Şəmkirdə 2 narkotik alverçisi yaxalanıb: 2,5 kq marixuana götürülüb
Şəmkirdə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan iki nəfər saxlanılıb. Həmyerlilərdən biri narkotiki əkib-becərməkdə, digəri isə həmin məhsulu satmaqda şübhəli bilinir.
Trend bildirir ki, Şəmkir polisinə daxil olmuş əməliyyat məlumatı əsasında Seyfəli kənd sakini 36 yaşlı Famin Məmmədov saxlanılıb. Şöbədə onun üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
Dindirilmə zamanı məlum olub ki, Famin Məmmədov uzun müddətdir narkorik vasitələrin alqı-satqısı ilə məşğul olur. Elə həmin narkotik vasitəni də satış məqsədi ilə həmyerlisi Musaməddin Əliyevdən alıb.
Məlumat əsasında Musaməddin Əliyevin evinə baxış keçirən polis əməkdaşları oradan ümumi çəkisi 2 kiloqram, 510 qram qurudulmuş marixuana aşkarlayıblar.
Hazırda Şəmkir polisi Famin Məmmədov və Musaməddin Əliyevin ətrafında araşdırmaları davam etdirir.