Muəllif:

Sevinməyi yadırğamışıq

Bu günlərdə Qulu Məhərrəmlinin bir yazısında «kütləvi məyusluq» ifadəsinə rast gəldim. Söz yaman tutdu məni. Hiss elədim ki, Qulu müəllim bu məsələyə görə narahatdır. Amma, məncə, buna yalnız sevinmək lazımdır. İcazə verin, niyəsini izah edim.
Məlumdur ki, cəmiyyət bütövlükdə müxtəlif ictimai təbəqələrdən ibarətdir. O da məlumdur ki, hər ictimai təbəqə özünə məxsus ictimai şüura malik olur. Yəni dövlət məmurunun, həkimin, fəhlənin və s. dünyaya baxışı, düşüncə tərzi fərqlidir. Amma bəzən hər hansı bir məsələyə yanaşmada bu fərq ortadan qalxır və hamı aid olduğu təbəqədən asılı olmayaraq eyni cür fikirləşir. (Məsələn, Azərbaycan torpaqlarının işğaldan azad olunması). Göründüyü kimi, ən azı bu məsələdə ranqından, mənsubiyyətindən asılı olmayaraq hamının fikri üst-üstə düşür. Başqa cür desək, şüur kütləviləşir. Fəlsəfə elmi sübut edir ki, müxtəlif ictimai təbəqələrin düşüncə tərzində üst-üstə düşən məqamlar nə qədər çox olarsa, xalqın birliyi də o qədər artar və möhkəm olar. İndi əgər bəxtimiz gətirib, heç olmasa, məyusluq məsələsində kütləviləşə bilmişiksə, buna niyə sevinməyək? Təki hamı bir olsun. Təki hamı çəkici bir zindana vursun. Təki şərin içində də xeyir görə bilək və sevinək.
Yadıma bir hədis düşdü. Bir dəfə Peyğəmbər Üleyhissalam yaxın ətrafı ilə yol gedərkən qarşılarına it cəsədi çıxır. Ərəbistan çölü ola, it leşi ola. Üfunət aləmi bürüyüb. Hamı burnunu tutub qaçır. Bir də baxırlar ki, qurban olduğum cəsədin qarşısında dayanıb heyran-heyran ona baxır. Yaxınlaşıb təəccüblə soruşurlar ki, ya Peyğəmbər, niyə elə baxırsan? Cavab verir ki, görün, İlahi bu məxluqa necə gözəl diş əta eləyib! Hər cür üfunətin, eybəcərliyin içində də gözəllik axtarmağı və görməyi bacarmaq lazımdır. Bunu bizə dinimiz də buyurub. Dinimizin buyurduğundan çıxmayacağıq ki! Hər halda, müsəlmanıq!
Qəribələşib insanlar. Kimə baxırsan, üzündən zəhrimar yağır. Elə bil sevinməyi yadırğayıblar. Yəni bu gen dünyada sevinmək üçün heç nə yoxdur? Şükür Allaha, Koreyadakı kimi, bizdə insanı diri-diri ac itlərə yedizdirmirlər. Dünyanın çox yerində qasırğalar, sunamilər, daha nə bilim, nələr aləmi dağıdır. Şükür, bizdə yoxdur. Və s. O qədər belə misallar çəkərəm ki! Sevinin də! Gülümsəyin bir-birinizin üzünə. Can deyib, can eşidin. Qırmayın bir-birinizi, AXCP-Müsavat kimi.
Sevinməyi yadırğamayın. Bilirəm, bəlkə də, çoxlarınız etiraz edəcək ki, bu nə deyir? Nə olar, mən heç nə demirəm. Amma mənə ləzzət eləyən bir misalı sizə də xatırlatmaq istəyirəm. Çox uzun ömür sürmüş bir qocadan soruşurlar ki, necə olub, belə uzun ömür yaşamısınız. Sirri nədədir? Qoca cavab verir ki, mən heç vaxt, heç kimlə mübahisə etməmişəm. Təəccüblə deyirlər ki, ola bilməz! Qoca qayıdır ki, nə deyirəm, ola bilməz, ola bilməz da!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 223