Muəllif:

«Tıxac» problemi

Qabaqlar yollarda «tıxac»ların konkret vaxtı vardı. Səhər tezdən camaat işə gedəndə və bir də axşam işdən evə qayıdanda. Adına da «pik saatı» deyərdik. İmkan daxilində çalışardıq ki, həmin saatlarda yola çıxmayaq. İndi kələfin ucunu itirmişəm. Nə «pik saatı» var, nə şənbə-bazar. Bakıda həftənin istənilən günü və saatı sürücü üçün cəhənnəm əzabıdır. Şəhərin bu başından o başına getmək üçün ən azı günün yarısını itirirsən. Vaxt cəhənnəm eee… Bu, o qədər də önəmli deyil. Çünki o, qabaqlar idi, deyərdilər ki, vaxt puldur. İndi bunun fərqi yoxdur. Vaxt «N» qədər. Guya məşğul olası nə var ki? Əhalinin yarıdan çoxu bekardır. Heç bilmir ki, vaxtını hara «xərcləsin». Rəsmi statistikanı demirəm haaa… Ora baxanda adamın millətə paxıllığı tutur.
Bu «probka»larda itirilən əsas əsəb və yanacaqdır. Nəyə görə əsas deyirəm? Ona görə ki, çox vaxt «tıxac»larda adamlığımızı, əxlaqımızı, sürücülük mədəniyyətimizi də itiririk. Əlbəttə, bu, hamıya aid deyil. Amma, məsələn, bir də görürsən ki, 10-15 nəfərin sakitcə dayanıb qırmızı işığı gözlədiyi vaxt özünü «ağıllı» sayan biri sənin sol tərəfinlə, qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxaraq cumur qabağa. Daha fikirləşmir ki, qarşıdan gələnin yolunu kəsib «tıxac» yaradır və yanından keçdiyi hər kəs onun ölüsünü-dirisini «yada» salır. Həm də elə «yada» salır ki, yəqin, qulağı ilə eşitsə idi, qan düşərdi. Bəlkə elə eşidənlər də olur, amma salırlar sifətlərinin qırmızı yerinə.
Və yaxud başqa bir misal. Şəhərimizin bəzi küçə və prospektlərində sağa və ya sola dönməni trafik işıqlarının əlavə göstəricisi tənzimləyir. De gəl ki, bir də görürsən, düz getmək istəyən bir tərbiyəsiz həmin cərgəyə girib, bütün hərəkəti saxlayır. Başını pəncərədən çıxarıb onu söyməkdən başqa əlacın qalmır. Mən hələ maşınlarını harada gəldi saxlayan «ağıllı» sürücülərdən danışmıram. Çox qəribədir, bizim bəzi sürücülər elə bilirlər ki, qəza işıqlarını yandırmaq onlara haqq verir ki, maşını necə gəldi və harda gəldi saxlasınlar. Ən maraqlısı odur ki, bu məsələlərdə ən çox «zəhməti» olanlar sərnişin daşıyıcıları, yəni avtobus və taksi sürücüləridir.
Əlbəttə, «tıxacların» yaranmasında tərbiyəsiz sürücülərin payı az deyil, amma aidiyyəti qurumların da bu məsələ ilə bağlı zəif işlədiklərini qeyd etməsək, düzgün olmaz. Vaxtaşırı televiziyada, radioda, qəzetlərdə müəyyən tədbirlər planının müzakirə olunması ilə bağlı məlumatlara rast gəlirik. Amma təəssüf ki, bu, elə müzakirədən o yana keçmir. Körpülər tikilir, ötürücülər salınır, nəticə isə yoxdur ki, yoxdur. Bu məsələlərə məsul olan şəxslərin bir yerə yığışıb konkret və qəti qərar qəbul etmələrinin vaxtı çoxdan çatmayıbmı? Vallah, camaat əziyyət çəkir. Axı yazıqdır bu millət. Ay bu işlərə məsul olan vəzifəli şəxslər, axı bu, sizin işinizdir. Əgər vəzifə borcunuzu yerinə yetirməyə savadınız və qabiliyyətiniz çatmırsa, heç olmasa bunu etiraf edin, imkan yaradın ki, səriştəsi olan şəxslər bu işlərlə məşğul olsunlar. Birdən elə fikirləşərsiniz ki, özümü nəzərdə tuturam haa. Qətiyyən. Amma inanıram ki, xalq içərisində bu işin peşəkarları az deyil. «Tıxac», ümumi dərd olduğundan, camaat arasında ən çox müzakirə olunan mövzulardandır və bəzən problemin həlli üçün söylənilənlərin içərisində maraqlı təkliflərə də rast gəlirik. Məsələn, əhalinin kütləvi axınının olduğu yerləri (universitetlər, iri səhiyyə ocaqları, iri ticarət mərkəzləri, vətəndaşların sıx-sıx əlaqə saxlamalı olduqları dövlət qurumları və ictimai müəssisələr və s.) mərkəzdən kənara köçürmək, regionlardan gələn avtomobillərin şəhərə girişini məhdudlaşdırmaq, yalnız müəyyən olunmuş vaxtlarda və saatlarda buraxmaq və ilaxır. Əlbəttə, meqapolislər üçün hərəkət intensivliyi xarakterik haldır. Amma daha bizdəki kimi yox daa. Dediyim odur ki, hər halda çıxış yolu olmamış deyil.
Qabaqlar nağıllarda oxuyardıq. Ölkədə hər hansı bir çətinlik yarananda padşah əmr verərdi, carçılar da car çəkərdi ki, filan məsələnin həlli yolunu kim tapsa, şah ona filan-filanı ənam edəcək. Ağıllı adamlar da gəlib öz təkliflərini verərdilər. Axırda da biri ənamını alıb gedərdi. Deyəcəksiniz ki, bu ancaq nağıllarda olur. Amma neyləyim, mən hələ də nağıllara inanıram.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 346