İranlı sərhəd pozucuları saxlanıb: tiryək, heroin, marixuana…
Dövlət Sərhəd Xidməti İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısını alıb. DSX Mətbuat Mərkəzinə istinadən fevralın 9-da saat 23:00 radələrində Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətinə 2 nəfər tərəfindən dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları geriyə qaçmağa cəhd ediblər. Həyata keçirilən tədbirlər nəticəsində İran vətəndaşları Məmmədzadə Səid Mustafa və İbrahimi Tohid Əli saxlanılıb.
Bundan başqa, fevralın 14-də saat 21:00 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan 2 İran vətəndaşı – Şəmsəddin Cavanşir İltifat (1987) və Şahimüqəddəm Həsən (1981) saxlanılıb. Sərhəd pozucularının üzərinə baxış zamanı 7 kq tiryək, 350 qram heroin, 3270 qram marixuana və 1 ədəd gecəgörmə cihazı aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri aparılır.