Salyanlı hüquq müdafiəçisi: Xəbərdar olunmuşam ki, mənim həbsimə nail olacaqlar
Salyan Demokratiyaya Yardım İctimai Birliyinin fəalı, hüquq müdafiəçisi və ictimai vəkil Tofiq Qasımov aprelin 4-də xuliqanlıq ittihamı ilə 10 sutka inzibati qaydada həbs edilib. Bu barədə Turan-a müsahibəsində birliyin rəhbəri Emil Məmmədov bildirib.
O, ittihamı qurama adlandırıb. “Əslində Tofiq Qasımovun həbsi Demokratiyaya Yardım İctimai Birliyinin üzvü olması ilə bağlıdır. Səbəb odur ki, ötən ilin dekabrında təşkilatımız adından Azərbaycan prezidentinə, bu ilin fevralında isə Prezident Administrasiyanın rəhbərinə rayondakı korrupsiya hallarının araşdırılması xahişi ilə müraciət etmişəm. Elə o vaxtdan da icra hakimiyyəti başçısı məni düşmən kimi görür, elə bir toplantı yoxdur ki, mənim əleyhimə danışmasın. Özünə yaxın adamlar vasitəsi ilə xəbərdar olunmuşam ki, mənim həbsimə nail olacaqlar”, deyə o qeyd edib.
E.Məmmədov iddia edir ki, Tofiq Qasımovdan təzyiq yolu ilə onun əleyhinə ifadə almaq istəyirlər. “Qasımova təzyiq edirlər ki, guya idarə və müəssisələrdən tələblər edib və bu tələblərin edilməsini guya mən ondan istəmişəm”.
O, Tofiq Qasımovun hüquqlarının müdafiəsinin təşkil edilmədiyini və onun vəkillə təmin edilmədiyini deyib. “Bakıdakı hüquq müdafiə təşkilatlarından Qasımovun hüquqlarının müdafiəsi üçün vəkil tutmalarını xahiş edirəm”, deyə o qeyd edib.