Tahir Salahovdan Parisə “Əsrlərin qovuşuğunda” təqdimatı
Dünən görkəmli rəssam Tahir Salahovun Paridə Fransa İnstitutuna “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi açılıb və bu ciddi tədbir münasibətilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da Parisə gəlib. “AzərTAc”a istinadən yayılan xəbərə görə, ünya şöhrətli rəssamın Paris sərgisinin açılışında iştirak etmək üçün Fransa İnstitutuna gələn Mehriban Əliyeva əvvəlcə Fransa İncəsənət Akademiyasının fəaliyyəti ilə tanış olub. Akademiyanın daimi katibi Arno Dotriv bildirib ki, 1662-ci ildə əsası qoyulan Fransa İnstitutu özündə müxtəlif sahələrə aid 5 akademiyanı birləşdirir və onlar Fransa tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif layihələr və elmi araşdırmalar həyata keçirir. Nadir memarlıq quruluşuna malik olan bu bina Sena sahilində yerləşir və onun memarı Lui Lövodur.
Arno Dotriv açılışda dünyada kifayət qədər tanınan Tahir Salahovun yaradıcılığına Fransada böyük maraq olduğunu və bu sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağını bildirib. O qeyd edib ki, Fransa hər zaman Tahir Salahov yaradıcılığı ilə təmasdan böyük şərəf duyur və bu amil bugünkü sərginin də əsas qayəsini təşkil edir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransada bu sərginin açılmasını Azərbaycan mədəniyyəti üçün tarixi hadisə kimi dəyərləndirib. “Fransa İncəsənət Akademiyasında ilk dəfədir ki, Azərbaycan rəssamının sərgisi açılır”, — deyən nazir, görkəmli fırça ustası Tahir Salahovun yaradıcılığının bütün insanlığa məxsus olduğunu vurğulayıb. Nazir deyib ki, Parisdə sərgilənən bu əsərlər bir daha Tahir Salahov yaradıcılığının akademik səviyyəsindən xəbər verir.
Xalq Rəssamı Tahir Salahov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıq edib, Mehriban Əliyevaya bu təşəbbüsə verdiyi dəstəyə görə təşəkkürlərini ifadə edib. Sərginin açılışını həyatının ən unudulmaz günlərindən birinə çevrildiyini deyən Tahir Salahov əsərlərinin Fransa İncəsənət Akademiyasında nümayiş etdirilməsindən şad olduğunu bildirib.
Sonra qonaqlar — Fransanın görkəmli mədəniyyət xadimləri, Parisdə akkreditə olunmuş diplomatik korpusun və Fransa hökumətinin nümayəndələri sərgi ilə tanış olublar.
Sərgidən sonra UNESCO-nun mənzil qərargahında qurumun baş direktoru İrina Bokovanın bu vəzifəyə yenidən seçilməsi münasibətilə rəsmi qəbul təşkil olunub.
Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.