«Sovet» məhəlləsindən köçmək istəyənlər az deyil: 600-ə qədər müraciət daxil olub
İndiyə qədər Bakının “Sovet” məhəlləsində köçmək istəyən 600-ə qədər mənzil sahibi Köçürmə Komissiyasına müraciət edib. 449 nəfərlə razılaşdırma protokolu imzalanıb, artıq 330-a yaxın mənzil sahibinə vəsait ödənilib”. Bu son rəqəmlər barədə “Sovet” məhəlləsinin köçürülməsi ilə bağlı yaradılmış Köçürmə Komissiyasının üzvü, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov danışıb.
Ərizə ilə müraciət edənləri Köçürmə Komissiyasının həftədə üç dəfə (I, II və III günlər) qəbul etdiklərini bildirən İslamov vəsait ödənişi ilə bağlı problem olmadığını da qeyd edib. Onun sözlərinə görə, Köçürmə Komissiyası müraciət edən sakinləri köçürdükcə dövlət tərəfindən vəsait ayrılır və sakinlərə vəsait ödənilir: “Kim köçəcək, kim köçməyəcək, bu onların öz işidir. İnventarlaşma prosesi, ölçmə işləri isə köçmə ilə bağlı müraciətlərdən asılı olmayaraq bütün ünvanlarda gedəcək. Çünki dövlət tərəfindən vəsait ayrılır və söhbətin hansı sahədən getdiyi aydın olmalıdır. Həmin ərazidə 10 minə yaxın mənzil var, artıq 2 500 mənzildə inventarlaşma aparılıb”.
İslamov vurğulayıb ki, köçmək istəməyən sakinlər əvvəlki qaydada mənzillərində yaşamağa davam edə bilərlər: “Bu məsələ dövlət başçısının diqqətindədir. Komissiyanın sədri, baş nazirin müavini Abid Şərifov da son görüşdə bəyan etdi ki, köçmək istəməyənlər əvvəlki qaydada mənzillərində yaşamağa davam edə bilərlər. Köçürmə prosesi isə davam edir, çünki həmin ərazidə acınacaqlı vəziyyətdə yaşayan insanlarımız var. Bu insanlar bu şansdan istifadə etmək, mənzil şəraitlərini yaxşılaşdırmaq arzusundadırlar. Bunun üçün də dövlətimiz şərait yaradıb, müraciət edən insanlar müəyyən olunmuş qaydaya uyğun vəsait alırlar”.
Köçürmə Komissiyasında qəbula gələn sakinlər isə APA-ya açıqlamalarında bir sıra problemlərdən şikayətləniblər. M. Fətəli döngəsi, 10 ünvanında yaşayan Şahin Muradov ona 80,8 kv.m yaşayış sahəsi üçün 1 kv.m-ə 1500 manat, ancaq əlavə tiklilər üçün daha az vəsait təklif olunduğunu qeyd edib: “Həyətimizdə əlavə tiklilər var, ancaq bu əlavə tiklilər üçün 450-600 manat təklif olunur. Halbuki görüşlərdə anbar və digər əlavə tiklilər üçün də 1 kv.m üçün 1500 manat ödəniləcəyi bildirilmişdi. Hazırda Bakıda yeni tikilən binalarda təmirsiz mənzillərdə qiymət 1 kv.m üçün 1200 manatdan başlayır. Ona görə də narazıyam”.
Süleyman Rəhimov, 15 ünvanında yaşayan İradə İsgəndərova isə Köçürmə Komissiyasına razılaşma protokolundan imtina etmək üçün gəldiyini bildirib: “Evin anbar kimi istifadə etdiyim 12,97 kv.m sahəsi olan zirzəmiyə pul vermirlər. Yalnız yaşadığımız 41 kv.m sahəyə 1500 manatdan pul veriləcəyi bildirilib. Ona görə də mən köçməkdən imtina etdiyimi bildirmək üçün gəlmişəm və Köçürmə Komissiyasının qəbuluna düşərək qərarımı dəyişdiyimi, razılaşma protokolundan imtina edəcəyimi bildirəcəyəm. Çünki 41 kv.m üçün veriləcək pula mənzil almaq mümkün deyil”.
Sakinlərin narazı qaldığı məqamlarla bağlı APA-nın suallarını cavablandıran S. İslamov nəzərə çatdırıb ki, əlavə tiklilər mənzilin tərkibindədirsə, hər 1 kv. m üçün 1500 manat ödənilir: “Ancaq həmin əlavə tikili mülkiyyət ərazisində deyilsə, həmin şəxsin istifadə etdiyi həyətdə hər hansı anbar, sanitar qovşaq, yaxud mətbəxdirsə, vəziyyətindən, hündürlüyündən və sahəsindən asılı olaraq bu tiklilərin 1 kv.m-i üçün 600-900 manat arasında vəsait ödənilir”.
İslamov vəsait ödənilməyən qeyri-yaşayış sahələri ilə bağlı məsələyə də aydınlıq gətirib: ““Sovetski” məhəlləsində ikimərtəbəli evlərdə dövlətə məxsus zirzəmilər, qeyri-yaşayış sahələri var. Həmin qeyri-yaşayış sahələrinə vəsait ödənilmir. Əgər fərdi tikintidirsə, mülkiyyətlə bağlı dövlət çıxarışı varsa, həmin evlərin zirzəmisi üçün vəsait ödənir”.