Muəllif:

Səhmdarlar məhkəmələri ədalətsizlikdə suçlayıblar

 “Bakı Təmir Tikinti” səhmdar cəmiyyətinin üzvləri ölkə məhkəmələrindəki ədalətsizliyə dair cümə günü RATİ-də mətbuat konfransı keçiriblər. Səhmdar Vüqar İsmayılov ölkə məhkəmələrində baş verən ədalətsizliklər üzündən vətəndaşların hüquqlarının qorunmasının mümkünsüz olduğunu nəzərə çatdırıb. “Ölkə məhkəmələri ədalətin və ədalətlinin yox, ədalətsizliyin və ədalətsizin yanında durur”- deyə ölkə məhkəmələrindəki duruma dəyər verib. Məhz məhkəmələrdə hüquqlar qorunmadığı üçün məsələni ictimailəşdirmək məcburiyyətində qaldıqlarını nəzərə çatdırıb.

Digər səhmdar Hafiz Babalı cəmiyyətin Binəqədi rayonundakı  1,5 ha torpağının 2012-c ilin oktyabrında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılması ilə bağlı komitəni məhkəməyə verdiklərini bildirib. Buna səbəb isə hərraca çıxaırlan torpaq sahəsinin nə özəlləşdirilmək, nə də icarəyə götürülməsi üçün cəmiyyət üzvlərinə təqdim olunmamasıdır. Hətta əmlak komitəsinin bu torpaqları hansı əsasla hərraca çıxarması belə cəhmdarlara məlum olmayıb. Səhmdarlar qanunsuzluğu aradan qaldırmaq üçün 1 saylı Bakı inzibati-iqtisad məhkəməsinə iddia ilə müraciət edərək əmlak komitəsini qanunsuz hərracda ittiham ediblər. Prosesdə aydın olub ki, komitə bu hərracı cəmiyyətdən daxil olan sənədlər əsasında icra edib. Belə ki, komitəyə səhmdarlar adından torpağı özəlləşdirməyə və ya icarəyə götürməyə imkanları olmaması haqda protokol daxil olub. Bu protokolun səhmdaların 2012-ci il sentyabr yığıncağında qəbul edildiyi bildirilir. Məhkəmədə iddiaçı tərəfin şahidləri olan səhmdarlar adı çəkilən iclasda torpaq məsələsinin müzakirə olunmadığını deyiblər. Qanunvericiliyə istinadən iclasın gündəliyində olmayan məsələ barəsində qərar qəbul edilməsinin özünün qanunsuz olduğunu bildiriblər. Dəlil-sübutlara baxmayaraq 5 ay davam edən məhkəmə 2013-cü ilin mayında cavabdeh tərəfin addımlarının qanuniliyi haqda qərar verib. Daha sonra iddiaçı tərəf Bakı apellyasiya məhkəməsinə müraciət edib, ikinci instansiya məhkəməsi birinci instansiyanın qərarını olduğu kimi qüvvədə saxlayıb.

Bundan sonra iddiaçı tərəf səhmdarların iclasında qəbul edilən protokolun qanuni olub-olmaması haqda məsələni araşdırmaq üçün 2013-cü ilin sentyabrında Binəqədi rayon məhkəməsinə müraciət edib. 2013-cü il dekabrın əvvəlində Binəqədi məhkəməsi yenə də iddiaçı tərəfin şahid ifadələrini, dəlil-sübutlarını bir tərəfə qoyaraq cavabdehləri razı salan protokolu qanuni saymaq qərarı çıxarıb.

Səhmdarlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən də şikayət ediblər. İddiaçı tərəf komitəyə səhmdarların hüquqlarını qorumağa səlahiyyətli olduğunu xatırladaraq məhkəmə prosesinə təmsilçi göndərməsini istəyib və QKDK prosesə 3-cü şəxs qismində cəlb olunub. Komitə məhkəməyə təmsilçi gəndərməməklə qanunla nəzərdə tutulan vəzifəsini yerinə yetirməkdən faktiki imtina etməklə səhmdarları köməksiz vəziyyətdə qoyub.

“Ölkə məhkəmələri bu gündədir. Amma bütün bunlara baxmadan mübarizəmiz davam edir və haqqımızı bərpa etmək üçün səylərimizi əsirgəməyəcəyik”- deyə H.Babalı bildirib.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 102