Tədqiqatçı əlaqələri — bu necə qurulmalıdır?
Xəzər Universitetində Britaniya Şurasının Azərbaycan nümayəndəliyi Xəzər Universiteti və Nottinqam Universiteti ilə birgə “Tədqiqatçı əlaqələri” layihəsi çərçivəsində ilk seminarı martın 25-dən davam edir və sabah tamamlanacaq. Mövzu “Azərbaycan və Birləşmiş Krallıqda təhsil liderliyi və siyasəti: məktəblərin təkmilləşdirilməsi ilə bağlı potensialın yaradılması” dır. “Tədqiqatçı əlaqələri” layihəsinin məqsədi Birləşmiş Krallıq və Azərbaycanda ümumi tədqiqat maraqlarını bölüşən, yeni karyera quran elmi tədqiqatçı qrupları arasında əlaqələr qurulmasına imkan yaratmaqdır.
Seminarı professor Hovard Stivenson (Nottinqam Universiteti) və filologiya üzrə fəlsəfə doktoru Elza Səmədova (Xəzər Universiteti) koordinasiya edirlər. Digər aparıcı tədqiqatçılar professor Kris Day (Nottinqam Universiteti) və professor Hamlet İsaxanlı (Xəzər Universiteti) da seminara qatılıblar. Seminarda təhsil liderliyi və təhsil siyasəti üzrə ixtisaslaşan Azərbaycandan 16 tədqiqatçı və Birləşmiş Krallığın müxtəlif ali təhsil müəssisələrindən 13 tədqiqatçı öz tədqiqat nəticələrini müzakirə etmək üçün toplanacaq və bu seminarın nəticələri növbəti ay Azərbaycanda nəşr olunacaq.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı layihəyə öz münasibətini bildirərək dedi: “Elmi tədqiqatlar sizin öz sahənizi nə dərəcədə bilmənizdən və daim inkişaf edən beynəlxalq tətqiqatçılar şəbəkəsindən asılıdır. Təcrübəli alimlərin tez-tez səyahət etmək imkanları var, amma bu seminarın xüsusiyyəti gənc tədqiqatçılara zəruri imkanlar yaratmaqdan ibarətdir. Onların hər birinə uğurlar arzulayıram ”.
Britaniya Şurasının Azərbaycandakı direktoru Elizabet Vayt bildirdi: “Bu seminarın məni xüsusilə maraqlandırmasının səbəbi sadəcə olaraq, Britaniya və Azərbaycan arasında tədqiqatların bölüşülməsi deyil, həm də seminarın mövzusunun Təhsil Nazirliyinın təklif etdiyi məktəblərin inkişaf etdirilməsi üçün bacarıqların aşılanması kimi islahatların burada öz əksini tapmasıdır. Ümid edirəm ki, seminarın nəticələri tədqiqatçılar və təhsil siyasətinin qurucuları üçün faydalı olacaq”.
Layihə haqqında daha ətraflı məlumat əldə etmək üçün [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərsiniz.