Muəllif:

Sonuncu kəsilən ağac

Şəklini səhər evdən çıxıb işə yollananda çəkmişdim. Axşam evə dönəndə yerini səliqə ilə silib-süpürmüşdülər. Ötüb-keçən kimsə hiss etməzdi ki, burada bu böyüklükdə ağac varmış. Bu şəhərin sakinləri, bu ölkənin vətəndaşları olaraq bu kimi kədərli mənzərələrə vərdiş etmişik. Bunun necə bir fəsad olduğunu bilir, amma görəndə susuruq. Ona görə ki, Ağaclarımıza — yəni bizim, bu şəhərin, varlı və yaxud yoxsul olsun, bütün sakinlərinin sağlamlığının timsalına qarşı amansız olan bu qüdrətli təcavüzkarların qarşısında gücsüzük. Etiraz etsək, polis hətta bizi döyə və həbs edə, bilmədiyimiz, ağlımıza gətirmədiyimiz maddələrlə cəzaya məruz qoya bilər. Hər bir vətəndaş bilir ki, bura Bakıdır. Tutalım, Avropa paytaxtlarını demirik, heç olmasa Moskva da deyil — orada bircə ədəd beşillik şam ağacını kəsənə 3 ildən 6 ilədək müddət oxuyurlar. Bizdə ağac kəsmək məsələsində öyüd-nəsihət var, arabir təpinmək var, başqa heç nə. Yəni qanunun sərt üzü yoxdur. Tikinti işbazları bunu yaxşı dərk edir və öz işlərindədir. Lakin bu dəfə o səliqə ilə doğranmış iri ağacın yaratdığı kədərli mənzərəyə ona görə diqqət etdim ki, iki gün öncə ölkə prezidenti Nazirlər Kabinetinin iclasında ağac kəsənlərə növbəti — bu kərə son xəbərdarlığını etmişdi… Həmin, açıq sezilən əsəbi xəbərdarlıqdan sonra bu — sonuncu kəsilən ağac olacaqmı? Vallah, biz ki işləri belə görürük, adamın heç inanmağı gəlmir.
Çox maraqlı ölkəyik, çox maraqlı insanlarıq, o dərəcədə ki, heç bir ölkəyə, heç bir ölkənin insanına bənzəmirik. Görəsən dünyadakı 190-a yaxın ölkənin içərisində eləsi varmı ki, onun Nəbatat Bağının bir 30 sotu kiməsə satılsın, yaxud kimsə Nəbatat Bağına (hər ölkədə mədəniyyətin bir təcəllisi olaraq belə bir bağ və orada çalışan elmi işçilər olur) qəsd etmək fikrinə düşsün. İnanmıram olsun, bizdə isə olur. Nəbatat Bağının böyür-başını göydələnlərlə bəzədilər, sonra bağın ortasına iri tikinti texnikası yeridildi… Hay-küy düşdü və prezidentdən xəbərdarlıq bu anormallığa ən yüksək tribunadan bir reaksiya idi. Qoşulduğumuz beynəlxalq konvensiyaya görə bu kimi bağların 100 metrliyində tikinti aparıla bilməz, amma işlərin belə bir şəkil almasından görünür ki, paytaxt İH-nin bu konvensiyadan xəbəri, yoxmuş, bəlkə də xəbəri varmış, amma elə bilirmiş camaatın xəbəri yoxdur. Məgər şəhər hökuməti bilmir şəxsən icazə verdiyi bu işləri görənlər kimlərdir?
Nələr olmur bu ölkədə. Nə kimi nömrələrdən çıxmırlar.
Əgər xatırlayırıqsa, akademiyanın mətbuat xidməti vasitəsilə yaxalarını cırırdılar ki, orada iri ağaclar az qala elektrik xəttinə dəyirmiş, təhlükə mənbəyi imiş və nə bilim nə. Ona görə kamali-ədəblə başqa yerə köçürüblər, özü də bu iş elmi əsaslarla görülüb və orada guya qiymətli güllər əkəcəkmişlər, heç bir ağac-filan kəsilməyib. Amma elə o hay-küy qopan günlərdə buranın direktoru işdən çıxası oldu (ya ərizəsi yazdırıldı, nə fərqi varmış)… Hə, aradan bir həftə keçmiş bəlli olur ki, 30 sot yerin (!) ağacının, bitkisinin fatihəsi oxunub, dövlətə maddi ziyan vurulub və Sabail polisi burada təhqiqata başlayıb, cinayət işi açılıb. Bu cinayət işi açılmasının özünün nə ilə bitəcəyi və ya bitməyəcəyi özü də başqa bir heç də az olmayan maraqlı mövzudur.
Çox maraqlı ölkəyik, çox maraqlı insanlarıq, o dərəcədə ki, məmurlarımız başlarının üstündə prezidentin portretini asır, sədaqət timsalı olaraq masalarının bir kənarına bir qədər kiçik ölçüdə portretini qoyur, çıxışlarında ondan sitatlar gətirir, onun söylədiklərinə isnad edir, maddi maraqları ilə bağlı məsələlərdə, məsələn, tikinti biznesi üçün torpaq alverində isə …isti pulların hərarətində gözləri heç kəsi görmür, yaddaşları heç kəsi, heç bir sözü, xəbərdarlığı xatırlamır. Çaqqal əlaltıları gecələr əlləri mişarlı-baltalı onların biznesinə maneə olan ağacların üstünə yeriyirlər…
Hələ prezident Heydər Əliyev ağaclara, şəhərin yaşıllıq zolaqlarına bu anormal münasibətə qarşı əsəbi reaksiya vermişdi. İlham Əliyev dəfələrlə əsəbi reaksiya bildirib. Hər kəs də görüb-eşidib. Lakin nə olsun?..
Çox maraqlı ölkəyik, çox maraqlı insanlarıq, o dərəcədə ki, ictimai yerlərdəki yaşıllığa, ağaclara xüsusi bir sayğısızlığımız var. Bir 25 il olar haradansa oxumuşdum ki, Baltikyanı ölkələrin birində — deyəsən, Litvada yeni yol salınarkən gəlib bir çoxillik palıd ağacının üstünə çıxıblar və o ağaca toxunmadan, onun varlığını nəzərə alaraq, o ağaca qiymət verərək, plana düzəliş etmiş və düz yolu buruldub onun yanından çəkmişlər… Bizdə belə bir şey təsəvvürə gətirmək mümkündürmü?
Niyə ağaclara vəhşi münasibət barədə ölkənin prezidenti söz salmalıdır? Bu məsələ niyə prezident səviyyəsinə çıxmalıdır? Normalda axı belə olmamalıdır. Ağacları sərt bir şəkildə qoruyan qanunlar hanı? Bu boyda Ekologiya və Təbii Sərvətlər Nazirliyi varkən, şəhər və rayon icra hakimiyyətlərini qoyaq bir kənara — hər rayonun yaşıllıqlara görə məsuliyyət daşıyan idarələri və onların büdcədən maaş alan personalı varkən. Soruşmaq ayıb olmasın, onlar nə işə baxırlar?
Filan qədər iqlim qurşağının bizdə olduğunu deməklə deyil, meşə sarıdan ən kasad ölkələrdən biriyik. Bakı, Sumqayıt, Gəncə, Naxçıvan yaşıllıq sarıdan ən kasad şəhərlər sırasındadır. Bunun ölkə insanının sağlamlıq durumuna mənfi təsiri barədə danışmağa lüzum yoxdur — bunu artıq uşaq da bilir. Amma hamı ağac qırımına seyrçi qalmağa məhkumdur. Köhnədən qalanların isə son iyirmi ildə rayon icra hakimiyyətləri başçılarının açıq-gizli «dobro» verməsi ilə tikinti işbazları sonuna çıxdı və çıxmaqdadır.
Nəbatat bağının böyür-başında və ortasında göydələnlər ideyası dəhşət filmləri üçün yaxşı mövzu kimi düşünülə bilər. Amma bu şəhərdə bunu görsək təəccüblənmərik. Şəxsən mən təəccüblənmərəm. Bakıxanovla 8-ci km-in arasında köhnədən qalma meşə zolağı vardı. Villalar yavaş-yavaş oranı tikə-tikə edib «yeməyə» başladı bu son iyirmi ildə. Qalan hissə sonra hasarlandı, indi ortasında nəsə iri bir tikinti var.
Nəbatat Bağında planlaşdırılan yeni göydələnlərin həyata vəsiqə alıb-almadığını, yeni tikintilər üçün maraqlı sahə olan Nəbatat bağının ümumiyyətlə qalıb-qalmayacağını bir neçə ildən sonra görəcəyik. Təbii ki, prezidentin sözünün məmurun gözündə çəkisini də…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176