Muəllif:

SDİ Rauf Mirqədirova qarşı irəli sürülən ittihama reaksiya verdi

SDİ Rauf Mirqədirova qarşı irəli sürülən ittihama reaksiya verdi. Sülh və Demokratiya İnstitutunun direktoru  Dr.Leyla Yunusun imzası ilə Turanın yaydığı açıqlamada deyilir:

Aparıcı  rusdilli «Зеркало» qəzetinin tanınmış jurnalist-tədqiqatçısı Rauf Mirqədirova  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi üzrə (dövlətə xəyanət, casusluq,  cəza müddəti  — 10 il həbsdən ömürlük həbsə  qədər)  ittihamın təqdim edilməsi avtoritar rejimin repressiyalarının tam  azğınlığının bariz sübutudur  və  Ermənistanın  vətəndaş cəmiyyəti ilə hər hansı  əlaqələrə və «xalq diplomatiyası»na  tam qadağa qoyulduğu deməkdır.

Rauf Mirqədirov  Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi həm bizim  əməkdaşlarmızla, həm də  müstəqil  surətdə   dəfələrlə  Ermənistana səfər etmişdir .

«Зеркало» qəzetinin  Türkiyədə  akkreditə edilmiş müxbiri  olaraq  R.Mirqədirov üç il ərzində  Ankarada yaşamış  və işləmiş, müntəzəm surətdə qəzetin  ön səhifəsində analitik  məqalələr  dərc etdirmiş və eyni zamanda «xalq diplomatiyası» üzrə  Azərbaycan-Ermənistan layihələrində   iştirak etmişdir.

Azərbaycanın Avropa Şurası qarşısında  Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə öhdəliyi vardır. Minsk Qrupu həmsədrləri simasında ATƏT-in rəsmi nümayəndələri daim iki ölkə arasında «xalq diplomatiyası»nı gücləndirilməyə (ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms  Uorlikin bu cür görüşlərin zəruri olması haqqında bu yaxınlarda verdiyi  bəyanatını xatırlamaq kifayətdir), vətəndaş cəmiyyətlərinin əlaqələrini canlandırmağa çağırır.

Atəşkəs müqaviləsinin imzalandığı 20 il ərzində rəsmi hakimiyyətin  sülhə nail olmaq səylərinin heç bir nəticə vermədiyi, əksinə, hər  iki ölkədə xarici dəhşətli düşmənin mövcudluğu haqda təbliğatın artdığı bir şəraitdə vətəndaş cəmiyyəti  fəallarının əməkdaşlıq cəhdləri etməsi son dərəcə vacibdir. Bunu birgə Ermənistan-Azərbaycan layihələrini  dəstəkləyən  Fridrix Ebert Fondu (Almaniya), Azərbaycan və Ermənistandakı  Polşa və  Britaniya səfirlikləri, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar və fondlar anlayır.

Bundan başqa, Avropa İttifaqının təşəbbüsü ilə hal-hazırda xüsusi bir  qurum – » Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli uğrunda Avropa  Tərəfdaşlığı» (EPNK)  –  yaradılmışdır. Beş beynəlxalq təşkilatın (Conciliation Resources, Crisis Management Initiative, International Alert, The Kvinna Foundation, LINKS), fəaliyyətini birləşdirmiş  EPNK-nin əsas məqsədi sülhyaratma  sahəsində bir sıra təşəbbüslərin köməyi ilə Qarabağ münaqişəsinin transformasiyası üçün səy göstərməkdən ibarətdir və bu kontekstdə iki xalq arasında birgə görüşlər və layihələr nəzərdə tutulub (bu haqda daha ətraflı bax. :  www.epnk.org)

Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda  QHT-lər tərəfindən təşkil edilmiş və Ermənistandan dəvət olunmuş həmkarların iştirakı ilə konfransların keçirilməsi mümkün deyil. Son 10 il ərzində birgə görüşlər yalnız Azərbaycandan kənarda, o cümlədən  Ermənistan baş tuta bilir.

Jurnalist-tədqiqatçı Rauf Mirqədirova — Ermənistanda keçirilən konfransların və bizim erməni QHT-ləri ilə birgə layihələrimizin fəal iştirakçısına  — qarşı Vətənə xəyanət və casusluqda ittiham irəli sürülməsi  Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının bundan sonra Ermənistana səfərlərini və Azərbaycanda xalq diplomatiyası və vətəndaş cəmiyyətinin   inkişafını qeyri-mümkün edir.

P.S. Hal-hazırda R.Mirqədirov MTN-nin istintaq təcridxanasında saxlanılır. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər

üzrə Istintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski aparır. R.Mirqədirov Türkiyədən qayıdan zaman 2014-cü il aprelin 19, şənbə günü saat 17.00-da  birbaşa təyarənin pilləkanından enərkən həbs edilib. Bazar ertəsi gününə qədər o, vəkili Fuad Ağayev ilə görüşmək imkanından məhrum edilib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174