Muəllif:

“Sən niyə mənim ayağımı tapdaladın?” — maarifçini belə tutublar

Gəncədə tanınmış maarifçi yəqin ki  ictimai maraq doğuracaq bir ittihamla həbs olunub. Bir nəfər küçədə ona yaxınlaşıb “sən niyə mənim ayağımı tapdaladın” deyib və məsələ qızışıb…

Turan-ın xəbərinə görə, martın 31-də Gəncədə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlini polis saxlayıb. O, bir nəfərin şikayəti əsasında saxlanılıb. Belə ki, həmin şəxs Həsən Hüseynli tərəfindən bıçaqla hədə-qorxuya məruz qaldığını bildirib. Hüseynli CM-in 120.2.2  maddəsi (xuliqanlıq törətməklə adam öldürmək) ilə təqsirli bilinir. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Hüseynlinin hüquqlarını tanınmış vəkil Xalid Bağırov müdafiə edir. O, artıq  Gəncəyə gedib.

Hüseynli saxlanarkən “Azadlıq” radiosuna bəzi məlumatlar verə bilib. Onun sözlərinə görə, martın 31-də  Mərkəzi Poçtın yaxınlığında bir naməlum şəxs ona yaxınlaşaraq “sən niyə mənim ayağımı tapdaladın” deyib. Həmçinin ağır sözlər söyləyib. Sonra Hüseynlinin sinəsindən tutub aşağı çəkib. Maşının o biri tərəfindən də bir qadın yaxınlaşaraq Hüseynliyə qışqırıb ki “siz niyə onu dartırsınız?”

“Mən başa düşdüm ki, bu, mənə qarşı təxribatdır, heç bir söz demədən oranı tərk etdim”, — Hüseynli qeyd edib.

Hüseynlinin insan həyatına qəsddə ittiham olunması təkcə Gəncədə deyil, həm də vətəndaş sektoru və beynəlxalq missiyalarda təəccüb doğurub.

Hüseynli tolerant, təmkinli şəxs kimi tanınır. Onun maarifçilik fəaliyyəti heç zaman hakimiyyətdə narazılıq yaratmayıb.

Gəncədəki mənbələrin məlumatına görə, son vaxtlar Mərkəzin fəaliyyəti şəhər İH başçısı Elmar Vəliyevi qıcıqlandırıb. Belə ki, iclasların birində o, gənclərin Mərkəzin layihələrində iştirakından narazılığını bildirib.

Bir müddət sonra hakimiyyət Mərkəzin Adil İsgəndərov  küçəsi, 7 ünvanda yerləşdiyi şəxsi evi söküb. Bundan sonra “Kamil Vətəndaş” QHT yeni ünvana köpüb, lakin burada da onun işə başlamasına imkan verilməyib.

Ümumilikdə, son illər bütün ölkədə olduğu kimi, Gəncədə də vətəndaş cəmiyyətinə təzyiqlər artıb. Bu təzyiqlər QHT, KİV sahəsində qanunvericiliyin sərtləşdirilməsi, siyasi və vətəndaş fəallarının həbsi ilə xarakterizə olunur.

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi 2004-cü ildə təsis edilib. 2009-cu ilin fevralında dövlət qeydiyyatından keçib. Buna qədərsə Gəncə Təşəbbüs Mərkəzi Açıq Cəmiyyət kimi fəaliyyət göstərib.

Təşkilatın məqsədi Azərbaycanın qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və ölkədə  vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir.  Bu məqsədlə təşkilat regionda vətəndaş cəmiyyəti quruculuğu, region QHT-lərinin inkişafı (QHT Resurs Mərkəzi), gənclərin ictimai fəallığının və liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir. Bundan başqa təşkilatın nəzdində Gəncə Təhsil Məlumat Mərkəzinin (GTMM) fəaliyyəti hesabına gənclərin xaricdə təhsil alması üçün müntəzəm məlumat sessiyaları, fərdi və qrup məsləhət saatları keçirilir (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 150