“Sərhədsiz reportyorlar”dan illik mətbuat azadlığı indeksi: yerimiz 180-də 160-cı
“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı dünyada mətbuat azadlığının illik indeksini açıqlayıb. Ümumi siyahıya 180 ölkə daxildir. MDB dövlətləri ayrıca blokda yerləşdirilib. Rusiyada vəziyyət fəal vətəndaş cəmiyyəti və repressiv rejim arasında artan qarşıdurma kimi (148-ci yeri) xarakterizə olunur. Deyilir:
Postsovet məkanında azad informasiya üçün zərərli olan rejimlər “beynəlxalq birlik” tərəfindən təzyiqlərə az məruz qalır. Bu, elə-belə deyil: Azərbaycan, Türkmənistan, Özbəkistan və Qazaxıstan eyni zamanda zəngin təbiətə və boru kəmərləri şəbəkəsinə malikdir.
Bundan başqa, bu dövlətlər özlərini toxunulmaz hiss etmək etmək üçün kifayət qədər zəngindir, öz strateji çəkilərinə görə onlara böyük tələbat var.
Tam özbaşınalıqdan iyirmi il sonra, 2013-cü ilin yanvarında Türkmənistan (178) formal olaraq KİV haqqında qanun qəbul edib, rəsmən plüralizmi müəyyən edib və senzuranı qadağan edib.
Qurbanqulu Berdımuhammedovun başçılığı ilə totalitar rejimli ölkədə tam fiksiyadır. Bütün media hələ də dövlətin nəzarətdədir. Müstəqil jurnalist yalnız məxfi fəaliyyət göstərə və ya sürgündə olanlarla əməkdaşlıq edə bilər.
Ən sərt senzura Özbəkistandadır (166). Ölkədə ən azı on jurnalist və Internet istifadəçisi həbsdədir.
Onlardan biri Sərhədsiz Reportyorlar təşkilatının Mətbuat Azadlığı 2013 mükafatını alıb. Bu, «Ərk» (“Azadlıq”) qəzetinin keçmiş baş redaktoru və demokratiya uğrunda mübarizənin rəhbərlərindən biri Məhəmməd Bekjanovdur. Demək olar ki, on beş ildir həbsxanadadır, işgəncəyə məruz qalır, adi tibbi xidmətdən məhrumdur.
Müstəqil jurnalist Salican Əbdürrəhmanov 2008-ci ildən həbsdədir. Buna səbəb Aral dənizinin ekoloji fəlakətinin nəticələrini araşdırmasıdır.
İyirmi ildən artıq müddətdə iqtidarda qalan tiranlar üçün varislik həssas məsələdir. Qazaxıstan (161) prezidenti ( Nursultan Nazarbayev özbək həmkarı İslam Kərimov kimi öz varisini təyin etməyib. 2012-ci ilin sonunda – 2013-cü ilin əvvəllərində əsas milli müxalifət KİV-i qapadılıb.
Repressiv sıçrayış Azərbaycana (160) da aiddir. Jurnalistlərin və blogerlərin həbsinin artdığı şəraitdə media plüralizmi təhlükə altındadır. Telekanallar nəzarət altındadır, əsas xarici radiolar qadağan edilib, əsas müxalifət qəzeti iqtisadi cəhətdən “son nəfəsini” verir.
Hücumlar, həbslər, gözdən salma kampaniyası, qaçırmalar, ölüm təhdidləri — Azərbaycanda itaətsiz jurnalistlərin və blogerlərin aqibəti budur.
Eyni zamanda bəzi post-sovet ölkələrində media azadlığını pozmaq üçün mütləq neft və ya qaza sahib olmaq vacib deyil. Belarusda (157) müstəqil jurnalistlər “Avropada sonuncu diktatura”nın təbliğatına qarşı qeyri-bərabər mübarizə aparmaqda davam edirlər. Sosial məsələləri işıqlandıranlar sistematik olaraq həbs edilir. Məhkəmə sistemi və DTK rəsmi kursa riayət etməkdən imtina edənləri susdurmaq üçün «ekstremizmə qarşı mübarizə»yə əsaslanır.
Liderlər kvarteti və Türkiyə
MDB-nin 4 ölkəsində vəziyyət ötən ildən dəyişməz qalır: Moldova (56), Gürcüstan (84), Ermənistan (78) və Qırğızıstan (97). Bu ölkələr xeyli plüralizm və nisbətən zəif dövlət senzurasına ilə səciyyələnir.
2013-cü ildə Gürcüstan və Ermənistanda seçkilər əvvəlki illərə nisbətən daha sakit atmosferdə keçirilib. Jurnalistlərə qarşı zorakılıq halları az qeydə alınıb. Dövlət audiovizual şirkəti qərəzsizlik baxımından böyük uğurlar əldə edib, lakin seçki dövrü özəl media arasında informasiya müharibəsini qızışdırıb (bu müharibədə hakimiyyət mühüm çəkiyə malik olub).
Ukraynada (127) vəziyyət xeyli pisləşib. KİV-in bir əldən başqasına keçməsi redaksiya xəttində kəskin dəyişikliyə, yeni tabuların tətbiqinə və işdən qovulmalara səbəb olub.
2013-cü ilin dekabrında başlamış siyasi böhran və Kiyevin mətbuat azadlığını pozmağa yönəlməsi səbəbindən cari redaksiyada dünya indeksi çərçivəsindən kənara çıxır. Şübhə yoxdur ki, bu hallar 2015-ci il üçün indeksdə Ukraynanın reytinqinə təsir göstərəcək.
Türkiyədə (154) həbsə atılan jurnalistlərin sayı bütün rekordları ötüb və indi onların sayı 60-a yaxındır. Ölkə dünyada ən böyük mətbuat həbsxanalarından biridir.
2013-ci ilin yayında görünməmiş etiraz hərəkatı Türkiyə cəmiyyətinin azadlıq üçün susadığını nümayiş etdirdi. Bu, həm də hüquq-mühafizə orqanlarında demokratik mədəniyyət çatışmazlığını, eləcə də rejimə yaxın biznes dairələrinin əlində olan böyük media qruplarının konsentrasiyasının artması ilə plüralizmə təhlükənin olduğunu göstərdi.
2013-ci ilin yayında Türkiyədə hökumətə qarşı etiraz hərəkatının amansızcasına yatırılması jurnalistlərə çox baha başa gəldi. Zorakılıq jurnalistləri və blogerləri hökumətin devrilməsi məqsədilə iğtişaşların təşkilində ittiham edən hakimiyyətin isteriyası fonunda baş verir.
Bu, ciddi özünüsenzuraya səbəb olub. İnadkar jurnalistlər təqib olunurlar: 14 nəfər işdən çıxarılıb, 22-i istefa verib. Eyni zamanda iğtişaşları işıqlandıran telekanallar yüksək məbləğdə cərimə olunurlar.
Bütün bu avtoritar rejimlər üçün təsəlli bəlkə də bu ola bilər ki, Eritreya, Somali və Şimali Koreyada vəziyyət daha da ağırdır (Turan).