Toplumun ədalət təpkisi
Ankara
Bu dünyada elə bir insan toplumu yoxdur ki, ədalət axtarışında olmasın. Elə bir toplum yoxdur ki, heç olmasa sözdə, ədalətin təntənəsini tələb etməsin. Lakin burada iki amili nəzərə almaq lazımdır: birincisi, müxtəlif toplumlar üçün tarixin konkret dönəmi sərhədlərində «müəyyənləşdirilmiş» ədalət meyarları fərqlidir. Yəni Afrika cəngəlliklərində yaşayan bir qəbilənin və inkişaf etmiş ingilis cəmiyyətinin ədalət meyarları eyni ola bilməz. Bu problemin həlli çox sadədir. «Ədalət coğrafiyası»nı formal da olsa, «mədəni dünya»nın sərhədləri ilə məhdudlaşdırmaq kifayətdir. Ən azından ona görə ki, formal da olsa, biz də bu «mədəni dünyanın» sərhədləri daxilindəyik.
İkincisi, toplumun bütövlükdə ədalət arayışındakı, ədalətin təntənəsi tələbindəki formal və gerçək mövqeyi arasında dərin uçurum ola bilər. Məsələn, mülkiyyət toxunulmazlığı anlayışı həm geniş, həm də dar mənada həm hüquqda, həm də dində var. Yəni bizim davranışımızı şəkilləndirən, reqlamentləşdirən hər iki dəyərlər sistemində bu anlayışın çox dəqiq tərifini tapa bilərik. Azərbaycanda kimin ağzını arasan, halalla haramın arasındakı fərqi uşaqlıqdan bildiyini və bütün qərarlarını da bu dəyərlər çərçivəsində verdiyini deyər.
Bunun riyakarlıqdan başqa bir şey olmadığını hamımız bilirik. Hamımız bu və ya digər darəcədə oğurluqla məşğuluq — aşağıdakılar xırda-para, yuxarıdakılar isə böyük, Azərbaycan gerçəkliklərində isə demək olar ki, kürəsəl miqyasda. Deyərdim ki, çox ədalətli bir «əmək» bölgüsüdür. Yuxarılar, demək olar ki, mütləq dözümlülük nümayiş etdirirlər. İmkanları olsa da, aşağıların xırda-para oğurluqlarının qarşısını almırlar. Günaha batırlar, göz yumurlar. Yalnız bir tələbləri var: aşağıdakılar başlarından böyük qələt etməsinlər, yəni burunlarını böyük məsələlərə soxmasınlar. Çox olmasa da, amma hərdənbir istisnalar olur. Məsələn, Bakının mərkəzindəki daşınmaz əmlak sahibi olan aşağıdakıların bəxti gətirmədi. Olan işdir.
Aşağıdakıların isə yuxarıdakıların kürəsəl miqyaslı oğurluğunun qarşısını almağa belə imkanı yoxdur. Ona görə də ədalət naminə oğurluq üstündə tutulanda cəzanın həcmi də bu meyar nazərə alınaraq müəyyənləşdirilir. Məsələn, bir neçə min dollara görə Əvəz Zeynallıya doqquz, milyonların bazarlığını edən Gülər Əhmədovaya isə üç il. Bundan da böyük ədalət olar? Axı, əslində Gülər Əhmədovanı həbs etməyə də bilərdilər.
Bir sözlə, ikinci halda toplumun və toplumdaxili münasibətlərin inkişafı səviyyəsi ilə sərhədləri daxilində olduğu «mədəni dünyanın» dəyərlər sistemi arasında dərin bir uçurumun olmasından danışa bilərik.
Üçüncüsü, unutmaq lazım deyil ki, toplumun ədalətin təntənəsi istiqamətindəki gözləntiləri ilə dövlət qurumlarının bu problemə funksional baxışının üst-üstə düşməsi heç də vacib deyil. Başqa sözlə desək, dövlət qurumları bütün hallarda toplumun gözləntilərini qarşılamaq zorunda deyillər.
Bir neçə il öncə, Azərbaycan prezidenti çıxışlarından birində təxminən aşağıdaki fikri səsləndirdi. O dedi ki, biz məhkəmə sistemində ədalətin təntənəsinə nail olmalıyıq. Toplumun gözləntilərinə cavab verən, amma hüququn aliliyi prinsipinə daban-dabana zidd bir bəyanatdır. Nə qədər əcaib səslənsə də, məhkəmə-hüquq sistemi ədalətin bərpasını özünün ali məqsədi kimi elan edə bilməz. Məhkəmənin əsas vəzifəsi hüququn aliliyini təmin etməkdir. Hüququn aliliyinin təmini isə bəzən ədalətin «təntənəsinə» mane olur. Məsələn, hüququn aliliyi məhkəmə prosesində qeyri-qanuni yollarla əldə olunmuş dəlil və sübutları nəzərə almamağı tələb edir. Bir sıra hallarda qanunun bu tələbinə riayət edilməsi cinayətkarın cəzasız qalmasına gətirib çıxarır, yəni adələtin təntənəsinə mane olur. Özü də bilərəkdən.
Formal olaraq tərkib hissəsi olduğumuz «mədəni dünya»da toplum özünün ədalət təpkisini iki yolla ortaya qoyur: əvvəla, məhkəmə-hüquq sistemi ilə. Azərbaycanda bu yolla ədalətin təntənəsinə nail olmağın müşküllüyünü yuxarıda qeyd etdim. Amma yenə də son günlər baş vermiş bir hadisəni misal gətirmək istəyirəm.
Yazıçı-publisist Rafiq Tağının qətli ilə bağlı başlanmış cinayət işi üzrə icraat dayandırılıb.
Baş Prokurorluq publisist Rafiq Tağının qətli üzrə təhqiqatın dayandırılması haqqında məlumatla bağlı şərh verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun sözlərinə görə, «ibtidai istintaq zamanı bütün zəruri və təxirəsalınmaz prosessual istintaq hərəkətləri yerinə yetirilib». Lakin «təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi ilə əlaqədar iş üzrə icraat dayandırılıb». Bu şəxsin müəyyən edilməsi üçün MTN və DİN-ə əməliyyat tapşırıqları göndərilib. Həmin qurumlar tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib, deyə Sultanov bildirib.
Əslində prokurorluğun bəyanatı o deməkdir ki, son dövrlərdə istintaq heç bir yeni dəlil-sübut əldə edə bilməyib. Məhz buna görə də istintaqın davam etdirilməsi üçün heç bir hüquqi əsas qalmayıb. Əgər belədirsə, onda məni bir sual narahat edir: Rafiq Tağının qətli 2011-ci ilin noyabrında, yəni iki il öncə, bir sözlə, demək olar ki, dünən baş verib. Əgər bu gün işin icraatı qapadılırsa, onda belə çıxır ki, istintaq elə ilk gündən çıxılmaz dalana dirəndiyi qənaətindəymiş. Narazılarla bağlı bütün oxşar cinayət işlərində olduğu kimi…
Yada salmaq kifayətdir ki, bir müddət əvvəl Media Hüquqları İnstitutu bəyanatla hökumətə müraciət edərək, jurnalistlərə qarşı basqılara yol verənlərin cəzasız qalması təcrübəsinə son qoyulmasını təmin etməyə, publisist-yazar Rafiq Tağının, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılaraq məsuliyyətə cəlb olunması yönündə səylərini təxirəsalmadan artırmağa, jurnalistlərə, mediaya qarşı bütün zorakılıq, təhdid, hədələmə, qanunsuz saxlama hallarını əsaslı şəkildə tədqiq edib günahkarları məsuliyyətə cəlb etməyə çağırmışdı.
Bir sözlə, toplumda məhkəmə-hüquq sistemi vasitəsi ilə ədalətin təntənəsinə nail olunmasının mümkünlüyü ilə bağlı heç bir illüziya yoxdur. Qeyd etmək istərdim ki, Türkiyədəki vəziyyət Azərbaycandakından fərqlənir. Amma yerlə göy arasındakı qədər fərq yoxdur. Toplumun 70 faizə yaxınının məhkəmə sisteminə inamı yoxdur.
Digər tərəfdən istənilən an qanunlara dəyişiklik edilməsi yolu ilə haqsızları haqlı çıxarmaq olar. Məsələn, indi də korrupsiya qalmaqalı ilə bağlı qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur. Axı söhbət nazir övladlarının və hətta baş nazir oğlunun azadlığına yaranan təhlükədən gedir.
Toplumun «ədalət təpkisi»nin nümayişinin ikinci yolu isə seçkilərdir. Bizdəki seçkilər haqqında danışmağa belə dəyməz. Onların nəticəsi bütün hallarda dəyişməzdir və öncədən məlumdur. Bir sözlə, burada da mövcud leqal institutlar çərçivəsində toplumsal təpki nümayişi üçün heç bir imkan yoxdur. Keçək Türkiyəyə.
Türkiyə sorğu mərkəzləri hakim AKP-nin səs faizinin 42%-ə enməsi haqda açıqlamalar yayıb. Rəy mərkəzləri qeyd edirlər ki, dekabrın 17-də keçirilən rüşvət və korrupsiya əməliyyatı bu səslərin azalmasına həlledici təsir göstərib. Bu sırada CHP-nin səsləri 29%-ə, MHP-nin səsləri isə 19%-ə qalxıb. 2003-cü ildən bu yana seçimlərdə hakim AKP Türkiyədə təkbaşına iqtidara gələrək hökuməti formalaşdırır.
Bax burada Türkiyə Azərbaycandan fərqlənir. Yada salmaq yerinə düşər ki, Türkiyədə çoxpartiyalı sistem İkinci Dünya müharibəsindən sonra formalaşmağa başlayıb. Bu isə o deməkdir ki, son 60 ildə keçirilən seçkilərdə Türkiyədə yeddi dəfə iqtidar dəyişikliyi olub. Yəni gerçək seçkilərin yarısından çoxunda hakimiyyət dəyişikliyi baş verib.
Təsadüfi deyil ki, AKP-siz Türkiyənin gələcəyi ilə bağlı ciddi müzakirələr gedir. Çünki dalbadal üç seçki keçiriləcək. Və bu seçkilər AKP-nin və Rəcəb Tayyib Ərdoğanın siyasi taleyini həll edəcək.
[email protected]