Sən nə pərəstsən?
Dörd ətrafımızda və içimizdə əməlli-başlı dava gedir. Mənə belə gəlir ki, özümüzü bilməzliyə, topların gurultusunu, savaş hayqırtılarını eşitməzliyə vurmuşuq. İtkilər də var. Bəlkə bu amansız savaşın mahiyyətindən baş çıxara bilmirik? Mən bir xeyli baş sındırandan (qarşı tərəfdən yox, elə bir qoçaqlıqla hələ ki öyünə bilmərəm, mən öz başımı nəzərdə tuturam, nə edim ki, dilimizdə belə bir ifadə var), savaş cəbhəsindən gələn alayarımçıq və üstüörtülü, şifrəli informasiyaları və faktları götür-qoy etdikdən və tutuşdurduqdan sonra bu fikrə gəldim ki, savaşın yanar dalğası bizim torpaqları da daha şiddətlə qarsalamaqdadır.
Daha özümüzü bilməzliyə, eşitməzliyə qoymaqdan keçib. İstəyirsən bilmə, istəyirsən eşitmə — amma bu bir sərt reallıqdır, qarşımızda durub gözümüzün içinə baxır.
Belə bir fikrə gəldim ki, bu nəsə çox gizli, konspirativ, intellektə daha çox yer verilən — yəni pambıqla baş kəsmək savaşıdır. Qarşı tərəfə yönəlik çox amansız, qəddar bir münasibətdən qaynaqlanır.
Bu şərti bir ayırıcılıq da ola bilər, amma mənə görə bu sözügedən real savaşda iki tərəf var — bir tərəfdə qərbpərəstlərdir, bir tərəfdə şərqpərəstlər… Biz türklərin indiki deyimində farscadangəlmə naftalin qoxusu verən «pərəst»in yerinə «yanlısı» sözü də işlənir. Vallah, savaşı hansı tərəfin başladığını bilmirəm, digər savaşlarda olduğu kimi bu, mübahisəli məsələdir. Amma köhnədən oxuduqlarımdan yadımdadır və indi oxuduqlarımdan onu bilirəm ki, bu savaş 200 ildən bəridir gedir və indilərdə çox sərt şəkil alıb — bir vaxt edin rusdilli sosial şəbəkələri, KİV-ləri ötəri gözdən keçirin, Rusiyada (qərbpərəstlərin total hücumuna qarşı bütün vasitələrlə (!) mücadilə aparan və şərqin — rusçuluğun dəyərlərini daha üstün bilən başlıca ölkə) qərbpərəstlərdən ən mənfur tipajlar, onların dəyərlərindən ən mənfur dəyərlər kimi söz edilir. Avropanın adını «Qeyropa» deyə çəkirlər və murdar bir yer kimi qələmə verirlər.
Rus şərqpərəstləri üçün, bir vaxt Mustafa Kamal paşa demiş, artıq «xətti müdafiə yoxdur, səthi müdafiə var». Aşırı bir qəzəblə, aşırı bir kin və nifrətlə hücum edirlər. Sanki «ən yaxşı müdafiə — hücumdur» taktikasının üstünlüyünü indicə fərq etmişlər. Bu aktiv yürüşü bütün postsovet məkanında körükləməyə başlayıblar. Bu dava qonşu Ermənistanda da gedir, Gürcüstanda da, Türkiyədə də gedir, Misirdə də, İranda da gedir, İraqda da… Rus antiqərbçilərin istəyi odur ki, minimum bütün postsovet coğrafiyasında hər bir subyekt onların yanında olsun. Konkret bizə gəldikdə də eləcə — çox istəyirlər ki, nə Qərbi (Batı), nə Şərqi (Doğu) hələ də yetərincə anlamayan, özünü gah orda, gah burda təsəvvür edən biz azərbaycanlılar açıq və birmənalı şəkildə onların platformasında, düşərgəsində olaq.
Yaman yerdə axşamlamışıq. Başımızın, beyinlərimizin bu qədər qarışmış olduğu bir vaxtda. Sizcə, asandırmı seçim etmək? Əgər biz 100 il öncənin İranı durumundayıqsa… 100 il öncə İranda ruhunu satmayan bir adam qalmayıbmış, «Məşədi, sən nə pərəstsən?» gündəlik adiləşmiş sual imiş — ingilispərəst, almanpərəst, ruspərəst, nə bilim nə pərəst… ölməz Mirzə Cəlilin «Missionerlər» felyetonunu oxumayanlara məsləhət görərdim ki, oxusunlar və bizim bu günümüzlə paralellər aparsınlar. Və mənsub olduğumuz toplumun nə halda olduğunu təsəvvürə gətirə bilsinlər.
Bizim bu ərazicə və əhalicə kiçik çaplı vətənimizə eynəksiz gözlə baxıb bir az qurdalayan kimi bu toplumun o vaxtkı İran toplumunun günündə olduğuna heç bir şübhəniz qalmayacaq. Beyinlərimizin qarışdığı bütün çılpaqlığı ilə üzə çıxacaq: amerikanpərəst, ruspərəst, iranpərəst, suriyapərəst, ərəbpərəst, gülənpərəst, ərdoğanpərəst, xamneyipərəst, putinpərəst… Daha nə pərəst (yanlısı) yoxdur bu dağılmışda. Hərə bir düşərgənin, hərə böyür-başdakı bir siyasi ismin «pərəsti». Tənbəllik etməyən hər kəs öz nizamnaməsini götürüb həyasızlıqla soxulur bizim daxmamıza.
Situasiyanı pisləşdirən bir də odur ki, biz yaman qızğınlıqla, düşünüb-daşınmadan «pərəst» oluruq. Biri ehtiyacdan, biri özünütəsdiq üçün meydan bula biləcəyindən yad bir ölkənin, bizdən olmayan bir ismin yanlısı olar. Axı bu işlərin maddi astarı da yox deyil. Elə-belə içdən gələn bir qənaətlə pərəst olanlar, şitini çıxaranlar da az deyil. Bir vaxt hətta səddampərəstlər də vardı və Səddam koalisiya qüvvələrinin qarşısında şeşələnəndə bundan vəcdə gəlib yeni doğulan oğlunun adını «Səddam» qoyurdular, bilmirdilər Səddam o ölkədə bizim türkmən soydaşlarımıza nə zülmlər qalmışdı etməsin, amma Səddamın şeşələnməsi onları coşdurur, onlara ləzzət edirdi. Daha orasını bilmədim Səddamı porsuq yuvasından dartıb çıxaranda və boğazına kəndir salanda o «pərəstlərin» halı necə oldu, uşağa qoyduqları adı dəyişdirəsi olmadılar ki? Bunu vətəninin şərəf və heysiyyətini unudan, kim olursa-olsun «özü» olmağı bacarmayaraq, «pərəst» olanların (ruhunu ucuz-baha satmışların) öz heyranlıq və vurğunluqlarında hədd-hudud tanımadıqlarına misal olaraq xatırladım.
Nə isə, hə, nə edək? — düşündürücü sualdır, deyilmi? Qlobal savaş gedir, bizdən seçim tələb olunur. Ya elə, ya belə. Qərbpərəst olaq, yoxsa şərqpərəst? Bəri başdan deyim ki, boyun qaçırmaq qorxuludur, hər inadkar fərd heç gözləmədiyi ağır duruma düşə bilər. Unutmayaq ki, bu ölkədə qərpərəstlərin də, şərqpərəstlərin də mövqeləri güclüdür. Hansı qəzeti açırsan, hansı sayta baş çəkirsən, daha kiminsə gülənçilikdə, nurçuluqda, vahhabilikdə ittiham edildiyi, Krım olayından sonra ruspərəstlərin cəsarətlənərək fəallaşdıqları ilə rastlaşırsan. «Paralel yapılanma», «beşinci dəstə» filan boşuna söhbətlər deyil… Hər hansı xəttin aktiv daşıyıcılarını, ya yollarında aktiv əngəl olaraq gördüklərini heç gözləmədiyin halda elə bir zərbəyə, elə bir ittihama, elə bir böhtana məruz qoyarlar ki… Rauf Mirqədirov kimi.
Qorunmaq üçün bəlkə özümüz olaq? Lakin bu, asandırmı?
[email protected]