Muəllif:

Siyasətçilərin «nurçuluğu»

Alman yazıçı Ziqmund Qraffın bir aforizminə düzəliş versək, deyə bilərik ki, «Azərbaycanda yaradılan nurçuluq xofu köhnə qəsrdəki kabusun xofu kimi bir şeydir: onu heç kim görməyib, amma hamı bir-birini onunla qorxudur».
Hədəfim nə nurçular, nə onun əleyhdarlarıdır. Heç birinə — hər halda, Azərbaycanda ictimai fikrin bugünkü durumunda — qorxu mənbəyi kimi baxmıram. Amma medianın «nurçu kabusu» axtarışında istifadə etdiyi üsulları görüb təhlükədə olduğumuzu anlayıram.
Mövzunu həftələrdir gündəmdə saxlayan media faktlarla yox, ideoloji damğalarla silahlanıb. KİV-lər «cəmiyyətin mənəvi sağlamlığının müdafiəçiləri» maskası taxıblar, əslində isə, bir-biri ilə mübarizə aparan siyasi qruplaşmaların toppuzları rolunda çıxış edirlər. Bu mövzuda onlarla, yüzlərlə materialı cəmləşdirsək, peşə etikasına zidd ittihamları və bəsit jurnalist təxəyyülünün məhsulu olan fikirləri oradan çıxarsaq, həmin yazıların tam əksəriyyətini, həqiqətən, bir cümləyə sığışdırmaq olar: «Hakimiyyətdə iki böyük qruplaşma arasında nüfuz savaşı gedir və tərəflər bir-birlərini vurmaq üçün «nurçu» damğasından istifadə edirlər». Əgər belədirsə, niyə media siyasi nəhənglər arasında «nüfuz», son mənasında isə pul davasına belə həvəslə girişib? Bu çirkin oyunlarda mətbuatdan növbəti dəfə məhdudiyyətsiz formada istifadə olunduğunu görən abırlı jurnalistlər səslərini çıxarmağa çəkinirlər. Bilirlər ki, araya girsələr, damğa, bir sıra deputatlar və qeyri-deputatlar, partiya liderləri kimi, onlara da yapışdırılacaq.
Sadə oxucu, internet istifadəçisi, əslində, hakimiyyətdə «gizlənmiş nurçuların» nəyinin təhlükəli olduğunu da bilmir. Çünki ortada ciddi təhlil, yoxlanılmış və cəmiyyətə təqdim olunmuş faktlar yoxdur, yalnız ehtimallar və onların əsasında çıxarılan «hökmlər» var. Bəlkə, bu ölkəni dünya korrupsiya reytinqlərində həmişə önə çıxaranlar onlardır? Bəlkə, məktəblərdə savadsızlar ordusu yetişdirən, az-çox imkanı olanı xaricə təhsil almağa, müalicəyə qaçmağa məcbur edənlər məhz prezident administrasiyasına, hökumətə, parlamentə soxulmuş «nurçu»lardır? Yoxsa cəmiyyətin dini kəsiminin getdikcə radikallaşması «nurçuluq ideologiyasının» təbliğinin nəticəsidir? Bəlkə bu təlimin tərəfdarları Bayraq meydanında ucalan üçrəngli milli simvolumuzun yerindən islam sancağı asmaq istəyirlər? Media bunlardan danışmır, o, insanları əməllərinə görə yox, əqidələrinə görə ittiham edir.
37-ci il haqqında kitablarda oxumuşam, xatirələrdə eşitmişəm. Amma özümün yaxşı yadımdadır ki, lap balacalığımızda bizi qaraçılarla qorxudurdular. Deyirdilər ki, onlara yaxın durmayın, uşaq oğurlayırlar. Kidneppinqdə qaraçıların digər millətlərin nümayəndələrindən daha fəal olduqlarını faktlarla təsdiq edən adama indiyədək rast gəlməmişəm. Amma stereotip çoxlarının şüurundan silinmir ki, silinmir.
Mən istənilən dini cərəyana ehtiyatla yanaşıram, onların ictimai diqqət altında saxlanılmasına tərəfdaram. Eyni zamanda, medianın özünün ayrıca, həm də aqressiv bir «dini cərəyana» çevrilməsi prosesinin getdiyini görürəm. Bu proses, bilirsinizmi, məni niyə qorxudur? Ona görə yox ki, jurnalistikamızda ciddi professionallıq problemlərinin olduğunu bir daha nümayiş etdirir. Ona görə ki, bu gün «dini baxışlarındakı» müxtəliflik bəhanə gətirilərək məmurlar və ictimai xadimlər siyasi hücumlara məruz qoyulurlarsa, sabah istənilən fərqli düşüncəsinə görə insanları damğalamaq dəb halına düşəcək. Zatən, bu yolun yarıdan çoxunu keçmişik də. Professionallıq problemi nədir ki? Onu aradan qaldırmaq çətin deyil, amma stereotipləri beyinlərdən çıxarmaq çox çətin olur.
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 787