Tarixçi alim Eldar İsmayılov həyata vida etdi
Tarixçi alim Eldar İsmayılov həyata vida etdi. Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin “Slavyan ölkələrinin tarixi” kafedrasının professoru Eldar İsmayılov 30 mart 1950-ci ildə Bakıda doğulub. 1967-ci ildə 150 saylı şəhər orta məktəbini bitirib və BDU tarix fakültəsinə daxil olub. 1971-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinə köçürülüb, 1973-cü ildə bu nüfuzlu ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
İsmayılov 1973-1976-cı illərdə MDU tarix fakültəsinin aspiranturasında oxuyub, 1977-ci ildən BDU-da müxtəlif vəzifələrdə — universitetin tədris hissəsinin rəisi, baş müəllim, dosent, professor vəzifələrində işləyib. 1990-1994-cü illərdə tarix fakültəsinin dekanı, 1996-1999-cu illərdə tarixşünaslıq və mənbəşünaslıq kafedrasının müdiri vəzifəsində çalışıb. BDU tarix fakültəsinin professoru idi.
İctimai fəaliyyəti sırasında «Vətəndaş Cəmiyyəti Uğrunda» Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru olaraq fəaliyyət göstərirdi.
İsmayılov 60 məqalə, 7 monoqrafiya və kitabların müəllifidir. Tarixi planda ilk dəfə olaraq Azərbaycanın sosial strukturunda müharibədən sonrakı dəyişiklikləri araşdırıb. XX əsrin 40-50-ci illərində Azərbaycanın siyasi tarixini öyrənən monoqrafiyaların müəllifidir. Redaksiyamızla əməkdaşlıq edir, vaxtaşırı AYNA və ZERKALO səhifələrində dəyərli məqalələrlə çıxış edirdi.

