Suriyada döyüşən azərbaycanlılar kimlərdir?
Son günlər mediada və sosial şəbəkələrdə Suriyada Bəşər Əsəd hökumətinə qarşı döyüşlərdə Azərbaycan vətəndaşlarının həlak olması barədə məlumatlar və videolar yayılır. Suriya saytları da Azərbaycan vətəndaşlarının döyüşlərdə ölüm səhnəsini əks etdirən videolar yayıb. Bəzi yerli KİV-lər Suriyada onlarla, hətta yüzlərlə Azərbaycan vətəndaşının döyüşdüyü barədə məlumatlar dərc edirlər.
“Əbubəkir məscidi” dini icmasının imam camaatı Qamət Süleymanov Turan-a bildirib ki, Suriyada nə qədər Azərbaycan vətəndaşının olduğunu demək çətindir. Amma cəlbolunmanın səbəblərindən biri fikirdir. “Müəyyən radikal fikirlər var ki onlar nəinki Suriyada, dünyanın başqa yerlərində də bu kimi hadisələri dəstəkləyir. Eyni zamanda demək olmaz ki, Suriya və digər yerlərdə döyüşən insanların hamısı radikal fikirlidir. Onların bir qismi radikaldırsa, digər qismi intiqam almaq və ya kömək üçün gedib”, — o qeyd edib.
Xatırladaq ki, 2008-ci il avqustun 17-də “Əbubəkir” məscidində Qamət Süleymanova qarşı sui-qəsd cəhdi olub. Məscidə iki qumbara atılıb, üç nəfər ölüb və bir neçə nəfər yaralanıb.
Q.Süleymanov bildirib ki, radikal insanları Suriya və digər bölgələrə göndərənlərin mənbəyini demək çətindir: “Bunların bir qismi İnternet vasitəsi ilə əlaqə qururlar. Amma ölkədə müəyyən insanlar var ki bu fikri dəstəkləyir, insanları ora getməyə həvəsləndirir. Getməyənə kafir deyirlər, tənqid edirlər, pis baxırlar. Yəni, təbliğat gedir”.
O həmçinin Facebook səhifəsində Mədinə tələbələrinin Suriyaya gedənləri dəstəkləmədiyini əks etdirən bəyanat yayıb. Q.Süleymanov deyir ki, sənədi imzalayan Mədinə şəhəri Beynəlxalq İslam Universitetinin tələbələri Azərbaycan vətəndaşlarının başqa ölkələrdə döyüşməsinin əleyhinədir. “Biz deyirik ki, Suriyaya getmək səhvdir. Ümumiyyətlə, Suriyada bu hadisələri başlamağın özü səhv idi”, — o qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Turan agentliyinə bildirib ki, ilk öncə Suriyada sözügedən şəxslərin Azərbaycan vətəndaşı olub-olmamasını təsdiq etmək lazımdır. “İkincisi, Suriyada hazırda ümumi vəziyyət gərgindir və əksər ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəlikləri bu ölkədə fəaliyyət göstərmir. Azərbaycan səfirliyi isə Suriyadan Beyruta köçürülüb. Bütün bunlara baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyi məsələni araşdırmağa çalışır. Suriyada vəziyyətin gərginliyini diqqətə gətirərək problemin araşdırılması çox mürəkkəbliklər yaradır. Nazirlik hazırda araşdırmalarını davam etdirir”, — o bildirib.
Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə Turan-a deyib ki, MTN Azərbaycan Respublikasının milli maraqları və təhlükəsizliyinin əleyhinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirləri həyata keçirir və əməliyyat şəraitinə nəzarət olunur.