Tezliklə avtokreditlər daha ağır şərtlərlə bərpa olunacaq
Avtomobil kreditlərinin verilməsinə qoyulan qeyri-rəsmi qadağanın real səbəbi deyəsən, aydın oldu. Bu, nə problemli kreditlərin çoxluğudur, nə də son illər aktual olan tıxac problemi. İqtisadçı Samir Əliyev deyir ki, əsas səbəb benzin istehlakının son illər artımı səbəbindən daxili istehsalın istehlakla ayaqlaşa bilmədiyidir. Artıq Azərbaycan benzin idxalından asılıq sahəsində ilk addımı atdı. Yaxın dövrdə ölkəmizin benzin ixracatçısından idxalatçısına çevrilmək təhlükəsı tam real görünür:
”Əgər Aİ 98 markalı benzinin idxalının səbəbi sadəcə, bu markalı benzinin emalının ölkədə mümkünsüzlüyü idisə, aşağı markalı benzinlərin idxalının stimullaşdırılmasının ancaq bir səbəbi var: ökədə durmadan artan tələbatı ödəmək”.
Hökumət ilk addımını atdı. Nazirlər Kabinetinin 21 yanvar 2014-cü il tarixli, 16 saylı Qərarı ilə «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» Qərara dəyişiklik edildi. Dəyişikliyə görə, Azərbaycana gətirilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədli və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98-dən az oktan ədədli mühərrik benzininin 1 tonu üçün 250 ABŞ dolları məbləğində aksiz dərəcəsi 1 dollar müəyyən edilib. Bundan başqa gömrük idxal rüsumlarının dərəcələrinə dəyişiklik edilərək iyunun 1-dək mühərrik benzinini 15% idxal rüsumundan azad edib. Qərar 2014-cü il iyunun 1-dək qüvvədə olacaq.
Nə müddətdir dövri mətbuatda ölkədə benzinin istehlakının maksimum həddə çatması barədə məlumatlar gedir. Dövlət Neft Şirkəti benzin ixracını bu ildən dayandırması vəziyyətin ciddiliyini göstərirdi. Çünki benzinin ölkə daxilində istehlakı artıq yerli istehsal səviyyəsinə çatıb və yerli istehsal hesabına yalnız daxili tələbatı ödəmək mümkündür. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev açıqlamasında benzin idxalını istisna etməmişdir. Benzin istehlakı hər il orta hesabla 10 faiz artır. Belə ki, 2007-ci ildə benzin istehlakı 784,9 min ton idisə, 2012-ci ildə 1,24 milyon tona qalxıb. Bu müddətdə istehlakın həcmi 60% artıb. Dizel yanacağı da əhəmiyyətli dərəcədə artım müşahidə edilib. Bu yanacaq növündə artım 92% qeydə alınıb.
Həmin dövrdə bütün növdən olan avtomobillərin artımı 47% olub. Bütün növdən olan avtobillərin, o cümlədən avtobusların, yük maşınlarının sayı 773 mindən (2007) 1,136 milyona (2012) çatıb.
Göründüyü kimi, yanacaq sərfiyyatının artım tempi avtomobilin artım tempini üstələyir. Bunun səbəbi bir tərəfdən avtomobil parkının köhnə olmasıdırsa, əsas səbəbi avtomobillərin böyük hissəsinin toplaşdığı Bakı şəhərində tıxacların mövcudluğudur. İri həcmli maşınlara meyilli olmağımız cüzi də olsa istehlak artımına təsir göstərir.
Təbii ki, bu vəziyyət uzun sürə bilməzdi. Özü ilə benzin istehlakını stimullaşdıran sürətli avtomobil artımı əlavə benzin idxalına ehtiyac yaradır. İqtisadçı deyir ki, çıxış yollarından olan yanacağın bahalaşması addımı bir o qədər də effekt vermir. Ən azı dekabr artımı bir daha göstərdi ki, qiymətlərin artımı labüddür. Alternativ enerjidən istifadənin ən aşağı səviyyədə olması və iqtisadiyyatın daha çox yanacaqtutumlu olması yanacağın bahalaşmasını təhlükəli edir. Bu inflyasiya təyziqini gücləndirməklə yanaşı əhalinin həssas təbəqəsinə zərər vurur.
“Əlavə benzin idxalı isə benzinin növbəti dəfə bahalaşması qaçılmaz edir. Bu vəziyyətdə hökumət bir neçə addım atdı. Əvvəlcə aksiz vergilərini artırmaqla yanacağın qiymətini qaldırdı. Ardınca idxal olunacaq yanacaq üçün aksiz vergisini müvəqqəti də olsa götürdü. Bununla da idxal yanacağı ilə ölkə daxilində satılan yanacağın qiymətləri arasında olan fərqi aradan götürdü. Paralel olaraq avtokreditləri qadağan etdi. Bu addımlar təbii ki müvəqqəti xarakter daşıyır və uzunmüddətli dövr üçün səmərə verməyəcək. Yalnız qısa müddətə hesablanmış tədbirlərdir”, deyə Əliyev vurğuladı.
Onun sözlərinə görə, benzin istehlakı o səviyyəyə çatıb ki, mövcud neft-emalı zavodunun emal gücü həmin ki daxili tələbatı ödəməyə çatır. Zavodun illik benzin istehsal gücü 1,4 milyon ton səviyyəsindədir. Daxili tələbat isə 2013-cü ildə 1,3 milyon tonu da keçib. Mövcud NEZ-ə sərmayə qoymaqla benzin istehsalını artırmaq iqtisadi baxımdan səmərəli deyil, yenisi isə 10 ildən sonra istifadəyə veriləcək.
Əliyevin fikrincə, avtokreditlərin dayandırılması yolverilməzdir:”Əvvəlki açıqlamalarımızda da qeyd etmişik ki, bu bank sektoru üçün problem yaradacaq. Bu addımın iqtisadiyyata təsiri barədə də yazmışdıq. Guman ki, Mərkəzi Bank avtokreditlərin verilməsi yaxın həftələrdə bərpa edəcək. Ancaq hər bir halda şərtlər ağırlaşdırılacaq. Azərbaycanda ucuz neft pulları dövrü bitdiyi kimi asan avtomobil kreditləri dövrü də bitdi. Bundan sonra kreditlə avtomobil almaq çox çətin olacaq”.
İqtisadçı hesab edir ki, hökumət isə avtomobil satışını və idxalını məhdudlaşdırmaq əvəzinə daha səmərəli addımlar atsa yaxşı olar. Axı, adambaşına düşən avtomobillərin sayına görə, biz nəinki Avropa ölkələrindən hətta bir çox MDB ölkələrində geri qalırıq. Qonşu Gürcüstan da bu məsələdə bizi qabaqlayır. Deməli, problemin kökündə avtomobil sayı deyil.
Hökumət hansı addımları ata bilər? sualına iqtisadçı konkret təkliflərini irəlini sürür:
1. İlk növbədə avtomobil parkının təzələnməsinə diqqət yetirməlidir. Bu barədə ən azı Rusiya təcrübəsi var. Xüsusi dövlət proqramı hazırlanmalı, köhnə, ekologiya üçün zərərli avtomobillərin dövriyyədən çıxarılmasına başlanmalıdır.
2. Qənaətli və kiçik həcmli avtomobillərin, xüsusən də alternativ yanacaqla işləyən (hivrid, elektromobil) avtomobillərin idxalının stimullaşdırılmasına başlanmalıdır.
3. İrihəcmli avtomobillərin idxalı maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Bunun üçün xüsusi vergi rejimi tətbiq edilməlidir. Məsələn, Qazaxıstanda motorunun həcmi 3 min kub.sm-də çox olan maşınlar əlavə vergiyə cəlb edilir.
4. Nəhayət tıxac probleminin həlli. Müşahidələr göstərir ki, tıxaclar yanacaq sərfiyyatını avtomobilin növündən asılı olaraq ən azı 20-30% artırır.
P.S. Son məlumata görə, ARDNŞ-nin nəzdində olan H.Əliyev adına Neft Emalı Zavodunun aprel ayında təmirə saxlanılır. Rekonstruksiya addımlarının nəticəsi olaraq zavodun neft emalı gücü 1 milyon ton artırılacaq.