Şaxtalı və qarlı hava şəraiti davam edəcək
Fevralın ilk günündə şaxtalı və qarlı hava şəraiti davam edəcək. Bakı və Abşeron yarımadasında fevralın 1-də arabir qar yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Departamenti bildirib ki, temperatur gecə və səhər gündüz 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.
Rayonlarında fevralın 1-də arabir qar yağacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 13-18 dərəcə şaxta, 3-8 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
«Azərbaycan Dəmir Yolları»nın havaların sərt keçməsi ilə bağlı əlaqədar gücləndirilmiş iş rejiminə keçdiyi xəbər verilir. Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır.
İnfrastruktur Departamenti tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə — yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir. Reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sisteminin normal işləməsi diqqətdə saxlanılır.
Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, qrafikə əsasən bu gün Bakı-Moskva, Bakı-Ağstafa-Qazax, Bakı-Astara-Horadiz, Bakı-Böyük Kəsik, Bakı-Köçərli-Balakən sərnişin qatarları mənzil başına çatıb. Bakı-Tbilisi sərnişin qatarı isə müəyyən gecikmə ilə Bakı sərnişin stansiyasına qəbul olunacaq.
Bəzi qısamüddətli gecikmələri nəzərə almasaq, qatarların qəbulu və yola salınması müəyyən olunmuş qrafikə əsasən gedir.
Havaların kəskin soyuması və güclü qarın yağmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanının iş rejimində dəyişikliklər olmadığı bildirilir.