Tanıdığım Muğanna
Bu il öncə Tofiq Abdini, sonra da Muğannanı itirdik. 2014 ili Azərbaycan ədəbiyyatı üçün hüzün ili oldu. Tanışlar, dostlar birər payız yarpaqları kimi tökülməkdə və ətraf səssizləşməkdə…Şair Cahit Sıtkının dediyi kimi: «Gördüm yapraklarımın bir-bir döküldüğünü…»
İllər öncə ustad İsa Muğannanın kiçik bir hekayəsini oxumuşdum. Hekayədə Bakıya olduqca uzaqda olan bir kənddən bəhs edirdi. Hekayənin ismini belə xatırlamıram. Amma hekayədəki insanlar, sosial münasibətləri, bir-birləriylə danışarkən insanı sarıb sarmalayan dialoqlar hələ də hafizəmdə capcanlı durmaqdadır. O hekayəni oxuduğumda «bax, ədəbiyyatın gücü budur» demişdim öz-özümə…
Sonra aradan illər keçdi və onunla qohum olduq. Ailəsiylə birlikdə ən xoşbəxt günümə təşrif etdilər. Yaşlı və xəstə olmasına rəğmən məclisin sonuna qədər sağlıqlı bir gənc insan kimi nəşəsini itirmədən, oturduğu yerdən o uşaq təbiətli saf və şirin baxışlarıyla hər kəsə gülümsədi. Sonra da kamera və mikrafon ona uzadıldıqda heç gözləmədiyim bir coşqu və diriliklə on dəqiqəyə qədər danışdı. Türkiyə ilə Azərbaycanın necə bir-birinə yaxın olduğundan və illərin birikmiş həsrətinin indi ağır-ağır da olsa necə qovuşmalarla sona gəlməyə başladığını bir ədəbiyyat ustadına yaraşan şəkildə söylədi. Hər kəs can qulağıyla onun o müdrik sözlərini dinləyir və bal kimi dilindən axan kəlmələri heç qaçırmadan ağlında tutmağa çalışırdı. Yerimdən qalxıb yanına getdim və kiçik, yumşaq əllərindən öpdüm.
O gündən sonra Almaniyadan hər bayramda ona zəng edir, hal-xətrini soruşurdum. Çox məmnun olur, sevinir, o da məndən yeni bir şeylər yazıb yazmadığımı soruşurdu. Ən son Novruz bayramında zəng etmişdim, amma rahatsız olduğu üçün danışammamışdım.
Azərbaycana da getdiyimdə mütləq evinə gedir, qısa da olsa onunla söhbət edərək, onun təcrübələrindən, tövsiyələrindən yararlanmağa çalışırdım. Onun haqqında «Muğanna» isimli bir məqalə yazmışdım. O məqalə Azərbaycanda, Türkiyədə çeşidli dərgi və qəzetlərdə yayınlandıqdan sonra mənim son çıxan «Kaşğardan Berlinə Portretlər və Kitablar» isimli kitabımda da yayınlanmışdı. Məqaləni oxumuş və çox sevinmişdi. O incə və ruhu oxşayan səsi hələ qulaqlarımdadır: «Yaxşı yazıbsan!» Bu qısacıq söz və ardından gözlərinə qədər yayılan gülümsəmə mənim üçün ən böyük mükafat olmuşdu. Biz millət olaraq dəyərli insanlarımızı, nə yazıq ki, yaşarkən o qədər də önəmsəmir və yetərli dəyəri vermirik. Onun yaşadığı Hüsü Hacıyev küçəsindəki beşinci mərtəbədə olan kiçik dairəsindəki yalnızlığı və gözlərini pəncərədən Bakının üfüqlərinə dikişi hər zaman gözlərimin önündədir. Son dönəmlər gözləri də heç yaxşı görmürdü. Amma hələ yazma həvəsi və coşqusu içində vardı. Hər maraqlandığımda: «Ağlımda yazacaq çox hekayə var, amma kim qiymət verir ki!» deyirdi. Bu sözlər Azərbaycan kimi bir ölkənin yetişdirdiyi belə böyük bir ədəbiyyatçı üçün çox acıydı. İsa Muğanna kimi bir yazıçı Avropada olsaydı, baş tacı edilirdi. Onun «Məhşər» isimli romanından başqa heç bir əsəri Türkiyədə belə yayınlanmamışdı. Daha ədəbiyyata yeni başlayanların belə əsərləri, rəsmləri, isimləri dostluq və xətir adına Türkiyədə dərgilərdə yayınlanarkən İsa Muğanna unudulmuş və ya məxsus unutdurulmuşdu. Amma ədəbiyyat tarixi elədir ki, siz nə qədər təbliğat edirsiniz edin, gələcəyə ancaq gerçək dəyərlər qala bilər. Bu nədənlə İsa Muğanna da Azərbaycan ədəbiyyatının ən böyüklərindən biri olaraq ədəbiyyat tarixində yerini alacaqdır.
Gənc ədəbiyyatçıların ondan öyrənəcəkləri çox şey vardır. Üslub, təmiz bir dil, insanı yormayan dialoqlar, dilin içində xəzinə olaraq qalmış deyimlər, ata sözləri İsa Muğannanın gənc ədəbiyyatçılara qoyduğu ən gözəl mirasdır. Onun əsərlərinin heç birində oxucu yorulmur, bu söz burada artıqdır demir, deyəmmir. Çünki o yazarkən həyatı olduğu kimi alıb heç sünilik qatmadan oxucunun gözləri önünə gətirir. Onun əsərlərindəki insanlar uydurulmuş, ideoloji və təbliğata qurban edilmiş insanlar deyildirlər. Onlar ətrafımızda, kəndimizdə, yanımızda duran insanlardır. Onların öz aralarındakı söhbətləri, acıları, həsrətləri Muğannanın usta qələmində daha da rənglənərək və canlanaraq oxucuya çatır. Bunları ancaq və ancaq çox usta bir yazıçı bacara bilər və İsa Muğanna da bunu bacarmışdır.
Onun «Tütək səsi» isimli hekayəsi nə qədər təsirli və canlıdır. İkinci Dünya savaşından tam 69 il keçməsinə və bizim nəslin o savaşdan heç xəbəri olmamasına rəğmən, nə zaman o hekayəni oxusaq və ya filmini izləsək, o kənddəki insanlar sanki indi yanımızda yaşayırlar kimi bir hissə qapılırıq. Tapdıq və Cümrü qardaşlarının namus və həsrət duyğuları, onların bu duyğularla dəli kimi vurnuxmaları, dünyaya küsmələri, ruhlarındakı bütün üsyan və kədəri bir qamışın çıxardığı səsə yükləmələri hansı türkün ürəyində yara açmaz ki? Hansı türk bu iki gəncin duyğularından uzaq qala bilər və: «Mən başqa şəkildə davranırdım!» deyə bilər ki? Və oğul yolu gözləyən, həsrətindən saqqalı tir-tir titrəyən, sazını bir oğul kimi bağrına basan və sanki Dədə Qorqudcasına «Ruhani» havasını minlərcə il ötəsindən gəlmiş kimi bütün mənliyimizə köçürən o ataya nə deməli? Hansı qələm ustası bir atanı bu qədər ustaca təsvir və tərif etmişdir? İsa Muğanna, sadəcə, bir ədəbiyyatçı deyildi. O, Azərbaycan üçün adəta bir canlı tarixdi…
Onunla söhbət edərkən İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə kimi önəmli yazıçı və şairlər əsərləriylə birlikdə gəlib gözlərimin önündə dururdular. İllərcə onunla qonşuluqda yaşayan bu önəmli ədəbiyyatçıların əsərləri daha yayınlanmadan İsa Muğannaya oxunmuş, onunla müzakirə olunmuşdu. O, son əlli illik Azərbaycan ədəbiyyatının canlı şahidiydi və hafizəsində yüzlərcə xatirə, hekayə vardı. Kaş ki, biriləri onları o, daha yaşarkən yazıb ədəbiyyat dünyasına qazandırsaydı. Amma bizdə iyirmi birinci yüzildə belə araşdırma ruhu daha yetərincə oyanmamışdır.
İsa Muğanna çox sadə, utancaq və geniş ürəkli bir insandı. Onun usta qələmindən xəbəri olmayan bir insan onu uşaqlaşmış bir ixtiyar olaraq görə bilərdi. Onun uşaq təbiətli ruhu onu ziyarət edən hər kəsə sirayət edərdi. Danışarkən həmişə gülümsəyərdi. Gözləri həm sizə, həm də ötənlərə baxardı. Onun gözlərində «İdeal» romanının bitməzliyini də görmək mümkündü. O, «İdeal» romanını dəfələrcə yenidən yazmışdı. Bununla da ədəbiyyatda və sənətdə ölümsüzlüyün nə demək olduğunu anlatmaq istəmişdi. Onun son dönəmlərində ziyarətinə gedən, demək olar ki, hər kəsə bəhs etdiyi «Saf Ağ elmi» bəlkə də bizim anlaya bilmədiyimiz o ölümsüzlük dünyasının bir şifrəsi kimiydi. Amma biz onu nə yetərincə anladıq, nə də dinlədik!
Keçən il getdiyimdə İstanbuldan danışmışdıq. O, 1960-cı illərdə bir dəfə İstanbulu görmüşdü. Görüş qısa və qorxulu bir dönəmdə baş versə də, hafizəsində dərin bir iz buraxmışdı. Hələ Sultan Əhməd Camisinin böyük qübbəsini, göylərə uzanmış minarələrini və oraya girərkən içini dolduran rahatlıq və xoşbəxtlikdən danışa-danışa bitirəmmirdi. Aradan qırx ildən çox keçməsinə rəğmən bir şəhərin belə dərin bir şəkildə insanın ruhunda iz salması normal bir hadisə olaraq görüləmməzdi. Yaşlı, yorğun və xəstə olmasına rəğmən içində oraları yenidən görmək arzusu vardı. «İnşallah İstanbula sizi mən götürərəm» dediyimdə də necə uşaq kimi sevinmiş və ümidlənmişdi! Onu, təəssüf ki, İstanbula aparammadım. Amma ölüm xəbərini gecə yarısı aldığımda onun ruhuna göndərdiyim Fatihə və Yasin mütləq onun o uşaq təbiətli ruhunu almış Sultan Əhməd Camisinin üfüqündə gəzdirmişdir. O, indi ruhlar aləmində eynilə qəhrəmanı Nəsimi kimi «Məndə sığar iki cahan, mən bu cahana sığmazam!» deməkdədir.
Rahat yat, ağstafalı Muğanna!
Ruhun şad olsun, əziz əmim!