Səfərbərlik xidmətinin 3 rayon şöbəsi barədə cinayət işi məhkəməyə göndərilib
Çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay, Daşkəsən və Saatlı rayon şöbələrinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Bu barədə bu gün keçirilən kollegiya iclasında baş prokurorun müavini — hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.
Vəliyev qeyd edib ki, hərbi prokurorluq orqanları 2013-cü ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 64 şəxs barəsində 55 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndəriblər.
Hərbi Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə həmin Xidmətin idarə, şöbə və bölmələrində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Göyçay, Daşkəsən və Saatlı rayon şöbələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.2-ci və 313-cü maddələri ilə başlanıb, cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.