının bu sektoruna ayırdığı sahə 347 566 hektardadır.
Çoxşaxəli sektor
Bitkilərin yeni növlərinin seleksiyası ilə 72, toxum istehsalı ilə 249 müəssisə məşğul olur, 2012-2013-cü illərin yekununa görə onların birlikdə dövriyyəsi təxminən 3,1 milyard avro təşkil edir. Bu sektorda çalışanların sayı 15 min nəfərdir.
Dünya miqyasında götürdükdə bu sahədə rəqabət böyükdür, Fransa qarğıdalı və günəbaxan bitkiləri sahəsində daha çox müvəffəqiyyətlər əldə edib, xarici ölkələrə 776 milyon avro dəyərində toxum satıb, bu isə ümumi toxum ixracının yarıdan çoxu deməkdir.
Bir çox müəssisələr müxtəlif seqmentlər üzərində eyni vaxtda çalışır. 3 ildən bəri çuğundur seleksiyası sahəsində liderlik edən “Florimond Desprez” firması bu sahədə ixtisaslaşmanı davam etdirməklə yanaşı, digər dənli bitkilər, xüsusilə, küləş-saman istehsalı üçün toxumçuluğa üz tutub. Firma– Aralıq dənizi rayonu, Mərkəzi Avropa və Rusiya, Cənubi Amerika kimi beynəlxalq bazarlara çıxmağa müvəffəq olub.
Toxum materialları sahəsində aparıcı fransız müəssisəsi “Vilmorin-Limagrain” firmasıdır, o, eyni zamanda, bu sektorda fəaliyyət göstərən Clause, Tézier, LG-seeds, Advanta, Nickerson kimi digər firmalara nəzarət edir. Hal-hazırda bu şirkətlər birliyi toxum materialları istehsalı üzrə dünyada beşinci, Avropada isə birinci yerdə durur. AgReliant müəssisəsinin sayəsində isə şimali-amerika bazarlarında mövqelərini möhkəmləndirməyə nail olub.
Küləş-saman istehsalı və tərkibi zülalla daha zəngin olan dənli bitki toxumlarının satışı bazarında Semences De France liderlik edir. O, həm hibrid (qarğıdalı, günəbaxan, raps, arpa, sorqo), həm də küləş-saman bitki toxumlarının satışını həyata keçirir.
Beynəlxalq bazarda təqdirəlayiq fəaliyyət
Dünyanın 150 ölkəsində fəaliyyət göstərən fransız toxumçuluq müəssisələri üstünlüyü daha çox ixraca verir. Fransua Burqo sözünə davam edərək deyir “Fransa bu sektorda fəaliyyətini tənzimləyir, bu və ya digər region və ya ölkə üzrə ixtisaslaşmaqdansa dünyanın hər bir guşəsində fəaliyyət göstərməyə üstünlük verir”. Müəssisələrin istehsal etdikləri məhsulların 70 faizi əsas etibarı ilə Avropa ölkələrinə ixrac edilir, birinci müştərimiz Almaniyadır. Sonrakı yerlərdə Rusiya (88 milyon avro), Ukrayna (78 milyon avro), Şimali və Tropik Afrika ölkələri gəlir (28 milyon avro). “Asiya ölkələrinə əsas etibarı ilə genetik materiallar ixrac edirik, səpin materialları onlara nisbətən azlıq təşkil edir. Cənubi Amerikada isə fəaliyyətimizi fransız firmalarının ABŞ-dakı filialları vasitəsilə tənzimləyirik”.
Sektorun gələcəyi
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) verdiyi məlumata görə 2050-ci ilədək dünyada ərzaq məhsullarının istehsalı 70 faiz artmalıdır ki, indiki dövrlə müqayisədə əlavə olaraq 2,3 milyard insanı ərzaqla təmin etmək mümkün olsun. Toxumçuluq materialları və bitkilərin yeni növlərinin yaradılmasında ixtisaslaşan fransız müəssisələri bütün dünyada məşhurdur və onlar qarşılarına qoyduqları məqsədə nail olmaq üçün bütün güclərini səfərbər edirlər. Alimlərlə sıx əlaqədə çalışan seleksiyaçılar elə bitki növləri üzərində çalışırlar ki, onlar müvafiq iqlim xüsusiyyətlərinə uyğun olsun, bu və ya digər ölkədə yayılmış kənd təsərrüfatı ziyanvericilərinə qarşı mübarizədə dözümlü olsun. Əldə olunan iqtisadi nəticələr ancaq tərifə layiqdir. Məsələn, son qırx ildə buğdanın məhsuldarlığı Fransada üç dəfə artıb, əvvəllər tropik ölkə bitkisi hesab edilən qarğıdalı isə şimal ölkələrinə doğru irəliləyişini müvəffəqiyyətlə davam etdirir.