Muəllif:

Sevdiyi qızı döyərək saçlarını kəsən Dövlətovun cəzası azaldıldı

Sevdiyi qızı döyərək saçlarını kəsən və bu hadisəni videolentə alaraq sosial şəbəkələrdə paylaşan Naxçıvan sakini Cahangir Dövlətovun məhkəməsi başa çatıb.  İttihama görə, Naxçıvanda yaşayan Cahangir Dövlətov sevdiyi K. M.-nin mobil telefonuna zəng edib. Qız isə onun telefon zənginə gec cavab verib. Bundan əsəbiləşən Cahangir Bakıya gələrək, qıza yenidən zəng edib və görüşə çağırıb. Cahangir xalası oğlu Xalid Əkbərovla birlikdə tanışı Ayxan Zəngiyevin maşını ilə qızı görüş təyin etdiyi yerdən götürərək, Novxanıya dəniz kənarına gətirib. Burda K.M.-nı döyərək, ona işgəncələr verib. Bununla da hirsi soyumayan Cahangir  qızın başını qırxıb. Bundan sonra onlar qızı dənizdə batırmaq istəyiblər.

Cahangir Dövlətov qızı döyərək, başını qırxmasını videoya da çəkib. O, həmin videonu daha sonra sosial şəbəkələrdə paylaşıb. Hadisədən sonra M. K. Binəqədi rayon Polis İdarəsinə müraciət edib. Onun müraciəti nəticəsində Cahangir Dövlətov həbs edilib və barəsində CM 133 (işgəncə vermə) və 134 (ölümlə hədələmə) maddələri ilə iş başlanıb. İstintaqın gedişi zamanı Cahangir Dövlətovun barəsində olan həbs-qətiimkan tədbiri başqa yerə getməmək barədə qətiimkan tədbiri ilə əvəz edilib. Həbsdən azad olan Cahangir polisin nəzarəti altına verilsə də, o, polisdən gizlənib və istintaqdan yayınıb. Bundan sonra Cahangir barəsində axtarış elan edilib. Axtarışlar nəticəsində onun yeri müəyyənləşdirilərək  həbs edilib. O, saxlanılan zaman polisə müqavimət göstərib. Buna görə də barəsində CM 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə əlavə ittiham verilib. Binəqədi rayon Məhkəməsinin hökmü ilə Cahangir Dövlətov 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Cahangir Dövlətov apelyasiya şikayəti verib. O, şikayətində həbs olmayan cəza almasını xahiş edib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Dövlətovun apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə onun barəsində təyin edilmiş 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını 2 ilə endirib. Onu da qeyd edək ki, istintaq dövründə Xalid Əkbərov və Ayxan Zəngiyevin əməlində cinayət tərkibi müəyyən edilməyib. Buna görə də hər iki şəxs barəsində olan cinayət işinə xitam verilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 329