Muəllif:

Suallar və cavablar

Yeni ildə «Ayna»nın ilk nömrəsi üçün ilk yazını yazıram. Sözün düzü, tətildən sonra neçə illərdən bəri ilk dəfə idi ki, işə çıxmağa heç həvəsim yoxdu. Cismim də yorulub, beynim də. Fiziki yorğunluq heç də daş daşımaqdan irəli gəlmir, hər halda mən daş daşımıram. İş orasındadır ki, beyin dincəlmir. Axı bu beyində nə qədər sual dolaşar? Adətən, kiçik uşaqlar çox sual verər, çünki dünyanı öyrənmək istəyirlər. Hamı düşünür ki, böyüdükcə insan suallara cavab tapır və toxtayır, daha heç kimi sualları ilə zinhara gətirmir. Bəlkə də…
Amma bunun bir əmması da var. Sual verməmək heç də o demək deyil ki, insan artıq bütün cavabları tapıb. Sadəcə, böyüklər çox sual verəndə bu mərəzin altını çəkirlər və bunu bildiklərindən bir çoxları sualları olsa da, susmağa üstünlük verirlər. Amma suallar yox olmur — beyinə dolur və adamı içindən yeyir.
Kiçik olanda sualları atama verir və əksər hallarda cavab alırdım, cavabını almadıqlarımı da ürəyimə salmır, beynimə doldurmurdum. Bilirdim ki, indi olmasa da, az sonra onun cavabını atamdan öyrənəcəm. Sonra növbə mənə çatdı. Oğlanlarım mənə sual verməyə başladı. Çalışırdım öhdəsindən gəlim. Hər halda, körpə vaxtlarında məndən razı idilər…
Amma bunun da bir əmması varmış, çünki indi nə sual verməyə atam var, nə də özüm öz suallarıma hər vaxt cavab tapıram. Əslində, cavabları bilirəm, sadəcə, onları cavablandırmalı olanların onları anlamayacaqlarından xoflanıram. Qorxuram ki, həmin sualların öhdəsindən gəlməyim və vaxtı çatanda övladlarım da onları onları anlamayanlara verməkdən xoflansınlar və bu dünya elə belə gəlib, belə də getsin…
Amma bunun belə olmasını heç istəmirəm. Elə ona görə də günü-gündən artan suallar beynimi dincəlməyə qoymur.
Amma bu gün dincəldim, çünki dostlarım və həmkarlarımın «Ayna»ya yazdıqlarını oxudum və həzz aldım. Həm də nisbətən toxtadım. Gördüm ki, onların da yığılıb qalmış xeyli sualı var və onlar da cavabları bilə-bilə sualları kimə verəcəklərini bilmədiklərindən xoflanırlar…
Amma məni toxtadan bir səbəb də var — onlar, yəni dostlarım və həmkarlarım, düşünməkdən bezməyiblər. İnşaallah da bezməzlər, yoxsa həyat maraqsız, yaşamaqsa mənasız olar…
***
Dünənsə Kanadanın 1963-68-ci illərdə müdafiə naziri olmuş Pol Hellierin müsahibəsini oxudum. 90 yaşlı generalın söylədiklərinə görə, artıq neçə illərdir yadplanetlilər bizim aramızda gəzib dolaşır, hətta bəziləri NASA ilə də əməkdaşlıq edir, amma biz insanlarla öz qabaqcıl, kosmik nailiyyətlərilə bölüşməkdən imtina edirlər. Deyirlər ki, biz hələ onlardan istifadə etmək üçün yetişməmişik, çünki Yer kürəsinin qədrini bilmirik, ətraf mühit və təbiəti məhv edirik, heyvanları qırır, köklərini kəsirik, müharibələr aparırıq, kütləvi qırğın silahlarına külli miqdarda vəsait sərf edirik, bəşər övladının böyük bir hissəsi isə acından köpük qusur…
Qoca generalın dediklərinə inanmaq da olar, inanmamaq da. Amma dediklərində bir şeyə şəkk-şübhəm yoxdur. Biz hələ yetişməmişik, çünki bir-birimizin nə əsl qiymətini veririk, nə də qədrini bilirik.
Qorxuram, bu gedişlə suallarımıza cavab tapmaq üçün yadplanetliləri axtarası olaq…
***
Keçən bazar Suraxanıdakı «Atəşgah»a və Mərdəkandakı qalaların böyüyünə getmişdim. Gələn dəfə, inşaallah, bundan yazacam.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 714