Sosial mediamız, jurnalistikamız və əxlaqımız
Həftənin əvvəlində sosial mediada etik problemlərə həsr olunmuş dəyirmi masada iştirak edirdim. Mövzu zahirən çox cazibədardır, eləmi? Sosial media və etika: adama lap gəl-gəl deyir. Bizim qeybətsevər xalqın əksəriyyətinin könül verdiyi, çoxlarının isə yalnız öz məişətini nümayiş etdirmək üçün pəncərə açdığı sosial şəbəkələrdə etik qaydaları gözləmək çox önəmlidir. Amma bundan əvvəl bilmək lazımdır ki, sosial media deyilən şey nədir, nə üçündür və dünya ona niyə bu qədər önəm verir…
Bəli, ünsiyyətin yeni bir sahəsidir, texnoloji tərəqqinin, internetin bəşəriyyətə bəxş etdiyi böyük virtual imkandır. İfadə azadlığı, insanın öz düşüncə və fikirlərini yayması, yeni xəbərləri paylaşması baxımından sosial media əvəzsiz bir platformadır. Bu platforma fikir mübadiləsi aparmağın üsullarını və hüdudlarını xeyli genişləndirir. İnsanlar gördükləri, bildikləri, duyduqları məsələlər barədə yazır, problemləri gün işığına çıxarır, virtual aləmdə bir növ «dərdləşirlər». Çoxları məhz bu imkanlarına görə yanlış olaraq belə düşünür ki, sosial media jurnalistikanın bir qoludur, amma belə deyil.
Bilmək vacibdir ki, fərdlərin özünüifadəsi üçün nə qədər geniş üfüqlər açsa da, xəbəri adi insanlara nə qədər çox yaxınlaşdırsa da, tərəzinin gözünü cəmiyyətə tərəf nə qədər çox əysə də, onun problemlərini gündəmdə saxlasa da, sosial media qətiyyən jurnalistika deyil. Çünki jurnalistika deyilən sahə bütöv bir sistemdir, özünün qaydaları, prinsipləri və dəyərləri olan sistem. Təbii ki, söhbət indiki Azərbaycan jurnalistikasının bayquşlar ulayan xarabalığından deyil, ümumiyyətlə, bütün dünya jurnalistikası üçün normativ olan qayda və prinsiplərdən gedir. Peşəkar media üçün bir növ minalanmış sahəyə bənzəyən etik qaydalar da bu sistemə daxildir. Həmin qaydaların elementar tələbinə görə, verilən məlumatlar dəqiq, balanslı və qərəzsiz olmalıdır, jurnalist fəaliyyətini işıqlandırdığı qurumlardan təmənna güdməməli, onlardan uzaq dayanmalı, xüsusən siyasət və bizneslə özü arasında müəyyən məsafə saxlamalıdır. Həqiqi jurnalist yalnız həqiqətin axtarılıb tapılmasına xidmət etməlidir. Bilirəm, deyəcəksiniz ki, ay-hay, bəs onda bizimkilər niyə həqiqətə xidmət etmirlər? Sualın ən azı iki cavabı var: ya media mühiti buna imkan vermir, ya da jurnalistin əxlaqı yoxdur.
Bir az dərindən nəzər salanda problemlərin əksəriyyətinin əxlaq normalarına biganəlikdən qaynaqlandığını görməmək mümkün deyil. Mən bu gün internet səhifələrindəki söyüşü, təhqirləri, yalanı, yaltaqlığı, riyakarlığı, sifarişlə yazılan üzdəniraq «şərh»ləri, qabalığı bir yana qoyuram. Söhbət əsrlər boyu formalaşmış dəyərləri tapdalayan əxlaqazidd davranışların insanların psixologiyasına vurduğu zərərdən gedir. Bu baxımdan bizim ən böyük problemimiz odur ki, peşəkar deyilən mətbuatdakı, eləcə də internet mediasındakı və telekanallardakı əxlaqsızlıqlar çox sürətlə sosial şəbəkələrə sıçrayır. Üstəgəl sosial mediada külüng çalan (və gün keçirən) bəzi insanların (ünvanlı, açıq və ya gizli) öz xislətindən qaynaqlanan əxlaqsız davranışlar mənzərəni xeyli tündləşdirir.
Axmaq nümunə həmişə tez yayılır. Məsələn, hardasa bir çoban görür ki, ölkə televiziyalarının hansındasa gizli kamera ilə çəkilmiş pornoqrafiya göstərirlər, hətta əvvəlcədən onun anonsunu da verirlər ki, çox adam baxsın. Çoban qardaş bunu yadında saxlayır və əlverişli şərait düşən kimi TV-nin ona öyrətdiyi bu «metodla» öz arvadının intim həyatını videoya çəkir. Sonra da ortaya çıxardığı «məhsulu» başqa bir telekanala təklif edir, həmin kanal da bu əxlaqsızlığı göstərir…
* * *
«Çoban süjeti»nin TV-dən başqa sosial mediada da geniş nümayiş etdirilməsi vaxtilə televiziyada birgə çalışdığımız müəllim dostlardan birinə yaman yer eləmişdi. Telefonda düz yarım saat ürəyini boşaltdı. Sonuncu cümləsi isə xeyli düşündürücü oldu:»Ay kişi, əvvəllər namus məsələsinə görə adam öldürərdilər, amma indi onu çəkib televiziyada göstərirlər, çoxları bəlkə anlamır, amma, vallah, bu kütləvi əxlaqsızlıq dünyanın sonudur»…
[email protected]