Şəki Aqroservis filialında 844.636 manatlıq mənimsəmə
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, istintaqla müəyyən edilib ki, cəmiyyətin Şəki rayon Aqroservis filialının müdiri Rafim Qurbanov ümumilikdə 66 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısının adlarına olan mineral gübrələrin onların xəbəri olmadan güzəştli şərtlərlə satışını rəsmiləşdirib. Lakin həmin mineral gübrələri ayrı-ayrı fiziki və hüquqi şəxslərə sataraq əldə olunmuş 789 min 512 manat məbləğində vəsaiti, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən aldıqları gübrə üçün ona verilmiş 55 min 124 manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəyib. R.Qurbanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir (Turan).