Top NATO-nun meydançasındadır
NATO-nun bu ilə planlaşdırılan Uels Sammiti ərəfəsində regionumuzla bağlı xüsüsi maraq doğuran hadisə bir neçə ay öncə Tbilisidə baş verdi. Fevralın 11-12-də qonşu paytaxtda Komitə başçısı general Knud Bartelsin iştirakı ilə NATO-nun daimi orqanı olan və Şimali Alyansın ali hərbi instansiyası sayılan NATO Hərbi Komitəsinin iclası keçirildi. Ümumiyyətlə, Gürcüstanın, Baltikyanı ölkələri nəzərə almasaq, keçmiş sovet respublikaları arasında NATO ilə ən sıx əməkdaşlığa meyilli ölkə olduğunu söyləsək, yanılmarıq. Belə ki, NATO-nun 2006-cı il Riqa Sammitindən başlamaqla, davamlı olaraq 2008-ci il Buxarest, 2010-cu il Lissabon və eləcə də 2012-ci il Çikaqo Sammitində Gürcüstanın Şimali Atlantika Alyansına üzv olmaq istəyinin və bu yöndə atdığı addımların təşkilat tərəfindən tam bəyənildiyi və dəstəkləndiyi ifadə edilib.
Gürcüstanın 2015-ci ildən NATO-nun Çevik Qüvvələrinə (NRF -NATO Response Force) qoşulacağı və bu prosesin maliyyələşməsinin ABŞ tərəfindən gerçəkləşəcəyi artıq rəsmi bəyan edilib.
Builki Tbilisi görüşlərindən sonra NATO tərəfindən Azərbaycana da eyni əməkdaşlıq formatının təklif edildiyi və hətta bu yöndə sazişin hazırlanması haqda müəyyən xəbərlər də yayılmışdı. Fikrimcə, Azərbaycan Rusiyanın yeni imperiya ambisiyalarının artdığı bir durumda Ukraynanın aqibətini təkrar etməməsi üçün ya nüvə silahına sahib olmağıyla, yaxud da NATO-ya tamhüquqlu üzv olmasıyla sığortalana bilər.
Birincinin qeyri-mümkün olduğunu nəzərə alsaq, yeganə çıxış yolu kimi NATO-ya üzvlük qalır. Bu nöqteyi-nəzərdən, Azərbaycanın Şimali Atlantika Alyansı ilə daha da sıx əməkdaşlıq etməyinin xüsusi həyati önəm daşıdığı aydın şəkildə görünür.
Lakin Rusiya keçmiş sovet respublikalarının ərazisində, o cümlədən də Azərbaycanda etnik zəmində hərbi münaqişələr yaratmaqla həm bu ölkələri öz təsir dairəsində saxlayır, həm də eyni zamanda NATO-ya üzvlük cəhdlərini əngəlləmiş olur. Bildiyimiz kimi, ərazisində həll olunmamış münaqişələr olan ölkələrin Şimali Atlantika Alyansına üzv olması bu qurumun nizamnaməsinə ziddir. Ancaq müasir gerçəklikləri və xüsusən də Ukraynayla bağlı cərəyan edən son hadisələri nəzərə alsaq, NATO-nun bu «ikili» vəziyyətdən yeganə çıxış yolu — bu maneəni aradan götürməklə üzvlük siyasətinin radikal şəkildə dəyişməsi olardı. Xüsusən də NATO daxilində artıq Türkiyə-Yunanıstan «Kipr problemi» kimi bir presedentin mövcud olduğunu nəzərə alsaq, belə bir hal mümkündür.
İstənilən halda, Gürcüstanın 2008-ci il acı təcrübəsini və xüsusən də Ukrayna ilə bağlı mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan bu istiqamətdə çox ehtiyatla davranmalıdır. Zənnimcə, Azərbaycanın bu quruma tamhüquqlu üzv olmasıyla bağlı NATO-nun qəti və konkret addım atmağa hazır olmadığı halda, Azərbaycan Kremli qıcıqlandıra biləcək hər hansı bir aşkar addımlar atmaqdan yayınmağa çalışmalıdır. Çünki Qərbin Krım hadisələrində nümayiş etdirdiyi acizliyi və qətiyyətsizliyi bir acı və ayıldıcı dərs oldu.
Nəzəri də olsa, ideal variant kimi, Azərbaycanın Uels Sammitində NATO-ya birbaşa üzvlük sazişinin bağlanılması və bu haqda qəti qərarın qəbul edilməsi olardı. Lakin bu, şübhəsiz, bir çox aydın və gizli səbəblərə görə mümkün görünmür, çünki ən azından bu addım hər iki tərəfdən çox güclü iradə və cəsarət tələb edərdi.
Başqa səbəb — NATO-nun bir qurum olaraq monolit bir mövqedən çıxış edəcəyi şübhə doğurur, çünki NATO-ya daxil olan əksər Avropa ölkələrinin Rusiyadan kəskin enerji asılılığı səbəbindən onların sərt addım atacağı o qədər də real görünmür.
NATO-nun bir sıra keçmiş sovet respublikaları ilə — xüsusilə də Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə əlaqələrinin gücləndirilməsi perspektivinə gəlincə, Ermənistanı çıxmaqla bu ölkələrin vaxtilə postsovet məkanında Rusiyanın imperiya siyasətinə qarşı yaradılan yeganə qurum olan GUAM-ın üzvləri olduğunu görərik.
Yəni, Ermənistan xaric, bütün bu ölkələr NATO-ya üzv olmağa gerçəkdən meyilli ölkələrdir və Qərb tərəfindən real təhlükəsizlik zəmanəti aldıqları təqdirdə Rusiyanın çoxəsirlik təsir dairəsindən çıxıb qərbyönlü siyasət yürütməyə, demək olar, tam hazırdılar.
İdman dilində deyilsə, «top» indi NATO-nun meydançasındadır…