Muəllif:

Susdurulmuş televiziya

…Mövcud olduğu 64 il ərzində Azərbaycan radiosu ilk dəfə idi ki, efirə vaxtından yarım saat əvvəl, özü də çağırış musiqisi olmadan, himnsiz, diktorsuz çıxırdı. Əvvəlcə bir uğultu gəldi, efiri xışıltı bürüdü, vahiməli taqqıltıların içərisindən qırıq-qırıq səslər eşidildi. Sonra kimsə kal səslə məlumat oxumağa başladı. Efirə tamamilə yad bir səs idi, bir az da ilan fışıltısına bənzəyirdi…
Yad səslə oxunan məlumat 20 Yanvar gecəsində Bakıda baş vermiş qanlı hadisələrin mahiyyətini yalanlarla ört-basdır edir, rus ordusunun törətdiyi vəhşiliklərə bəraət qazandırmağa çalışırdı. Haqsızlıqdan zəncir çeynəyən insanların imperiyaya nifrətini daha da coşduran bu səs Bakıda fövqəladə vəziyyət elan olunduğunu bildirir, komendant Dubinyakın əmrlərini oxuyur, əhalini evlərdə oturub küçələrə çıxmamağa çağırırdı.
Televiziya susurdu, daha doğrusu, bir neçə saat əvvəl enerji bloku partladılaraq susdurulmuşdu. Bakı qırğınını planlaşdıranlar bununla süni informasiya qıtlığı yaradaraq indi yalnız radio ilə istədikləri məlumatları yayırdılar.
20 Yanvarın acı səhəri bəd xəbərlər püskürürdü: 131 nəfər öldürülmüş, 742 nəfər yaralanmış, onlarca adam itkin düşmüşdü. İşğal olunmuş şəhər yas içindəydi, şaxtalı, sazaqlı və tutqun havadan ağır-ağır kədər yağırdı. İnsanlar nə axtardıqlarını özləri də bilmədən məyus halda qan tökülmüş küçə və meydanları dolaşırdılar. Nəqliyyat işləmirdi. Yalnız ağır tanklar mərkəzi küçələrdə öz bədheybət tırtılları ilə yolları oyaraq sağa-sola cövlan edirdi.
Səhər tezdən radioya işə gələn əməkdaşlar mərkəzi aparat sexində avtomatla qarşılandılar. Bütün studiyaların qarşısında üz-gözlərindən zəhrimar yağan əsgərlər keşik çəkirdilər. Artıq radionun diktor otağı da zəbt olunmuş və burada hərbi senzor fəaliyyətə başlamışdı. Senzor bəyan etmişdi ki, hələlik diktorlara ehtiyac olmayacaq, materialları efirə özləri oxuyacaqlar. Aydın idi ki, onlara inanmırdılar. Hərbiçilər arasında Azərbaycan dilində danışanlar da var idi. Radioya nəzarət edən polkovnik V.Pankovun yanında dil qəfəsə qoymayan və ədaları yerə-göyə sığmayan praporşik Etibar adlı birisi daha fəal görünürdü. Bu, səhər hərbi komendantın ilk «rəsmi» məlumatlarını höccələyə-höccələyə efirə oxuyan, həmin köntöy və zəhərli səsin sahibi E.Əzəmətov idi.
***
Sanki bütün dünyadan kömək və təsəlli istəyən Azərbaycan dinləyiciləri üçün əsas məlumat mənbəyi «Azadlıq» radiosu idi. Unudulmaz jurnalist Elmira Əmrahqızının o vaxt Bakıdan verdiyi ürəkdağlayan reportajları, Mirzə Xəzərin isə Münhendən təəssübkeşliklə yoğrulmuş şərhləri insanlara təskinlik, ümid və bir az da inam bəxş edirdi. Azərbaycan efirində yalnız matəm musiqisi səslənirdi və «xalqı ovudan» çıxışlar səslənirdi. Lakin qəflətən radio dalğalarında, sanki ildırımlar oynadı, gurultulu bir şimşək çaxdı, gözlənilmədən Ali Sovetin sədri Elmira Qafarovanın kəskin bəyanatı efirdə səsləndi.
Bu bəyanat bir kimsə ilə razılaşdırılmamışdı. Sadəcə, yanvarın 20-də günün ikinci yarısında E.Qafarova radionun rəhbərliyi ilə əlaqə saxlamış, sonra köməkçisinin müşayiətilə studiyaya gəlmiş və radio işçilərinin fədakarlığı sayəsində öz bəyanatını Azərbaycan və rus dillərində birbaşa efirdə oxumuşdu. Əməkdaşlar həmin bəyanatı lentə yazmış və gün ərzində bir neçə dəfə səsləndirməyə nail olmuşdular. Əlbəttə, olduqca sərt hərbi senzura şəraitində bu bəyanatı efirə vermək sadə iş deyildi. Ertəsi gün radio işçiləri həmin bəyanatı xarici verilişlər redaksiyası vasitəsilə gizlincə Türkiyəyə, İrana və ərəb ölkələrinə yaydılar. Bu «özbaşınalıq»dan bir az gec xəbər tutan hərbi senzor, general A.Ovçinnikov yanvarın 24-də bir neçə saatlığa xarici verilişləri tamamilə bağlatdırdı. Amma artıq gec idi. Bəyanat «Azadlıq» radiostansiyası ilə də səsləndirilmiş və bəzi qəzetlərdə çap olunmuşdu. Moskvanın ünvanına ağır ittiham və hədə kimi səslənən həmin bəyanat bu üsyankar cümlələrlə bitirdi:»Tökülən günahsız qanlar üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanlarının və onların vəzifəli şəxslərinin üzərinə düşür. Azərbaycan xalqı oğul və qızlarının bu cür faciəli surətdə həlak olmasını heç kəsə bağışlamayacaq».
Bu kəlmələr 20 Yanvar günlərində SSRİ rəhbərliyinə qarşı çox kəskin və cəsarətlə çıxış etmiş şeyxülislam Allahşükür Paşazadənin bəyanatının ahəngi qədər gərəkli və ovundurucu idi…
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 310