Sovet tank taboru Lənkəranı tərk edəndə minaları dəniz boyu atıb gedib…
Lənkəranda dəniz sahili boyu ərazilərin minalardan təmizlənməsinə başlanıb. Martın əvvəllərindən başlanan əməliyyat nəticəsində xeyli sayda mina tapılaraq zərərsizləşdirilib. ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanovun sözlərinə görə, Lənkəran Rayon İH-nin sifarişi əsasında martın əvvəllərindən başlamış əməliyyat nəticəsində sahilboyu ərazidən xeyli sayda TM-62 tipli mina tapılaraq zərərsizləşdirilib. Ümumilikdə ANAMA tərəfindən sahildə 10 hektar ərazinin yoxlanılaraq minalardan təmizlənməsi planlaşdırılır.
Aparılan araşdırmalar zamanı ötən əsrin 90-cı illərində Sovet Ordusunun Azərbaycanı tərk edərkən dənizə – sahilə yaxın çox sayda mina atdığı məlum olub. Ləpələr bu minaların bir qismini sahilə çıxarıb. «Orada Sovet Ordusunun tank taboru yerləşib. Ərazidən dəniz istiqamətində poliqon kimi istifadə olunub. Balıqçıların sözlərinə görə, sahildən 50-60 metr məsafədə suyun altında çox sayda mina görüblər», — deyə ANAMA nümayəndəsi vurğulayıb.
Aslanovun sözlərinə görə, ANAMA dənizin bu səmtində minaların olub-olmadığını müəyyənləşdirmək üçün sahilə yaxın ərazilərdə sualtı kəşfiyyat çəkilişləri aparmağı planlaşdırır.